Alibala Hajizade · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.
Birinci hissə, on üçüncü fəsilDünya cənnətə düşmüşdü. Hər şey gözünü oxşayır, ürəyini sonsuz bir fərəh hissi doldururdu: ev canlı muzey idi. Səkkiz otaq dünyanın nadir əşya və şəkilləri ilə elə zövqlə bəzənmişdi ki, baxdıqca doymaq olmurdu, duyğularını, əsəblərini dincəldirdi. Vaxt ötüb-keçdikcə Dünya, nəhayət taleyinin üzünə həmişəlik güldüyünü tam aydınlığı ilə dərk edir, sevincindən yerə-göyə sığışmır, günbəgün qəşəngləşir, gül kimi açılırdı. Lakin bu səadətli günlər çox çəkmədi. Haradansa lənətə gəlmiş bir fikir axıb ürəyinə doldu və bəxtiyarlıq içində xumarlanan, nazlanan Dünyanın xoşbəxtliyinin üstünə gizli su çiləməyə başladı, onun qəlbini sıxdı, gözlərinə kədər kölgəsi saldı. Ona heç kəs güldən ağır söz deməmişdi bu evdə, kimsə xətrinə dəyməmişdi, gözün üstə qaşın var deməmişdi. Ancaq o, pərişan olmuşdu. Səbəbini isə özündən başqa heç kim bilmirdi. Əslində bu qorxu, pərişanlığın səbəbi özünə də tam aydın deyildi. Lakin ağıllı, uzaqgörən, həssas bir qadın olan Dünya tutqun, dumanlı şəkildə anlayırdı ki, onun bu bəxtiyarlığı əbədi deyil, tez keçib-gedəcək və başına sonralar olmazın müsibətlər gələcək. Anlayırdı və qorxurdu. Onu düşüncələrə qərq eləyən, gözlərinə yol çəkdirən də elə bu qorxu idi. Dünya düşünməyə başlamışdı ki, Nəcməddin qoca kişidir, ömrünün çoxu gedib azı qalıb, beş gündən, beş aydan, uzaqbaşı beş ildən sonra dünyadan köçüb gedəcək, o zaman Dünyanın qolundan tutub atacaqlar bayıra bu cənnətdən. Onun burda heç nəyə haqqı çatmayacaq — necə gəlmişdisə, eləcə də çıxıb getməli olacaqdı. O dəhşətli günü gözünün qabağına gətirdikcə, xəyalında canlandırdıqca yazıq varından yox olur, əhvalı pozulur, yuxusu ərşə çəkilir, tikəsi boğazında qalırdı.Nəcməddin onunla kəbin kəsdirməmişdi, Dünya neçə dəfə işarə eləmişdisə də, kişi özünü o yerə qoymamış, nəhayət bir dəfə qəti fikrini bildirmişdi:
Birinci hissə, on beşinci fəsilBalaca, ağ rəngli, uzaqdan tısbağaya oxşayan «Folksvagen» maşını beton döşənmiş yolda şütüyürdü. Hərəkət azdı, tək-tük maşınlar gəlib keçirdi.İçəridə iki nəfər oturmuşdu. Zərrintac sükan arxasında, Elməddin isə onun yanında. Tələsmirdilər; qız arxayın-arxayın, danışa-danışa maşını idarə edir, Elməddin isə onun sərbəst hərəkətlərinə, cəldliyinə tamaşa eləyirdi.
