Səhifə 3 / 5 · 40%

Kimə deyə bilərdik bunu, ay oğul?!

Kəndlərdə cəmaatdan məktub, şahid-filan yığdıq ki, biz ədalətli adamlarıq, kasıb pənahıyıq. Sağ olsun ki, Qılınc Qurban da dil yetirdi. Köhnə bolşevikləri, ağsaqqalları yığdı başına, o “Kişi” deyilənə teleqram vurdu. Sağ qaldıq biz. Çox gizlin elədilər qırğınları, tutquları, sürgünləri.

Müharibə qurtaralı təzədən başlayıblar. Bakını materialnan doldurduqları bəs deyil, indi də Çax-çux Xalıqın atını kişmişnən yükləyirlər ki, “Get kəndlərdə sat, arada da söz yay ki, kişmiş özümün deyil, o taydan Ağ Əmirnən Boz Əmirin oğulları öz əmiləri Sultan Əmirliynən Mədəd Əmirliyə göndərirlər, qorxuram söz çıxar, ləkə gələr Əmirlilərin adına, taqsırı məndə görərlər, öz adıma çıxaram kişmişi, satıram. Pullarını özlərinə verəcəm: Həqiqətən Sultan Əmiyin stolunun üstünə yığın-yığın pul qoyurdu cəmaatın gözünün qabağında, “Sizə çatacaq”, – deyirdi. Başa düşürsənmi? Yəni dövlətlidilər Ağ Əmirnən Boz Əmirin oğulları, dövlətli olduqlarına görə də guya şaha qulluq eləyirlər, o tay, bu tay Azərbaycanın birləşib əsarətdən qurtarmağını istəmirlər.

Əslində, özləri, başda bu Bığlı¹⁴ dəridən çıxartdılar ki, o tay Azərbaycan farsın əlində qalsın, bu tay Azərbaycan Rusun əlində, Borçalı, Başkeçid Gürcüstanın əlində, İrəvan çökəyi, Zəngəzur, Göyçə, Dilican dərəsi Erməninin adına yazılsın... Bil bunları da! Bil! Danışma ha! Lal-kar ol! Xüsusən var-dövlətimiz, mədrəsəmiz-filanımız barədə lal ol! Bayaq dedim, bir də deyirəm, unutma, bizi həməşə varidatın başından aşan sinfi düşmən qələmə verirlər.

– Bil! Uşaq deyilsən daha, onillik qurtarırsan, gör cəmaatın gözünə necə kül üfürürlər, kor eləyirlər ki, sabahları əminnən mən “ifşa olunanda”, partiyadan çıxarılıb həbsə alınanda ədalətsizlik kimi görünməsin bu, əvvəlcə cəmaat elə özü desin ki, belə də olmalıydı, şahnan əlaqədəydilər, xalq düşməniydilər!.. Dost da Şura hökumətinin adından danışır, düşmən də. Cəmaat seçəmmir yaxşını yamandan. Sən seçməlisən! Oğlumsan! Bilməlisən ki, hümmətçi, yəni Nərimanovçu kommunistlər deyirlər bizə. Millətçi deyirlər, əmma millətçi deyilik biz, inşallah, biləcəksən ki, biz bütün bəşəriyyətin qeydinə qalan “Dəlilərdənik”. “Dəli” pis söz deyil. Vaxtı çatanda biləcəksən.

¹⁴ Stalinin ləqəbi.

Bir şeyi də açmalıyam sənə. Özlərini Leninçi bolşeviklər adlandıranlar Moskvada kök salıb bizim ara-bərələrimizi casus agentlərnən doldurublar, biz hümmətçiləri xəlvəti qırıblar həmişə. Stalin niyə yol verir belə şeyə? Dedim Stalini də tanımırsan sən hələ. Sultan əmin danışacaq özü sənnən, başa salacaq hər şeyi.

Əmin Sultan indiyəcən evlənməyib. Niyə? Bilirsən?

Qılınc Qurbanın bacısı Qıymat hələ biz Bakıdan gələn vaxtdan vurğundu əminə. Qıymat da bir Qıymatdı. Nə gözəllikdə tayı-bərabəri var, nə də ağılda-kamalda. Əmma evlənmir əmin. Fədai sayır özünü, ailə, oğul-uşaq istəmir. İyirmi ikinci ilə qədər, nə qədər ki, Ağ Əmirnən Boz Əmirin səsi gəlirdi o taydan, hər il gedib Arazın üstündə Culfa körpüsündə fədailərnən görüşürdü, məsləhət verirdi. Kitab paylayırdı. Sirr açırdı: “Əmirlilər deyilik biz. Dünyaya Kainat elmi yayan AdıPünhanlarıq. Muğanna adlanan gizli nəsildənik. Kitabları oxuyun, görün “leninçi kommunist” adlananlar kimlərdi, “Muğanna” adlananlar kimlərdi!.. Çox sirrlər, həqiqət açırdı Sultan əmin fədailərə.

