Süleyman padşahın xəzinəsi 1
Səhifə 4 / 5 · 60%
Sultan əmiyə heç kim heç nə deyə bilməyib. Ancaq NKVD Gülənovun “zaklyuçeniyasi¹⁵”ndan sonra aydın olub ki, “Sudüşən yerlə meşənin arasındakı nəmişlikdə Mədəd Əmirli rulu kəskin şəkildə sola burduğuna görə maşın aşıb və aşarkən sağ qapının yuxarı küncü Mədəd Əmirlinin sağ gicgahına batıb, çoxlu qan axmasına və qanaxma nəticəsində ölüm hadisəsinə səbəb olub”.
Bütün bunları Səməd hamıdan sonra bildi. Atasının köhnə yoldaşı, Qonaqlının partkomu Cəfər əmi – Lüt Cəfər onu elə orda – kabinetdə, oddan qızarmış dəmir peçin yanındakı nazik taxtda üzünü qəbirlərin başdaşlarının şəkillərinə söykəyib yatan yerdə tapıb oyatdı.
– Qalx, oğlum... Bədbəxtlik olub... Atan avariyaya düşüb, – dedi.
Sonra qoluna girib, “uzun, arası kəsilməyən siqnal”dan “zaklyuçeniye”yə qədər, hər şeyi yerli-yataqlı danışa-danışa və nədənsə, tez-tez “qəsd işi yoxdu”, “qəsd işi yoxdu”, – deyə-deyə onu hadisə yerinə apardı. Bu vaxt nə maşın orda idi, nə meyid, nə cəmaat. Qan tökülən yeri torpaqlayıb, dövrəsinə qaratikan yığmışdılar ki, “qanı tapdalayan olmasın”. Qaratikan yığınının yanında bir saqqız ağacının döşünü balta ilə çapıb hamarlayıb, qızmar dəmirlə iri-iri qara hərflər basmışdılar: “Mədəd Əmirli burda həlak oldu. 23 dekabr 1946-cı il”.
Nə qədər ki, yaxınlaşıb yazını oxumamışdı, Səməd elə bil hələ də yuxulu idi, ayaqlarını yerə basdığını da hiss eləmirdi və hətta Cəfər əmi – Lüt Cəfərin qəribə pıçıltı ilə danışdığı təfsilata da bir növ laqeyd idi. Saqqız ağacının üç addımlığında dayanıb o yazını oxuyanda isə birdən-birə boğulmağa başladı.
İçərisi sökülüb gəlib boğazına tıxanmışdı, boğazından qaynar qurğuşun qalxıb dəhşətli ağrı ilə başına-beyninə, gözlərinin çuxurlarına dolurdu, bir şey görməyə qoymurdu. Bu vəziyyətdə hardansa, lap yaxından ayaq səsləri eşitdi. Atasının çəkmələri idi, saqqız ağacının altındakı tapdanmış yerdən o yanda xəzəli, çör-çöpü əzə-əzə, ağır-ağır cırıldayırdı. Səmədin canından alov qalxdı. O an da alov buza döndü... Bu nə deməkdi?! Sağ idi atası?!. Səməd titrəyə-titrəyə, güc-bəla ilə gözlərini açdı. Ağacların qaraltıları arasında, kimsəsizlikdə heç nə görmədi. Sonra lap yaxında Sultan əminin boz kitelini gördü.
¹⁵ Zaklyuçeniye – hadisə haqqında rəsmi nəticə – rəy.
Kitelin sağ-solunda Qonaqlının qəlyanlı qocalarından Çürük Aşıqla Xızr Abının qaraltılarını gördü. Sonra qaranlıq çökdü.