İkinci hissə, birinci fəsilBəbir neçə vaxtdı narahatdı. Qayğılı, düşüncəli gəzib-dolanır, işləyə bilmir, gecələr gözünə yuxu getmirdi. Atasının nagahan gəlişi, aralarında olan söhbət, nəhayət, o zabitəli və hökmlü adamın aciz, kücsüz bir uşaq kimi gözüyaşlı çıxıb getməsi Bəbirin indiyəcən aramla, sakit axıb gedən həyatını alt-üst eləmiş, onu dərdə salmışdı. Nə edirdisə, hara gedirdisə, Əziz xanın o nəmli gözləri xəyalından silinmirdi. Ürəyində elə hey onunla danışırdı:«Nə üçün belə etdin, qibləgahım? Nə üçün mənim oğulluq məhəbbətilə dolu qəlbimi öz əllərinlə daşlara çırpıb parçaladın, qibləgahım? Axı mən səni qibləm, tanrım sanırdım, qibləgahım? Yolumuz ayrılmışdı — bu, taleyin işi idimi, həyatın bizə verdiyi dərs idimi — bilmirəm; onu bilirəm ki, biz — bir ocağın adamları, qan birləşdirsə də, məsləkcə, əqidəcə uzaqlaşmışdıq, soyumuşduq... Burda, belə haçalaşma məqamında ikimizdən birimiz güzəştə getməyi bacarmadıq, qibləgahım. Sən məğrur idin, sən qan üstündə qurulmuş bu taxt-tac səltənətinə sadiq idin. Səni qınamıram, qibləgahım, gözünü dünyaya açıb belə görmüşdün, belə tərbiyə olunmuşdun. Sən əlahəzrəti hər şeyə qadir sanırdın, yer üzündə Allahın kölgəsi sanırdın və buna sidqi dildən inanırdın, bu inam isə sənin əqidənə, məsləkinə çevrilmişdi, qibləgahım. Döşündə parıldayan, qızıl suyuna çəkilmiş o dəmir-dümürün işartısı, nuru sənin gözlərini qamaşdırmışdı və sən hər yeri, hər şeyi işıq içində, nur içində görürdün. Sən o işığın, o nurun arxasında, üstünə pərdə çəkilmiş aclığı, səfaləti, çirkabı görmürdün, qibləgahım. Görə də bilməzdin. Onu görmək üçün bir az aşağı enmək, ipək yorğan-döşəkdən çıxmaq, gözqamaşdıran o dəmir-dümürdən yaxa qurtarmaq lazım idi, qibləgahım! Bunu isə sən bacarmadın, hələ də bacarmırsan.
İkinci hissə, ikinci fəsilRəhgüzər «Pərçəm»in redaksiyasında, balaca, sadə bəzənmiş otaqda oturub növbəti nömrə üçün materialları nəzərdən keçirirdi. Ustadın əhvali-ruhiyyəsi gözəl idi. İşləri hələ ki qaydasınca gedirdi. Qəzetin tirajı getdikcə artırdı, çünki müştərisi çoxalırdı. Deməli, onu başa düşənlər, anlayanlar artır, oxuyanların dairəsi günbəgün genişlənirdi. Bu isə balaca məsələ deyildi. Təkcə Rəhgüzər yox, Bəbir də, Elməddin də, başqa mübarizə yoldaşları da buna sevinməyə bilməzdi,Keçən nömrədə Rəhgüzər Elməddinin «Təqvim» hekayəsini oxucularına təqdim etmişdi. Hər yazısı dərc ediləndə olduğu kimi, bu dəfə də Elməddin uşaq kimi sevinmiş; yerə-göyə sığmamışdı. Rəhgüzər fikirləşmişdi ki, əsərin çap olunması yaradıcı adam üçün həmişə toy-bayramdı, bu sevinc müəyyən dərəcədə övladı dünyaya gəlmiş ata-ana sevincinə, fərəhinə oxşayır. Neçənci uşaq olur olsun, sevinc eyni sevincdi. Neçənci əsər olur olsun, fərəh həmin fərəhdi. Rəhgüzərə bu hisslər tanışdı, Elməddini yaxşı başa düşürdü. O özü də otuz ildən çoxdu ki, həmin duyğuların oduna isinə-isinə yaşamışdı, yazıb-yaratmışdı. Və hər dəfə hiss eləmişdi ki, dünyada bundan müqəddəs, şirin sevinc yoxdur və ola da bilməz.
