Məzmun
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Səhifə 5 / 32 · 13%

Cavidan qəsri. Zərnisənin otağı. Gecə.

Gecə keçmişdi, Zərnisə alçaq taxt üstündəki yatağında uzanmışdı. Cavidan isə yanındakı nimdar üstündə oturmuşdu. Çox fikirli idi, başın aşağı salmışdı.

Zərnisənin gözləri yuxarıya, tavana zillənmişdi və yuxarıdan qəsrin hansı hücrəsindəsə çalınan tənbur səsi gəlirdi...

Zərnisənin pıçıltısı eşidildi:

– Getdin... Hardasa gəncliyini tapdın... Qolundan tutub Bəzz qalasına gətirdin və indi gecələr yata bilmirsən...

Cavidan başıaşağı sanki öz-özünə dedi:

– Tək mən yox, o da yata bilmir...

Zərnisə dik atılıb yerində oturdu:

– Yoxsa elə bilirsən, mən yatıram? Yuxusuz gecələrimdən sərxoş kimiyəm, – Zərnisə ilan kimi fısıldadı, – qaytar onu, ey Cavidan, qaytar onu getsin!..

Cavidan başını qaldırdı, heyrətlə Zərnisəyə baxdı:

– Hara?

– Öz kəndinə, öz daxmasına, öz anasına ki, deyirsən çaşgöz bir qadındır.

– Heç vaxt! Və indi mən onu tək buraxsam, o məhv olacaq... Bir gün Varsan bazarında boynundan təbil asmış bir qiyamçı gördüm. Əvvəl təbil vurdu, bazar susdu. Sonra zülmə lənət oxudu və qıy vurdu ki, ey məzlumlar, arxamca gəlin, ya gərək insan bu dünyada azad olsun, ya gərək belə bir dünya məhv olsun! Məxluq bir-birinin üzünə baxaraq qalmışdı ki, hardansa çapıb gələn divan atlılarından biri at üstündən qılıncı elə çaldı ki, qafilin başı bir göz qırpımında ayağı altına düşdü...

Zərnisə pıçıldadı:

– Ey Cavidan, kimin alnında nə yazılıbsa, o olacaq...

Cavidan. Yox, tək əldən səs çıxmaz... indi ki, Əbu İmran qüvvə toplayır, sabah mən də yola düşürəm. Mütləq Mazyar ilə görüşməliyəm. Qoy dar günümüzdə Təbəristan xürrəmiləri bizə öz köməklərini əsirgəməsinlər.

Zərnisə. Mazyarın xürrəmiləri qırmızı köynəkdir, sənin xürrəmilərin ağ köynək...

Cavidan. Köynəklərimiz burda ağ, orda qırmızıdır, ulu Şirvinin ruhuna etiqadımız birdir.

Yenə yuxarıdan tənburun səsi gəldi və indi bu səslərdə elə bir həsrət dil açmışdı ki, hər ikisi susub fikrə getdilər. Zərnisə yenə yatağında uzandı və gözləri yenə tavana zilləndi:

Əvvəl tənburun bütün simləri bir-birinə səs verib oxudu, sonra sarı sim fərqanə başlamışdı ki, qırıq bir cingilti qopdu və tənbur diksinib susdu...

Cavidan. Nə oldu görəsən?

Zərnisə. Dəstgah tamamlandı, sim qırıldı.

Cavidan. Nə idi ki, çaldığı?

Zərnisə. “Səni görən gözlərim bəxtiyar oldu”

Cavidan başını çevirdi və uzun-uzadı gözlərini qapamış Zərnisənin üzünə baxdı...

Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.

Yaz səhəri idi, dərələrdən dağlara ağ duman qalxırdı.

Babək qalanın böyük darvazası ağzında dayanmışdı. Atlı və yaraqlı Cavidanı yola salırdı.

Cavidan döndü, dağdan aşağı enən atlılarının arxasınca baxdı, sonra Babəkə dedi:

– Mənzil uzaqdır, səfərim uzun çəkəcək. Əgər Amul şəhərində Mazyarı tapmasam, gərək dağlara qalxam... Sayıq ol ki, körpə oğlumu, Zərnisəni və Bəzz qalasını sənin umuduna qoyub gedirəm. Və Şirvin amanatı, ey Babək!

Babək. Ulu Şirvinin ruhu bəlaları səndən iraq eləsin, ey Cavidan!

Cavidan atını tərpətdi. Babək darvaza ağzında dayanıb Cavidan və atlıları duman içində gözdən yox olana qədər onların arxasınca baxdı...

Sonra döndü qala darvazasından içəri girdi, dik və darısqal küçələrdən keçərək Cavidan qəsrinə doğru yönəldi...

Tindən bir dəstə qız çıxdı, çiyinlərində su sənəkləri vardı, nəsrin bulağından gəlirdilər.

– Alqış və gün aydın, ey Babək, – deyə qırmızı tumanlı xürrəmi qızları Babəki salamladılar.

– Alqış və gün aydın, ey qızlar, – deyə Babək qızların salamını aldı və birdən xürrəmi qızları içərisində çadralı bir qız gördüyü üçün dayandı. – Çadralı banu Bəzz qalasında qonaqdır?

I qız. Qonaq niyə olur? Bəzz qalasında müsəlman da var.

II qız. Amma batini məzhəbdir, hamısı...

III qız. Və bizə kafir deyən mömin müsəlmanlar batinilərə də kafir deyirlər.

Babək batini qızına baxaraq dedi:

– Batinilər hələ 9 il əvvəl Həmədan qapılarındakı vuruşlarda xürrəmilər ilə qardaş olublar, amma etiqadları nədir, hələ də başım çıxmır...