Müharibə illərində, gecəli-gündüzlü, aramsız işlərdə yorulub taqətdən düşəndə, hərdən Sultan əmi belə zülmət içində, qardaşının qapısında səslənərdi: “A kolxoz sədri, yenəmi nöyüdün yoxdu? Neyniyək indi? Gözədürtmə oynuyaq, yoxsa bir-birimizin üzünü görmək üçün bir işartı tapaq?” Sədr Mədəd katib qardaşından yaşca böyük – ağsaqqal sayılsa da, dərhal əl-ayağa düşərdi, ya neft tapıb lampanı yandırardı, ya da ocaq qalayardı ki, “doğrudan da heç olmasa gecələr bir-birimizin üzünü görək”. Neft tapılana və ya ocaq qalanana qədər Sultan əmi onu – Səmədi çağırıb “dizinin dibində” oturdardı, nə qədər üzgün düşsə də, gümrah danışardı: “Hə, de görək, qardaşoğlu, harda oxuyacaqsan, nə olacaqsan?” Bu onun hər dəfə təkrar elədiyi daimi sual idi. Səmədin cavabı da daimi idi: “Partiya məktəbində¹⁶ oxuyacam, Sultan Əmirli olacam”. Əmisi ləzzətlə şaqqanaq çəkərdi: “Partiya məktəbinə ağzı qatıqlıları götürmürlər axı, qardaşoğlu. De görüm ağzıyın qatığını necə siləcəksən?” Bu sualın da cavabı çoxdan hazırdı: “Əmimin nəzarəti altında, ikiillik ali-orta institutun tarix fakültəsini qurtaracam. Sonra yenə əmimin nəzarəti altında, əmimin öz yanındaca təlimatçı olacam. Azı üç-dörd il işləyib, bişib-bərkiyəcəm. Sonra elə əmimin özündəncə xasiyyətnamə alacam, o xasiyyətnaməynən ağzımın qatığını silib, girəcəm partiya məktəbinə...” Sultan əmi də, Səməd özü də, atası da yaxşı bilirdilər ki, müharibə illərinin qaranlıq gecələrində dönə-dönə təkrar olunan bu söhbət nə qədər zarafatyana idisə, bir o qədər də ciddi idi, elə ciddiliyinə görə də axırda Sultan əmi mütləq kövrələrdi: “İki qardaşın bircə balasısan sən, qardaşoğlu. Varlığımı sənin yolunda qoyacam, bircə bala!..” “Dədənnən məsləhətləşmişik. Vaxtı çatanda bir sirr açacam sənə. Hələlik bircə bunu bil ki, o Çax-çux Xalıqın-filanın dilində bir kəlmə var: “xəzinə”. Bizdədi o xəzinə, bircə bala, Süleyman peyğəmbərinkidi. Yalan demirəm. Vaxtı çatanda yerini deyəcəm. Ağzıyın qatığını siləndən sonra dünyanın ən varlı bir kişisi olacaqsan, bircə balam. Əmma bir şərtimiz var: dilini dişinnən tut. Xəzinəsi olan adam ağzına qıfıl vurmalıdı ha, bircə balam” – və sairə. O qaranlıq gecələrdə Sultan əmi nələr, nələr danışmışdı! Axırda da hökmən təkrar edərdi: “Varlığımı sənin yolunda qoyacam, bircə balam!”
¹⁶ Marksizm-Leninizm əsaslarını, dialektik, tarixi, fəlsəfi materializmi mənimsəyən “xüsusi hazırlıqlı” partiya kadrları hazırlayan ikillik məktəb.
Çəkmələrin cırıltısı yaxınlaşıb kəsiləndə, Səməd əmisindən yenə məhz o sözləri eşitmək istədi. Səbr, təsəlli mümkündüsə, ancaq o sözlərlə mümkün ola bilərdi. Əmma... Əmma... Bu nə idi belə – Sultan əmi yoxa çıxdı! Sultan əmi əvəzində tamam başqa bir adamın yadyoğun, nəriltili səsini eşitdi. Bu yad səsin dediyi sözlər də yad idi:
– Meyidin üzünü açma... Xahişimiz bircə budu səndən, açma meyidin üzünü... qəsd işi yoxdu. Özüm şəxsən yoxlamışam, dəqiq müəyyənləşdirmişik. Əmbə açma. O şeyi ki, biz görmüşük, istəmirik sən də görəsən...
Nəyi? Həmin “sağ gicgahda” dərin yaranı?..
Boğula-boğula, qarala-qarala çalışıb bir də baxanda Səməd başa düşdü ki, nə cırıldayan çəkmələr o çəkmələrdir, nə də boz kitel o kiteldir; cəmaatın “NKVD Gülənov” dediyi milis rəisi Gülənovdu, qəlyanlı qocaların qaraltıları arasında, nəhəng qarnını irəli verib, qıp-qırmızı damarları görünən alma gözləri və dəhşətli-boğucu çaxır qoxusu ilə ilk baxışdan nifrət doğururdu. Əmma bu nifrət yalnız görkəmə görə deyildi, “NKVD Gülənov” açıq-açığına “Əmirlilərə düşmənəm” – deyən adamın – lopa qara bığlı ikən “ağsaqqal sayılan Qudalı Rəhimin ən yaxın dostu, deyilənə görə hətta qohumu idi və üstəlik, Əmirliləri “daprosa” – istintaqa çəkənlərdən sayılırdı: atasının danışdığı “dapros” əhvalatı əvvəllər də ordan-burdan qulağına dəysə də, “ərköyün sədr oğlu” buna, demək olar ki, heç əhəmiyyət verməmişdi. Burada birinci dəfə açıq nifrətlə baxıb, üzünü döndərib getdi.