İkinci hissə, üçüncü fəsilAğayi Nəcməddinin kefi kök, nəşəsi sazdı. Aynabənddə qoyulmuş yumşaq divanda oturub qıçını-qıçının üstünə aşıraraq təsbeh çevirir, fit çalırdı. Günorta yatıb durmuşdu. Əsəbləri sakit, əhvali-ruhiyyəsi yaxşı idi.Dünya evləri yığışdırıb, silib-süpürüb çəkələklərini sürüyə-sürüyə Nəcməddinin yanına gəldi, onun böyründə əyləşib başını divanın söykənəcəyinə dayayaraq:
İkinci hissə, beşinci fəsilƏziz xan «mənim təbibim də sənsən, dərmanım da sənsən, oğul!» — deyərkən haqlı imiş. Nazilib üzülmüş, yönü o yana olan kişi, Bəbirlə barışandan, oğlu yanında qalandan bəri dirçəlmişdi, artıq durub gəzir, yeyib-içirdi; daha oğlunun xatirinə dəymirdi, çünki başı, necə deyərlər, daşdan-daşa dəymişdi. Bəbir bura gələnə qədər yaşadığı otağı da əlində saxlamışdı — işləmək üçün, yoldaşlarla görüşüb məsləhətləşmək, dərdləşmək üçün. Yeməyi, içməyi, yatmağı atasının evində idi. Ancaq bura da gəlirdi, yazıb-pozur, düşünürdü.Əziz xan daha onun heç bir işinə qarışmır: «Yekə kişidi, maşallah, nə etdiyini özü məndən yaxşı bilir!» — deyirdi.
İkinci hissə, altıncı fəsilGözəl bahar günü Dünya xanım halında xoş bir dəyişiklik hiss eləməyə başladı; ağzı sulanır, ürəyi bulanır, məcazı cürbəcür şeylər istəyirdi. Ancaq nə — bunu tapıb deyə bilmir. Bu dəyişikliyin səbəbi birdən-birə ona aydın olanda gözlərinə elə bil işıq gəldi — yenə içərisində o qəribə işıq şölə saçıb yandı, əslində əzgin, yorğun bədənində elə yüngüllük hiss elədi ki, sanki quş olmuşdu, kəpənək olmuşdu — bu dəqiqə istədiyi yerə uçacaqdı elə bil. Çünki bütün vücudunu sarmış o müxtəlif, adsız istəklərdən ancaq biri lap qabardı, adını dedi: o, turş şey istəyirdi!!Dünya xanım gəlib yataq otağında iki çarpayının ayaq ucunda qoyulmuş iri bədənnüma güzgünün qənşərində dayandı. Əvvəlcə üz-gözünə, sonra bədəninə tamaşa elədi. Yox, nəzərə çarpacaq elə bir dəyişiklik yox idi. Ancaq, xoş, məmnun bir hissiyyatla özünün daha da qəşəngləşdiyini görüb yerə-göyə sığmadı, qayğısız qız uşağı təki aynanın qabağında fırlandı...
İkinci hissə, yeddinci fəsilBu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:
İkinci hissə, səkkizinci fəsilNeçə gündü ki, Məhəmməd Şəfi özündə deyildi. Yaxşı yata bilmirdi, çörək yeyə bilmirdi. Fikrini cəmləşdirib masa arxasında oturmağa da qərarı gəlmirdi. Düşüncəli-qayğılı gəzib-dolanır, yuxulu, yaxud sarsıntı keçirmiş və bunun nəticəsində də keyləşmiş adama oxşayırdı. Möhsünün, — satqın, xəfiyyə olsa belə, — ölümü onu yamanca silkələmişdi. Bir yandan istexbaratın divarları arasında olmazın işkəncələrə məruz qalan, lakin mərdanə susub heç kəsin adını çəkməyən şeyx Əhmədin dərdi, o biri yandan da bu Möhsünün öldürülməsi, onun başsız-sahibsiz qalan ailəsinin dərdi Məhəmməd Şəfinin ürəyini alt-üst eləmişdi. «Həyatın qanunları necə sərtdi, aman allah!