Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Əmir İnanc nə qədər qaba və şüursuz olsa da, yenə Şərqdə baş verən siyasi hadisələrin incəliklərini bir-birindən ayıra bilirdi. Beynəlxalq vəziyyət onun şəxsi həyatını da qorxu altına salmışdı. Şərqdə böyük bir hökumət təşkil etmiş səlcuq xanədanının sönməsi Şərqin siyasi vəziyyətini alt-üst etmiş və Şərqin coğrafi vəziyyətində bir çox dəyişikliklər yaratmışdı. Hökumətin səlcuqilərdən Eldəniz övladına keçdiyi zaman böyük bir səltənət qurmaq imkanını əldə edə bilməyən Xarəzmşah Əlaəddin Təkişi səlcuqilər məmləkəti hesabına olaraq məmləkətini genişləndirməyə başlayırdı. Artıq səlcuqilərin nüfuzu təsirində yaşayan xəlifə Xarəzm şahlarının nüfuzu altına keçirdi. Əmir İnanc öz hökmranlığında qalmaq üçün xəlifənin yardımına arxalana bilmirdi. Buna görə də o öz-özünə: “Xəlifənin mənim kimi yüzlərcə kürəkənləri vardır, – deyirdi. – Xəlifənin minlərcə cariyəsindən doğulan qızların hər birisi mənim kimi bir adamın evindədir. Kim bilir! Bəlkə, xəlifə Safiyə adlı bir qızı olduğunu tamamilə unutmuşdur? İndiki zamanda xəlifənin cariyələrdən doğulan qızlar barəsində düşünməyə vaxtı vardırmı? O, qızlarını hakimlərə verirkən hakimlərə kömək etmək məqsədilə yox, onlardan kömək almaq fikrini daşıyırdı. Bir halətdə ki, bir kömək ala bilməyəcəkdir, o zaman nə üçün də mənim qeydimə qalsın”.Əmir İnanc bu cür düşünməyə haqlı idi, çünki Nurəddin vasitəsilə öz qayınatası xəlifə Müstərşidbillaha göndərdiyi məktuba cavab ala bilməmişdi. Əmir İnanc çox düşündükdən sonra öz-özünə cavab verirdi: “Xəlifə nə etsin? Onun ruhani nüfuzu da sönməyə başlamışdır. Ölkələrin hakimləri özlərini padşah elan edir. Misirdə böyük bir səltənət quran fatimilər süqut etməklə yerinə əyyubilər xanədanı keçir, xəlifənin son nüfuzunu qırmaq üçün əyyubilər Fərat və Dəclə sahillərinə qədər enirlər. Eldəniz oğlanları İraq, Fars, Rey və sair ölkələri qarmalamaqdadırlar.
İkinci hissə, 3Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.
XXVIGecənin yarısı idi. Şəhla xanım qollarını qu tükündən olan nazbalışa sərdiyi halda fısafısla yatmışdı. Bu əsnada zəng arası kəsilmədən çalındı. O, qollarını çəkib əsnədi, qulaq verdi. Zəng aram eləmirdi. O, ayağa qalxıb zərli xələtini geydi, qulluqçu qadını oyatmadan qapıya özü ehtiyatla yanaşıb:– Kimdir? – deyə soruşdu.
Polis paltosuTalış-xanın ürəyini söz dəlirdi. Özü də söz saxlamıyan bir adam, elə istiyirdi ki, qarşısına çıxana açıb, dərdini desin. Bir də xan fikir eliyirdi: «Hər sözü adam özgələrə deməz. İşdir, birdən gedib qubernatın qulağına çatar, onda... onda nə olacaq, adamı elə itirərlər ki heç yeri, yurdu da mə’lum olmaz».Xan özünə bir az öyüd və nəsihət verirdisə də, ürəyindəki söz ona sakitlik vermirdi. «Yoxsa arvada deyim-xan yenə özü ilə söhbət edirdi: arvad gedib, mənim sözümü özgələrə deyib, sirrimi açmıyacaq ki, qubernat da məndən kəm iltifat olsun. Deməz... ağzı da nədir desin; bir dəqiqə də nəkərlərə öldürdüb, meyitini itirdərəm».
ZırramaGünortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdən:– Molla əmi, yəqin ki, məni tanımırsan?
Saray ehsanıAtabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...
Gödək Nisə qırx adamı bir-birinə necə qırdırdı...Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.
Ovçu QasımOvçuların yalan danışmaları hər bir yerdə məlumdur. “Ovçu yalanı” zərbülməsəldir. Bununla belə, vay o şəxsin halına ki, ovçunun hekayələrinə inanmayıb başını bulaya və yainki çiyinlərini qısa, yaxud dodağı altında təbəssüm edə; ovçu o saat inciyib daha hekayətlərin dalısını söyləməyəcək və deyəcək:– Doğrudur, ovçu çox yalan danışan olar və mənim yoldaşlarımın arasında da qurama-qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm.
Millətpərəstlik zamanıdırHamı deyir camaatımız nadan və qafildir. Bəli qafildir. Həqiqətdə o qədər qafildir ki, xırda bala kimi öz xeyir və şərini belə qanmır.Hətta nadanlığın, korluğun verdiyi sərməstlik və sərsəmlik ilə çox vaxt öz əli ilə özünü kəsir, canına qəsd edir də yenə xeyiri olmur. Ələlxüsus, camaat hüququnun mühafizəsinə ən ziyada çalışacaq bu zamanda özlərinin qanını əmib soran, özlərinin səfalətinə bais olan zalım hakimlərə, fitnəkar pişvalara, düşməni-hürriyyət ağalara kömək edib zülm və istibdadın artmağına ən ziyada özləri səbəb olurlar da yenə fərqinə varmırlar. Amma bununla belə deyə bilməm ki, camaatımız həmiyyət, qeyrət və namusi-milliyyədən bütün-bütün məhrumdur.
Fəxrəddin və SəbaDilşadın həbsə alınması xəbəri hər kəsdən artıq Səba xanımı şadlandırdı. Fəxrəddin Dilşadın tərəfindən və Səba xanımın əli ilə yazılmış saxta məktubu neçə gündü ki, almışdı. Məktubda “Səba xanımla görüşüb təfsilatı ondan soruş” yazılması Fəxrəddini heyrətə gətirmişdi. O, Dilşadın ətrafında bədbəxt bir hadisə oynanıldığını yəqin etdiyindən, Səba xanımla çox tez görüşməyə tələsirdi. Səba xanım bunu hiss etdiyi üçün Fəxrəddinin gözünə görünmür və onun görüş üçün maraq və həyəcanının artmasına çalışırdı. Lakin Dilşad həbsə alınandan sonra Fəxrəddinlə görüşmək üçün əlverişli bir fürsət ələ keçdiyini anladı və bu məqsədlə axşam çağı bütün zinətlərini üstünə taxaraq saraydan çıxdı. Fəxrəddinin çinarların kölgəsilə keçərək, saray qapısına baxdığını gördü və etina etmədən keçib getdi.Neçə günlərdən bəri Səba xanımı görmək üçün bütün vaxtını sərf edən Fəxrəddin Səba xanımı dərhal tanıdı. O, Səba xanımı bir neçə kərə görmüş, hətta onun sevgiyə dair tələblərini də eşitmişdi. Buna görə də Səba xanımı izləməyə başladı. Çox uzun-uzadı və dolaşıq küçələrdən keçib getdilər. Fəxrəddin cümə axşamı olduğunu bilmirdi, buna görə də Səbanın bu qədər uzun yolları getməsinə heç bir məna verə bilmirdi. Nəhayət, onlar qəbiristana gəldilər. Səba xanım Şeyx Salehin məqbərəsinə girib, ziyarətnamə oxumağa başladı. Fəxrəddin də onunla yan-yana durmuşdu.
İkinci hissə, 5Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.