Ayaqlarının altında yer dəniz dalğası kimi qabarıb onu da qaldırırdı, enib onu da endirirdi, sağa qaçıb onu sola itələyirdi, sola qaçıb onu sağa itələyirdi. Bu cür gedib hardasa uzun, qapalı bir tabut gördü, tabutun qapağının hər küncündə bir mismar işıltısı gördü.
Yönəldi ki, qapağı qaldırsın, açsın, baxsın, qucaqlasın, hönkürsün. Yenə çəkmə cırıldadı, yenə boz kitel bozardı, yenə “açma” deyildi:
– Açma, bircə bala, açma...
Bu dəfəki səs əmisinin səsi idi, boz kitel də əmisinin kiteli idi. Nədənsə əmisi də Gülənovun sözlərini təkrar etdi:
– Qəsd işi yoxdu, – dedi.
Xeyli susub bir də:
– Qəsd işi yoxdu, – dedi.
Əmma Səməd bu səsə tabe oldu, bu kitelə sığındı və eynilə Cəfər əmi – Lüt Cəfərin dediyi kimi tez-tez köksünü ötürən əmisinin hənirində elə bil min il həsrətində olduğu hənir tapıb, o tapıntıdan yapışdı.
O tapıntı ata həniri idi.
Sədr Mədəd Səmədlə bir süfrədə çörək yeyəndə, Səmədlə yanaşı çarpayıda yatanda Səməd elə o hənirlə isindiyini bilməmişdi. “Yetdiyinə yetib, yetmədiyinə bir daş atmağının”, “hoppanmağının”, “qaynamağının” da elə o hənirdən olduğunu başa düşməmişdi. Hər şeyi indicə, o həniri əmisində tapandan sonra başa düşdü. Gözlənilməz itkinin dərdi gözlənilməz tapıntının sevincinə qarışdı. Hönkürtünün içində südəmər uşaq gülüşünə oxşayan gülüş titrədi. Gülüş yox, Qonaqlıda buna “oxranma” deyirdilər. Bütün günü anadan ayrı, mələr qalıb, axşamlar analarının üstünə cuman körpə quzular, oğlaqlar belə oxranırdılar. Bütün günü “yasli”də göynəyə-göynəyə qalıb, axşamlar analarının məmələrindən qoşa əllə yapışıb titrəyən “yasli” uşaqları belə oxranırdılar. Dərd içində tapdığı xoşbəxtliyi Səmədi o dilsiz körpələr, o quzular, oğlaqlar kimicə oxrandırdı. Duzlu göz yaşlarına qarışan ana südündən nə əmələ gələrsə, Səmədin dərdinə qarışan əmi-ata hənirindən də elə bir şey əmələ gəldi. İndiyə qədər ancaq ad-sanı, şan-şöhrəti ilə fəxr etdiyi əmisini Səməd belə sevdi.
Bu məhəbbət bir saniyədəcə Səmədin qanına-canına hopdu. Başına, beyninə, gözlərinin çuxurlarına dolmuş qurğuşun birdən-birə yumşalıb, əriyib tökülməyə başladı.
Ətrafda uğultu eşidildi: hamı, hamı hönkürürdü.
Sonra birdən hərəkətə gəldilər.
Qapağının hər küncündə bir mismar işıldayan tabutu qaldırdılar, axşamın sazağında nəfəsləri buğlana-buğlana aparıb, Qonaqlının günbatanında, təpə belində, Sura Əmirlinin baş daşı aylı-ulduzlu¹⁷ qəbri ilə yanaşı qazılmış qəbirin yanında yerə endirdilər.
Qəlyanlı qocalardan biri – Xızr Abı quyu kimi qaralan dərin qəbrin baş tərəfində çöməlib hərəkətsiz qaldı, qalan qəlyanlılar – Çürük Aşıq, Təftiş Abbas, Möhsün kişi, bir də bu ətrafdakı üç para kənddə məşhur olan, xəlvətdə “Erməni mollası” ləğəbilə adlandırılan Gülənoğlu Molla tabutun qapağının bir tərəfini qaldırıb, orda – gizlində nə isə vacib iş başladılar.
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-suleyman-padsahin-xezinesi-1
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!