— deyə gəzib-dolanır, hər şeyi ürəyinə salıb dərd eləyirdi. — Həyat nə qədər təzadlıdı; şirindi həyat, əzablıdı həyat eyni zamanda. Bir yanda süslü saraylar, xanimanlar, harınlar, o biri yanda isə bir tikə çörək üçün şərəfini satmağa, başını bıçaq altına qoymağa hazır olanlar, aclar, yalavaclar... Yox, mənim ürəyim bu ağrılara, əzablara dözə bilmir... Bu zəiflikdir, nədir, heç bilmirəm. Amma Bəbir möhkəm adamdır. Ziyaülhəqq sərt adamdır. Mən belə ola bilmirəm, bacarmıram. Lakin dərindən fikirləşəndə bəlkə onlar haqlıdırlar? Hamının, böyük əksəriyyətin əzabla yaşamasına son qoymaq üçün bəlkə beş-on nəfər satqını, alçağı əyan-əşrəfi aradan qaldırmaq ən doğru yoldur? Mən Bəbirə inanıram — onun ağlına, müdrikliyinə inanıram».Məleykə ərindən yaman nigaran idi. Şəfinin neçə gündü bulud kimi tutulub açılmaması, öz-özünə danışa-danışa gəzib-dolanması Məleykəni demək olar ki, lap qorxutmuşdu. Şəfi işdə, çöldə-bayırda olan söz-söhbətin hamısını evdə arvadına danışırdı, çox şeydə onunla məsləhətləşərdi; Məleykə ən ağır anlarda ərinin qılığına girir, təsəlli verir, deyib-gülür, kişinin kefinn açırdı. Ancaq bu dəfə nə illah eləyirdisə, Şəfinin qırışığı açılmırdı. Məleykə şeyx Əhmədin tutulduğunu bilirdi, Möhsün adlı xəfiyyənin də ələ keçdiyini Şəfi demişdi ona. Ancaq Möhsünün öldürüldüyünü gizləmişdi, onun dörd uşağının yetim qaldığını gizləmişdi. Məleykənin ürəyini bilirdi, desəydi, bu ona dərd olacaqdı. Məhz buna görə söyləməməyi lazım bilmişdi. İşə getmək vaxtı idi. Şəfi gecəni səhərəcən yatmasa da, tezdən durmuş, üzünü təraş etmiş, çay-çörəyini də yemişdi, ancaq getməyə tələsmirdi. Pəncərənin qabağında dayanıb payızın xına çəkdiyi ağaclara tamaşa edir, siqaretini siqaretin oduna yandırırdı.
İkinci hissə, on dördüncü fəsilElməddii deyə-gülə nahar edəndən, Zərrintacla, Dünya xanımla xudahafizləşəndən sonra idarəyə getmək üçün darvazaya çıxanda -Əhədulla maşında, sükan arxasında oturub köhnə qəzet parçasına bükdüyü pendir-çörəyi yeyirdi. Sənkək quru idi, srağagündən qalma idi, pendir isə saralmışdı, iyi uzaqdan adamı vururdu. Elməddin maşının arxa şüşəsindən Əhədullanın nahar etdiyini görəndə ayaq saxlayıb irəli gəlmədi: «Qoy çörəyini yesin!» — deyə düşündü, siqaret çıxartdı, yandırıb çəkməyə başladı. Əhədullanın güzəranı-dolanışığı ona dərd olmuşdu. Kişi o qədər təmiz, ürəyi Allah xofu ilə dolu adam idi ki, qanun-qaydadan, buyurulandan bir addım kənara çıxmağa cürət eləmirdi. «O gözəgörünməz qurban olduğun necə məsləhət bilib elə də olacaq. Görünür mənim də yazımı belə yazıb!» — deyə təvəkkülə bel bağlayır, addımını kənara qoymurdu ki, birdən, allah eləməmiş, Nəcməddinin qəzəbinə düçar olar, güclə tapdığı bu işi də əlindən çıxardı. Bu qorxu hissi həmişə ürəyinin başından asılmışdı . İşə qətiyyən gecikməzdi, saatlarla ağasını — Elməddini gözlərdi, maşını isə, öz malı imiş kimi, az qala dili ilə yalayar, üstünə toz düşəndə üfürə-üfürə təmizlərdi. Daim əli maşının üstündə idi.Elməddin düşündü ki, bax belə təmiz, zəhmətkeş bir adam pendir-çörək ümidi ilə yaşayır, işləyir. O, özünün keçmiş günlərini xatırlayıb indiki günləri ilə tutuşdurdu; onun sadəcə olaraq necə deyərlər, aşığı alçı durmuşdu, bəxti gətirmişdi. Və beləsi, onun kimisi bu boyda şəhərdə, yaxud elə məmləkətin özündə ya bir olardı, ya iki — çox olmazdı. Elməddinin özünün imkanı vardı ki, heç olmasa günortalar, nahar vaxtı Əhədullanı özü ilə evə gətirsin, yedirtsin. Bir qarın çörək yeyəcəkdi — nə idi ki? Ancaq on beş gün bundan qabaq sözarası bunu Zərrintaca eşitdirəndə o, ağız büzmüşdü:
Dördüncü hissə, birinci fəsilGecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.