XLVIIIŞəhər kənarındakı klub oğlanla dolmuşdu. Bu gün burada mühazirə olacaqdı. Komsomol komitəsinin katibi Əhmədov bu mühazirəyə qulaq asmaq üçün aktivdən ətraf kəndlərə göndərmiş, komsomolçularla birlikdə başqa gənclər də çağırtdırmışdı. O bu yığıncağı xüsusi səylə təşkil etmişdi. Əhmədov hamının toplandığını görərək salon tərəfdən pilləkən yuxarı səhnəyə qalxıb, stolun arxasına keçdi, əvvəlcə qırmızı örtüyü çəkişdirib onun ora-burasını düzəltdi, dolu su qrafinini ortadan bir kənara qoyub balaca zınqrovu əlinə alıb səsləndirdi:– Yoldaşlar! – deyə komsomol katibi, göz gəzdirib salonun diqqətini topladı, sonra əlini geriyə daranmış şəvə saçlarında gəzdirib səsini ucaltdı: – Bizim bugünkü mühazirəmiz yeni sovet adamının, daha doğrusu, gənclərimizin mənəvi saflığı haqqında olacaqdır!.. Ancaq mən, mühazirədən qabaq sizin bura toplanmağınızdan istifadə edərək, bir müqəddimə kimi, sizə bir neçə kəlmə demək istəyirdim!.. Bizim raykom komsomol, son zamanlar özünə görə bir neçə təşəbbüslər etmiş, gələcəkdə də edəcəkdir. – O, qrafindən stəkana su tökdü, içmədən bir kənara qoyub davam etdi. – Biz məhəlli təsərrüfat şöbəsinin, yəni kommunxozun işinə, mütəşəkkil surətdə, dörd yüz yetmiş nəfər gəncin ongünlük, sabahdan axşama qədər fədakar köməyini düzəldib hov vermişik! Belə ki, stansiya arxını dəhnədən düzəldib, o sıldırım göy qayanı çarpanaq-çarpanaq çapıb, əbədilik daş novu salmışıq ki, su da o nova gəlir! Bizim komsomol da elə bir yoldaş olub ki, Fərhaddan da yaxşı külüng çalıbdır!.. Nədən ki, hər ilin selli baharında bu şəhər ayağı qıjıltılı çay köpüklənib kükrəyir, dağlar aşağı qollu-budaqlı ağacları süpürrəyib gətirir, bu dəhnəni də sil-süpür eləyib Araza aparır... Amma indi əgər bütün Qafqaz dağlarının seli toplanıb bura gəlsə, bu dəhnənin yanından qanadlı bir yel olub ötə bilməz? Niyə? Çünki bizim komsomol ordusu tər töküb zəhmət çəkmişdir! Niyə? Çünki demişik ki yoldaşlar, qoy bizim bu şəhərimizin gecəsi də gündüzü kimi çıraqban olsun!.. Qoy hər bir yandan kəndlər boylanıb bura baxanda görsünlər ki, doğrudan da bizim şəhərin gecəsi necə də çilçıraqban içində parıldaşır!..
Azərbaycanda Zərdüşti adətləriAZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.
Taxıl həkimiİki il bundan qabaq Pirsaqqız kəndinə, Həsənbəygilə qonaq getmişdim. Yazın axır ayı idi. Havalar gözəl keçirdi, tez-tez yağış yağırdı və göy ot dizdən yuxarı qalxmışdı. Taxıllar da çox yaxşı idi. Və hamısından da xoşbəxtlik bu idi ki, Pirsaqqız kəndinin ətrafında çəyirtkə görsənmirdi.Amma, – necə ki məlumdur, – əkinçi həmişə başıbəlalı olur və az-az ittifaq düşür ki, onun əkin-tikininə bir yandan bir afət və bir bəla toxunmaya.
Düşənbə günüCahan Pəhləvan anası Möminə xatunun xüsusi kərpicdən hörülmüş hasarın içərisindəki məzarını ziyarət etdikdən sonra saraya təşrif gətirdi və yuyunub dincəldi. İlk sərəncamı bu oldu ki, Naxçıvan əhli gərək atabəy-əzəmə təzədən üç gün matəm saxlasın. O, bunu bir hökmdar kimi deyil, bir oğul kimi özünə borc bildi. Və şəhər rəisindən, saray ərkanından hökmdar kimi deyil, bir Eldəgəz övladı kimi, dünənki hakimin vəliəhdi kimi rica edir ki, bunu şəhər əhlinə başa salmaq, onlara izah etmək üçün lazımi adamlara tapşırıq versin. Qoy şəhər camaatından bilməyənlər də bilsinlər və agah olsunlar ki, Şəmsəddin Eldəgəz qəfləfən vəfat edəndə onun böyük oğlu Reydə olub, dövlətin mühüm tapşırığını yerinə yetirməyi yarımçıq qoyub Naxçıvana qayıda bilməyib.¹ Naxçıvanda indi Qurdlar məhəlləsi kimi tanınır.