Milli hökumətimiz yıxılsa da, fədailər sağdılar o tayda. Bu taya keçib başqa şəcərəynən-familiyaynan yaşayanlar da çoxdu.

Onlardan dərs alacaqsan sən. Əmma unutma ki, əsil fədailik silahlı mübarizədə yox, şüurlara həqiqət yetirməkdədi! Yəni Şeyx Məhəmməd Əmir, Ağ Əmir, Boz Əmir əməlindədi fədailik.

Çox çətin sözlər deyirəm bu gün sənə, oğul. Belə lazımdı. Çoxunu sonralar dərk eliyəcəksən... Ürəyimə damıb, axıracan atalıq eliyəmmiyəcəm sənə. Başımı yeyəcəklər. Özü də lap tez ola bilər bu iş. Tale özü gətirib səni bu gün bu kabinetə, oğul. Qulaq as. “Vəsiyyət yüngüllükdü” deyiblər. Cəmisi iki şey deyəcəm sənə. Eşit, sonra da otur burda, çıxma heç yana. Peçi qalamışam, istidi otaq.

Otur, burdaca fikirləş, yaddaşına həkk elə sözümü.

Rəhmətlik anayın bir az saxlancı var sandığında. Götürərsən onu, heç kəsə heç nə deməzsən, bilet alıb birbaşa gedərsən Bakıya. Sultan əmin deyəcək kimin yanına getməlisən Bakıda. Generaldı. Ona da “AdıPünhan” deyirik. Sazı sinəsinə alandaca enir-qalxır sinəsi, gözləri dolur: “Koroğlunun çən qalası, ərşə dayanıb naləsi...” “Familiyasını da deyim: Məhərrəmovdu. Bizim bu tərəflərdəndi. Qohumluğumuz da var... Ola bilər Məhərrəmovun özünün də başı əlində olmasın. Lap hamballıq elə, əmma oxu, təhsil al! Bu bir.

Çörək dalınca qaçma, bilik dalınca get. Cibini yox, bu sinənin altını doldur ki, eşqin olsun sinədə, eşqnən yaşa bu dünyada, daha Xalıq-malıq kimi titriyə-titriyə, ölə-ölə yox!

Bilikdi eşq. Məarifdi eşq. Dünyəvi, hərtərəfli dərin alimlikdi eşq.

Elm bir də eşq. Budu vəsiyyətim. Vəssalam.

İndi götür bu şəkilləri.

Sultan əmin partbiletinin arasından çıxartdı verdi mənə bu şəkilləri, mən də sənə verirəm. Özü də ümidnən verirəm ki, vaxtı çatanda sən də partbiletiyin arasında gəzdirəcəksən bu şəkilləri.

Eşit, unutma! Leninin köməyinə ehtiyacımız olmasaydı, biz girməzdik bu partiyaya. Bayaq dedim əsas nöqsanını bu partiyanın: bəşəriyyəti parçalamaq olmaz! Qan tökmək, düşmənçilik yaymaq olmaz! Çox pis olar bunun axırı, oğul. Çox pis! Əmma girdik bu partiyaya. Çünki fikri-fikrimizdən, ürəyi ürəyimizdən Nərimanov vardı bu partiyada. Lazım gələndə Bolşeviklərdən ən nüfuzlu adamları doğru yola çağırırdı. Əslində, elə əmilərin də istəyirdilər ki, Bolşeviklərdən ayrılmayaq. Əmma gülürdülər, məsxərəyə qoyurdular ikimizi də: “Bizim şəkillərimizi yapışdırın firqə biletlərinizə, həqiqi kommunist olun”, – deyirdilər. Yəni həqiqi kommunizm ayrı cürdü.

İyirmi səkkizinci ilin yazında, axırıncı dəfə o taya gedəndə Qəsri-Qacar zindanında görüşdüm o rəhmətliklərnən.