Dördüncü hissə, üçüncü fəsilBuxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:
Dördüncü hissə, beşinci fəsilAz qala gen-bol otaqlarına, doğma şəhərinə, məmləkətinə sığışmayan şairi, balaca, sement döşəməli, adam boyundan yuxarı, göyərçin hininin qapısı boyda pəncərəsi, lay dəmir qapısı olan bir otağa salmışdılar. Gündüz o əl boyda pəncərədən gün işığı düşürdü içəri, axşamlar tavandan asılmış iyirmi şamlıq elektrik lampası solğun-solğun parıldayırdı. Divarın sol dibində qırmızı kərpicdən tikilib suvanmış daş «divan» vardı — Məhəmməd Şəfi onun üstündə oturur, onun üstündə yatırdı. Havası xəfə idi, rütubət iyi verirdi. Bu otaq uzun, alaqaranlıq dəhlizin lap axırında yerləşirdi. Dustaqlar arasında «otaği-siyasi» adı ilə məşhur idi. Buraya ancaq siyasi işlər üstündə həbs olunmuş, siyasi cəhətdən qorxulu adamlar salınırdı və onları əsl ad-familiyası ilə yox, «siyasi» kəlməsi ilə tanıyırdılar. Mühafizlər dəhlizdə gəzinir, nizam-intizama diqqət yetirir, belə «siyasi»lərin o biri dustaqlarla təmasda olmasına heç cür imkan vermirdilər.O biri tərəfdə, həyətin o başında ümumi həbsxana yerləşirdi. Bir sözlə, bura daş hasarlı, tikanlı məftilli, dəmir qapılı, qarovulçulu balaca bir şəhər — dünya idi. Buranın da sakinləri vardı, daimi və müvəqqəti sakinləri vardı, varlısı, kasıbı vardı, oğrusu vardı, davakarı vardı, işləyəni, işləməyəni vardı, «padşahı» vardı — amiri-həbsxana idi. Casusu, xəfiyyəsi də vardı. Şairləri də vardı — Rəhgüzər idi, Elməddin idi. Elməddin «ümumilər» içərisində idi, Şəfi kimi, hamıdan ayırmamışdılar.
Dördüncü hissə, altıncı fəsilHəbsxana rəisinin kabinetinin böyründə dəmir qapılı bir otaq da vardı: qapının üstünə qara hərflərlə «istintaq otağı» sözləri yazılmışdı və Elməddin burada indiyə qədər bircə dəfə olmuşdu. Qolları qandallı gətirmişdilər, danışdırmışdılar, hədələmişdilər, sonra yenə aparmışdılar.İndi də o qapının ağzına çatan kimi Elməddin anladı ki, yenə sorğu-sual başlanacaq, yenə o dazbaş, eynəkli müstəntiqin üzünü görəcək və nalayiq sözlərini eşidəcək. İkrah hissi duydu ürəyində. Mühafiz demək olar ki, onu itələyib saldı içəri. Otaq həmin otaq idi, müstəntiq də həmin müstəntiq. Ancaq arxası qapıya tərəf oturmuş çalsaç bir adam da vardı. Arxadan Elməddin onu tanıdı. Bu, Şəfi idi. Qəlbi çırpındı, ani olaraq özünü ustadın üstünə atmaq, qucaqlayıb əllərindən öpmək arzusu bütün vücudunu sardı, lakin dayandı: «Olmaz, olmaz!» — beynində özünə əmr elədi. Şəfi əvvəlcədən bilirdi ki, Elməddini gətirəcəklər, çünki müstəntiq yanındaca həbsxana rəisinə onu bura gətizdirməyi tapşırmışdı. Buna görə Şəfi Elməddinlə necə görüşəcəyini irəlicədən müəyyənləşdirmişdi. Şəfinin bu cavan oğlana yazığı gəlirdi, onun arzularına, ürəyinə yaxşı bələddi, onu heç nədən, yolunun lap başlanğıcında qurban vermək olmazdı. «Hər şeyə dözmək lazımdı, nəyin bahasına olursa-olsun onu xilas etmək gərəkdi. Nəcməddin də görünür, bacara bilmədi, azad elətdirə bilmədi onu». — Şəfi belə düşünürdü və bütün fikri-zikri bunda idi ki, görüş zamanında özünü ləyaqətlə apara bilsin. O, Elməddindən qorxurdu ki, birdən dözə bilməz, hisslərini cilovlaya bilməz və onda hər şey məhv olub gedər.