Çadralı batini qızı üzünü Babəkdən gizlətmişdi və indi Babəkə cavab verdi:

– Bizim etiqadımız budur ki, Allah nə var, nə yoxdur, nə diridir, nə ölü, nə qadirdir, nə aciz, nə alimdir, nə cahil, nə dillidir nə dilsiz, nə gözü var, nə kordur, nə eşidir, nə kardır...

Batini qız nəfəsini dərəndə Babək dedi:

– Və belə bir tanrı?

– Və belə bir tanrı heç vaxt olmamışdır və olmayacaqdır, amma həmişə hər yerdə vardır. Və bizim etiqadımız bütün etiqadlardan ona görə ucadır ki...

Batini qız bir an söz tapmadı, Babək kömək elədi:

– Ona görə ucadır ki, heç kəs öz ayranına turş demir.

Və batini qız güldü, xürrəmi qızları da qaqqıldaşdılar...

...Bu vaxt qəsrin yuxarı artırmasında gəzinərək, qucağındakı körpəsini yırğalayan Zərnisə tez-tez aşağıya baxır, gözlərini yaxınlaşmaqda olan Babəkdən çəkmirdi.

Babək yuxarı qalxdı, artırmaya gəldi, Zərnisəyə baş əydi, körpəyə baxaraq gülümsədi:

– Açıq alnı, cəsur gözləri... və Cavidan nuru var üzündə...

Zərnisənin qaşları çatıldı:

– Burdan baxırdım, xürrəmi qızlarına bir deyirdin, beş gülürdün... Və çox qəribədir ki, o müsəlman qızı da üzünü örtməyib sənə nə barədəsə nitq deyirdi...

Babək. Batinilərdən idi o qız və batinilərin etiqadı barədə mənə bilgi verdi, bir az...

Zərnisənin gözlərində qara qığılcımlar alışdı:

– Bu qalada atəşpərəst də var, axtarsan xaçpərəst də taparsan. Amma o kəs ki, şux qızlardan dinlər və təriqətlər haqqında bilgi yığar, öz dini və öz imanı tez gedəcək əlindən...

Babək gülümsədi:

– Sabahın dərdinə sabah ağlarıq... Mən gəlmişdim ki, açarları aparım. Qəsrin altındakı gizli yolları hər ehtimala qarşı yoxlamaq lazımdır.

Zərnisə. Mənsiz o gizli yollarda azarsan və yaxud düşüb bir quyuda qalarsan... Qoy uşaq yatsın və deyəsən yatdı... Tut gedim açarları gətirim...

Babək yaxınlaşdı, uşağı Zərnisənin qucağından götürmək istədi və o vaxt ki, əlləri bir-birinə toxundu, nə Babək uşağı götürə bildi, nə Zərnisə uşağı verə bildi və hər ikisi ani bir diksintidən sonra bir-biri qarşısında donub qaldılar.

Zərnisə başın aşağı saldı, sükut etdi, sonra səsi titrədi:

– Vay olsun mənə, ey Babək səni görən gündən ürəyimə qarğış edirəm.

Ağır bir sükutdan sonra Babək dedi:

– Mən elə bilirdim ki, xürrəmi qızları həmişə öz istədiklərinə ərə gedib xoşbəxt olublar.

Zərnisə. Xoşbəxtlik vardı, tez qurtardı... sonra yaşlar arasındakı uçurum qaldı...

Babək. Mən taleyimə şükür etdim ki, o böyük insana rast gəldim, bu dağa qalxdım, amma bilmədim ki, burda səni gördüyüm gün, taleyim mənə meydan oxuyacaq...

Və aşağıdan gələn bir qadın fəryadından hər ikisi diksindilər. Üzünü yuxarı tutmuş bir qadın aşağıdan çığırdı:

– Zərnisə banu! Zərnisə banu! Qaynar bulaqdan aşağı Əbu İmranın adamları Cavidana hücum ediblər... qiyamətdir, qırğındır və bizdən ölən-yaralanan çoxdur...

Babək artırma başındakı pilləkənə doğru atıldı, Zərnisə arxasınca çığırdı:

– Dayan... birinci dəfə deyil... beş ildir... yay gələndə vuruşublar, qış düşəndə dincəliblər!

Babək heç bir şey eşitmək istəmədi və pilləkənlə üzüaşağı yüyürdü... gəldi zirzəmiyə endi, divardan qılınc götürdü, həyətə çıxdı, tövləyə girdi və qara kəhəri tövlədən çıxardıb, üstünə atıldı...

...Zərnisə qucağında uşağı qəsrin önündə Babəkin qarşısını kəsdi:

– Dayan ki, sözüm var...

Və Zərnisə qucağında yatmış uşağı səki qırağında yerə qoyub atın üzəngisindən yapışdı:

– Getmə, iki dağ arasındakı bu ədavətə mən səbəb oldum... və bu gecə gördüyüm qarışıq yuxum... və Əbu İmran amansız, sən ehtiyatsız... və o sirrin ki, quşu dilimdən uçdu, indi sənin ixtiyarın yoxdur ki, gedəsən və məni bu dünyada tək qoyasan...

Babək bağırdı:

– Və çək əlini sən dəli olmusan!

Sonra şiddətli bir qamçı zərbəsilə at göyə sıçrayıb irəli atılanda, əlini üzəngidən üzməyən Zərnisə atın arxasınca üzüqoylu yerə döşəndi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 saat 15 dəq
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 saat 10 dəq
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 dəq
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 dəq

Başqa şairlərin şeirləri