Güney Güzdəkdə nələr düşünürdüm...Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:
Molla Nəsrəddin haqqında xatiratım“Molla Nəsrəddin” jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirat yazmaq, demək, 27 sənə bundan işə düşmüş və 25 sənə dolanmaqda davam etmiş bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin mehvəri Mirzə Cəlil və onun jurnalı idi. Onun ətrafında ən yavıqlıqda dolananlar “Molla Nəsrəddin”in tərəfdarları, ona öz fikirləri ilə, qələmlə kömək verənlər idilər. İkinci sıra jurnalı oxuyanlar, ondan həzz aparanlar və onun rəvacına çalışanlar; üçüncü sırada “Molla Nəsrəddin” tərəfindən zərbələrə, taziyanələrə, istehzalara, tənqidlərə düçar olub olmazın föhşlərini verənlər, el arasında “Molla Nəsrəddin” haqqında növbənöv latayilat söyləyib iftiralar buraxanlar idi. Belə bir mühit içərisində “Molla Nəsrəddin” davam edib gəldikcə dostlarını artırıb, düşmənlərini zəif salmağa nail oldu.Hesabsız hədə kağızlarına, föhşlərə, həcvlərə, maddi və “mənəvi” vədlərə etina etməyərək öz tutduğu məqsəddən, məsləkdən bir qədər geri durmamaqla Mirzə Cəlil öz azacıq dostları ilə birlikdə axırda qalib gəlib, həmişəlik bir ad və Azərbaycan ədəbiyyatında xüsusi bir çığır – “Molla Nəsrəddin” dövrü qoya bildi.
ÜsyanXəlifə Müstərşidbillahın ölüm xəbərini gizlətdilər. Aran ölkəsində Əmir İnanca qarşı üsyan qalxmasın deyə ölüm xəbərinin gizlədilməsi üçün Əmir İnanc ciddi tədbirlər görmüşdü ki, bu tapşırığı da Qətibə Həmədandan öz atasına göndərmişdi. Lakin bu xəbəri çox uzun bir müddət gizlətmək mümkün olmadı, çünki Şirvan həbsxanasından buraxılıb Gəncəyə gələnlər, Şirvan saraylarında ölmüş xəlifəyə matəm saxlanılması xəbərlərini Azərbaycanın hər tərəfinə yaymışdı.Bir neçə günün içərisində, Əmir İnancın düşmənləri Gəncəyə yığışmağa başladı. Əmir İnanc isə bundan qorxuya düşərək hər tərəfdən öz atlılarını Gəncəyə çağırdı. Əmir İnancın evinə tezlikdə hücum ediləcəyi şayiələri hər yerdə danışılırdı. Bu xəbəri buraxan Əmir İnancın öz adamları idi. Əmir şəhərdə böyük həbslərə başlamaq üçün bu xəbəri əlində bəhanə etmək istəyirdi.
İkinci hissə, 7Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə, şalını başına salıb həyətə yüyürdü, nökərlərdən əvvəl cilovu tutub, kişinin üzəngisini basdı. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi. Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan, sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü.– Əyə, nə yaman ləngidin?