Yekə, qalın qapısı var o zindanın. O qapıdan sol tərəfdə lap dar dəhliz var. Dəhlizin o başında, deyilənə görə divarın qalınlığı yarım metrdi. Bilirdim ki, o başdakı lap dar qəfəs kimi yerlərdə saxlanan adamlar sağ çıxmırlar ordan. Buna görə özüm-özümə söz verdim ki, işıqlı sözlər, şad xəbərlər danışacam, heç olmasa beş-on dəqiqəliyə qəmləri dağılsın. Dedim oğlum olub. O rəhmətliklər qoydular sənin adını. İki mənası var “Səməd”in. “Sin”nən, yəni incə “s” hərfiynən yazanda “ehtiyacı olmuyan” deməkdi, yəni “azad”. “Sat”nan – qalın “s”nən yazanda “əbədi” deməkdi. Ərəbcədi bu. Əsli – OdƏrcəsi SimOddu “Səməd”in. Sim həm Ağ – SafAğ deməkdi, həm də Uca. Od – həqiqətdi. SimOd – Uca həqiqət deməkdi. Yadında qaldımı? Bir də deyirəm: “Səməd”in əsli – OdƏrcəsi SimOddu. Elmimizə görə, “Səməd” – SimOd adı daşıyan adam Uca həqiqətə, SafAğ Elminə qulluq eləməlidi. Elmə qulluq eləmək üçün isə, SimOdun işi cəmaatnan olmalıdı, çünki “cəmaat” kəlməsinin əsli – OdƏrcəsi də SimOddu. Ərəblər Simə, uca olana – Kainata “cəm” deyiblər, həm elə “cəm olan” mənası veriblər, həm ağ, yəni “gümüş”, yəni təmiz mənası veriblər, “at” kəlməsini isə qonşuları qreklərdən alıblar. Qrekcə həm “at”, həm də “ki” “od” mənasındadı, Yerdəki odalov mənasında, bizim həm Yer odu, həm də Kainat Odu – həqiqət mənasını Qreklər kimi, Ərəblər də unudublar. Bunlar heç. Sonralar dərs keçəcəksən, biləcəksən hamısını. Hələlik bircə bunu yadda saxla ki, “Səməd” – SimOd – Uca həqiqət mənasında olduğuna görə, SimOdnan cəmaat əlbir işləməli, əlbir yaşamalıdı... Əmilərin dedilər böyüyəndə de kimlər qoyublar onun adını, mənanı anlat, bilsin...

Sədr Mədəd ömründə birinci və axırıncı dəfə oğluna bu qədər sirr açdı, “hoppanan” oğlunun necə tərpənməz qaldığını, qızıl-qırmızı ikən necə ağbəniz olduğunu görsə də susmadı, yəqin ki, doğrudan da “ürəyinə damdığına” görə vəsiyyət eləyib, kabinetindən və idarədən çıxdı, o vaxt rayonlarda məsul işçilərə paylanan, biri də gəlib buraya – Qonaqlıya düşən “Villis”ə minib, qəzəbini, kinini motorun gurultusu, nəriltisi ilə bütün kəndə yaya-yaya, Ortayolla üzü aşağı Xalıqın həyətinə sürdü, vurub kötüyü aşırdı, daşı-tərəzini, kişmişi dağıtdı, evlərin, töylələrin, ot tayalarının ara-bərəsində maşının yanınca yüyürə-yüyürə nə isə deyən “dəllal köpəyoğlunu” söyə-söyə yenə Ortayola çıxıb, rayon mərkəzinə tərəf getdi.

Və Səməd bir daha atasını görmədi.


Kənddən aralanıb meşə yoluna burulanda, dümdüz yerdəcə maşın aşmışdı. Cəmaat uzun, arası kəsilməyən siqnal eşidib hadisə yerinə töküləndə kişinin hələ nəfəsi üstündə imiş, siqnalı basan da özü imiş. Cəmaatı görüb əlini siqnaldan çəkəndə nə isə demək istəyib. Əmma “dili yoxuymuş” daha. Sultan əmi xəbər tutub gələndə isə “meyid soyuyubmuş”.

Sultan əmi sarğını açıb, qardaşının gicgahında partlamış yerə baxıb ağlamaq əvəzinə elə hey köksünü ötürürmüş. “Yaran nə dərindi, dadaş” – deyirmiş və hərdən ondan-bundan soruşurmuş ki, niyə danışmırsınız, belə dümdüz yerdə maşın niyə aşıb, necə olub ki, bədənin heç yeri zədələnməyib, təkcə gicgahı bu cür partlayıb-dağılıb?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 dəq
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 dəq
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 dəq
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 dəq

Başqa şairlərin şeirləri