XLIXMehman Qaloşlu adamı o qədər də eşitmədən aralandı. Lakin Qaloşlu adamın ağzından çıxan bu qırıq-qırıq sözlərin, kinayəli və istehzalı pıçıltıların müqabilində o özünü ələ ala bilmirdi. Mehmanın ürəyi ömründə birinci dəfə idi ki, belə çapar kimi çapır, ağır-ağır döyünürdü. “Nə üçün bu sözləri eşitməzdən qabaq Qaloşlu adamın başı görünməklə mənim sözlərimin daxili məntiqi elə qırılsın?”. Mehman ağır-ağır düşünürdü. O, qurğuşun kimi ağırlaşan ayaqlarını güclə sürüyürdü. Zil qaranlıq, sanki ayrı bir zəhmlə göydən yerə enirdi. “Ağsaçlı müəllimə. Ağsaçlı, balışa dirsəklənmiş xəstə professor... Ağsaçlı, iztirablı, kədərli ana!.. Mehmanın sözlərinə qüvvət verən, onu hörmətlə dinləyən, boynu piyli, başı yağlı Əbdülqədirə qarşı onu müdafiə edən respublika prokuroru!.. Hələ düz on altı gün bundan qabaq rayon partiya komitəsində Vahidovun onu Kamilovdan müdafiə etməyi... Onun məruzəsini böyük maraqla dinləyən beş yüz nəfərə yaxın gəncin qaynar gözləri!”. Bütün bunlar bir xəyal sürəti ilə Mehmanın təsəvvüründə canlanır, bir-birini təqib edərək tez-tez ötürdü, Mehmanın nəzərində yeni-yeni qanada qalxan bir şahin yerə gəlirdi. Mehman dönüb buludlu göyə, zil, sal qaranlığa baxırdı. Yuxarıda, qaranlıq içində sanki ağ saçlar ağarır, bu adamların simaları heyrət və təəccüb içində görünürdü... Mehman birdən büzüşüb üşütməyə başladı. O, qılçaları qırılmış kimi taqətsiz dayandı.– Mən niyə birdən-birə, – deyə Mehman əlini sinəsinə gətirdi. – Axı nə üçün belə oldu? – Sanki onun atlanan ürəyi yerindən qopmaq, hara isə uçmaq istəyirdi. Birdən Mehman qaranlıq içində səndələyib soyuq divara söykəndi. Uca, qarlı dağlardan başlayıb yavaş-yavaş əsən yel Mehmana əsrarlı bir sərinlik gətirdi... Mehman dayanıb qulaq verdi. Ürəyindən bir səs gəlməyə başlayırdı. – Bu nədir?.. Bu çıqqıltı nədir?
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
İki ərBu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə gələ; zira nikah və talaq söhbətləri gah hekayələrdə, gah məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə yazılıb, oxunub və eşidilibdir. Və lakin o əhvalat ki, mən onun barəsində söhbət açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və bəhər hal xeyli maraqlı və eşitməlidir; o dərəcəyə kimi ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində belə bir hadisə xariqüladə və ağla sığışmayan bir “nağıl” hesab oluna gərək. Və lakin həqiqətdir və bu həqiqətin şahidi həqir özüdür.O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavıq Azərbaycan şəhərlərinin biridir. Və necə ki, dindar İran torpağının qonşusu, bu şəhərin əhalisi də iman əhllərindən bir zərrə qədərincə geri qalan deyillər: demək olar ki, əhalinin küllisi Allah-taala təyin etdiyi ibadət və rəyazətində bərqərar, nəmazi-yomiyyə öz vaxtında; hətta nafilə namazları və sairə sünnəti namazlarını cabəca edən müqəddəs bir camaatdırlar. Habelə ramazan ayının şəraitini təfsilatla yerinə yetirmək, həcc və ziyarəti-şühəda və mahi-məhərrəmül-həramda Kərbəla müsibətini layiqincə yad etməkdə birinciliyi qazanan müsəlmandırlar.
Şahab meydanındaBütün şəhər əhli Şahab meydanına cəm olmuşdu. Adam əlindən küçələrdən keçmək mümkün deyildi. Burada varlı da var idi, yoxsul da; qoca da var idi, cavan da: anasının qucağında mışıl-mışıl yatan körpə də... Bütün şəhər əhli, bütün əsnaf əhli, bütün əhli-ürfan burada idi.Hərənin də ağzından bir avaz gəlirdi, üstəlik, ağız deyəni də qulaq eşitmirdi...
Səriyyə və dünyanın ən gözəl duyğularıVəziyyətimiz çətin keçirdi. Ancaq xüsusi ticarətə hökumət icazə verdikdə atam anamın üstündəki qızıl şeylərdən satıb əlində maya eləyərək yenə də xırda dəmir-dümür alverinə başladı. (Mən sonradan bildim ki, bu ticarətə-filana da icazə verilməsi yeni iqtisadi siyasətin nəticəsində imiş...)Vəziyyətimiz bir ara babatlaşdı. Mən dördüncü sinfə keçdiyim ilin yayı bərk isti olduğundan atam bizi Şuşa qalasına apardı. Fatma nənəm isə evimizdə qaldı. Biz anamın xalası Bəyaz xanımgilə düşdük.
İnadƏlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı:“Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır.
İkinci hissə, 9Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni çeynəyib fınxırdıqca ağzından köpük daşlanırdı. O, qaranlıqda güclə seçilən qadını döşünün altına alıb əzmək istəyirdi. Atin isti nəfəsini kürəyinin ortasında duyan Şahnigar isə səsini çıxartmadan yumaq kimi bükülüb irəliləyirdi. Uzun donunun ətəyi kol-kosa ilişib təngildəsə də dayanmır, ayağı büdrəyib yıxılan kimi sıçrayıb qalxır, şallağın çiyni aşağı enəcəyindən qorxduğuna görə canını dişinə tutub yorturdu. Kəndə çaxnaşmna düşmüşdü. İtlər ağız-ağıza verib ulaşır, orda-burda tüfəng atılırdı.Cahandar ağa susurdu. Gözünü atın qulaqları arasından irəli zilləyib, güclə görünən bacısına baxırdı. O gah sirkənlikdə təmiz itən, gah da az qalan atın ayağı altına düşən. Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. Dodaqları səyriyir, barmağı isə tüfəngin tətiyində oynayırdı.
Məhtaban 4Məhtaban naçar qaldı. Qocanın səssiz-səmirsiz için-için ağlamağı onun ağ, yumşaq saqqalından göz yaşlarının süzələnməyi qızı çaşdırdı. Məhtaban bilmədi bu nə deməkdir? Oğlan övladı, xan mal-mülkünə varis, Məhtabanın xanzadə anası olması – hamısı, hamısı ona yuxu kimi gəlir. Pəhləvan Məhəmmədin bikəs qızında, heç bir sevinc doğurmurdu. Ancaq qoca xanın pərişanlığı nə isə, qızın ürəyində tərəhhüm hisslərini, tərpədirdi... Bu hisslər heç də məhəbbətdən nəşət etmirdi. Bu hisslər cavan qızın babası yerində bir qocaya qarşı yazıqlıq hissləri idi. Qocanın hədsiz təlaşı getdikcə qəribə görünürdü. Axı, qoca xan niyə bunca təlaşa düşsün, niyə öz bəzəkli imarətini yetim qıza göstərsin, ondan öz saf məhəbbətinin meyvəsi ola bilən övlad, oğul varisi istəsin?! Gör bu zəhrimar qocalıq xanı necə də çaşdırıbdır!Ölüb-getmək, bu qədər mülki-dövləti öz köhnə yağısının övladına qoymaq, xanın beynin necə də yerindən oynadıbdır! Bu hiss Məhtabanın həvəsinə düşən xana doğrudan da güc gəlirdi! Elə güc gəlirdi ki, qocaya aman-iman vermir, Məhtabanın gözəlliyi ilə birlikdə onun qoca beyninə hakim kəsilirdi. Əgər qoca yıxılıb ölsə, oğul varisi olmayan xanın bütün əmlakı qız varisinə, düşmən sicillisindən olan nəvələrinə qalacaq, bir qədərdən nəvələr də ana-babalarını unudacaq, xanın mal-mülkü düşmən mal-mülkünə qarışacaq, Məmalik ad-sanı itəcəkdir... Pəhləvan Məhəmmədin bikəs qızı olmasın, lap üstü unlu bir dəyirmançı qızı olsun, xana varis gərək idi – oğlan varisi!.. Elə oğlan varisi ki, xanın yurdculu olsun, onun öz sicillisini daşısın, dədə-baba düşməninə dəri diddirməsin... Bu varis gərək Məmalik xanın cavanlığından da tikanlı, kəsərli, ötkəm olsun, düşmənə bac verməyən qədim xanlıq ocağının tüstüsünü Savalana doğru dik çıxarsın, nəinki atasının mülkünü, malını əlində saxlasın, hətta bu mal-mülkün üstünə də gəlsin, böyük hökmran olsun.
Osman DövlətşinO çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.
Niyə mən dərsdən qaçdımDünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.
Axşam əzanından sonraŞəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”