Dördüncü hissə, doqquzuncu fəsilBəbrək hər gün məktəbdən saat birdə gəlirdi. Ancaq bu gün nədənsə gecikirdi. Saat üç olmuşdu, lakin o, hələ gəlib çıxmamışdı. Məleykə xanım bərk nigarançılıq hissi keçirirdi: «bu uşaq harda qaldı?»—deyə həyət-bacada vurnuxur, küçəyə çıxır, yollara baxırdı. Ananın ürəyinə cürbəcür qara fikirlər gəlir, qəlbini didib-parçalayırdı. «Qaraçuxamız yatıb. Dilim-ağzım qurusun, balam maşın-zad altına düşər birdən» — deyə aram ola bilmirdi.Nəhayət, saat beşdə Bəbrək çantasını yelləyə-yelləyə gəldi. Məleykə aynabənddən onun sağ-salamat gəldiyini göpəndə əvvəl çox sevindi: — «Şükür sənə, pərvərdigara!» — söylədi öz-özünə. Ancaq bir an sonra qəzəbi tüğyan elədi, Bəbrəkin qabağına çıxıb onu danlamaq, tənbeh eləmək istədi. Oğlan həmişəki kimi yorğun və əzgin deyildi, üzündə-gözündə işıqlı bir təbəssüm cilvələnirdi. Məleykəni bu, bir az təəccübləndirdi, arvad ani olaraq çaşıb əli ağzında qaldı. Buna baxmayaraq lap yaxın gəlmiş oğlunun yaxasından yapışıb qeyzlə silkələdi.
Dördüncü hissə, on dördüncü fəsilYerin-yurdun qalın qarla örtülməsinə baxmayaraq, ertəsi günü, gözlənilmədən öldürülmüş Vəlixanın təziyə mərasiminə çox adam gəlmişdi. Mərhum atasının dostları, özünün iş yoldaşları, tay-tuşları, qohum-əqrəbası... Otaqlar adamla dolmuşdu, həyətdə dayanıb söhbət edənlər də çoxdu. Meyit iri dəhlizdə, ortalıqda qoyulmuşdu. Üzünə qara örtük çəkilmişdi. Kişilər dövrə vurub oturmuşdular. Qadınlar isə deyəsən yan otaqda idilər — çünki ordan qadın ağlaşması, «Can bala», «Dünyadan nakam gedən oğul!» — deyən ana iniltisi eşidilirdi. Ağayi Nəcməddin içəri girəndə hamı yerindən tərpəndi: hörmət, ehtiram əlaməti olaraq ona yuxarı başda, xalça üstündə yer göstərdilər. O, razılıqla başını tərpədib göstərilən yerdə bardaş qurub oturdu. Mərhumun kiçik qardaşı, boyda-buxunda, şəkildə-şəmayildə eynən Vəlixana oxşayan Əlixan meyidin sağ tərəfində əlləri qoynunda, ayaq üstə dayanmışdı. Nəcməddin sakit idi. Ürəyində zərrəcə qorxu, həyəcan hiss eləmirdi. Elə bil, bu qanlı müsibətin ona zərrəcə də dəxli yox idi. Hələ öz daxili aləminə bir az dərindən nüfuz eləyəndə, bəzən bu işindən məmnun olduğunu da duyurdu. Onun dünyasında, haqq-ədalət öz yerini tutmuşdu—namərd, namus oğrusu cəzasına çatmış, qanına qəltan olmuşdu. O, intiqamını almış, toxtamışdı. Bəlkə elə buna görə idi ki, iki cavan öldürülmüş bu ötən qanlı gecədə, on beş gündən bəri bircə an da göz qırpmayan, çimir eləməyən o, beləcə şirin-şirin, demək olar ki, ölü kimi yatmışdı və hətta yuxu da görməmişdi. Bəlkə elə buna görə idi ki, indi çox gümrahdı, arxayın və sakit idi. Nəcməddin oturanlara ötəri nəzər salıb üzünü Əlixana tutdu:– Bu nə müsibətdi sizin başınıza gəldi, ay oğul? Əlixan ağlamaqdan qızarmış gözlərini Nəcməddinə sarı çevirdi:
Birinci hissə, səkkizinci fəsilZümrəyin yeddisi çıxandan, yasa gəlib-gedənlərin əli-ayağı çəkilib ara seyrələndən sonra, sakit və hüznlü yay axşamlarından birində qəryədar Qulam ağsaqqallarla birgə Cahan arvadın qapısına gəldi. Elməddin də onların arasında idi. Belə yerlərə başıləçəkli getməməli idi. Ona görə Səbihəni götürməmişdilər. Amma Səbihə çox can atırdı ki, minnətə gedən dəstəyə qoşulsun, Cahan arvadın ayağına yıxılsın, yalvarsın, oğlunun günahından keçməsini xahiş eləsin... Lakin qəryədar Qulam məsləhət bilməmişdi. Arvad kəsilə-kəsilə qalmışdı. O biri yandan da Elməddinin Cahan arvadın qapısına getməsi özü də xata idi. Ancaq Elməddin heç nəyə baxmadan getmişdi. Səbihə oğlu qapıdan çıxanda nigarançılıqla dedi:– Oğlu öldürülmüş ana, balası öldürülmüş ilan kimi, canavar kimi quduz olur, bala. Arvadın əlindən xata-zad çıxar, ehtiyatlı ol.
Birinci hissə, doqquzuncu fəsilİçəridə, pəncərənin ağzında yanan çırağın öləziyən işığı səkidə salınmış süfrənin üstünə düşürdü. Kasalara çəkilmiş şorba soyumuşdu. Üzbəüz oturmuş Səbihə və Əfsanəni fikir aparmışdı. Yusifin başına qəza gələni onlar iştahayla, ürəklə bir loğma kəsməmişdilər. Çörək-xörək ortalığa gəlirdi, amma doyunca yeyən olmurdu.İndi də gəlin-qayınananın boğazından tikə keçmirdi. Nigarançılıq üzürdü. Elməddinin getdiyi bir aydan çox idi. Keçini, inəkləri satmış, qəryədar Qulamdan da on beş min rupi borc götürüb Yusifin işinin dalınca Süleymanşəhrə getmişdi. Bu pulun kifayət etməyəcəyini Elməddin irəlicədən bilirdi, — onunla ölüm işini yuyub-təmizləmək mümkün deyildi. Amma Elməddin yenə getməyi, öz qardaşlıq borcunu imkanı daxilində yerinə yetirməyi lazım bilmişdi. Budur, indi Elməddindən də bir xəbər-ətər yoxdu. Nə təhər oldu, məhkəmə Yusifin cinayəti barədə nə hökm çıxartdı. Bəlkə, allah üzünə baxdı, ölüm hökmü kəsmədilər?
Birinci hissə, on birinci fəsilQətl meydanına çoxlu adam toplaşmışdı. Ədnan kəndinin məmə yeyəndən pəpə yeyənəcən bütün camaatı bura yığışmışdı. Bu o yer idi ki, burada Yusif Zümrəyi öldürmüşdü. Cahan arvadın ciddi tələbi və təkidi ilə, Yusif gərək burada öldürülə idi.Əmniyyə idarəsi rəisinin müavini başda olmaqla polis dəstəsi, vilayət məhkəməsinin nümayəndəsi, cəllad Cabbar və həbsxana mollası qətl mərasimini qanun əsasında yerinə yetirmək üçün saat doqquzda gəlmiş, lazımi işləri görmüş, meydanda Yusifin qanı töküləcək çuxuru qazdırmış, polis nəfərlərindəi ibarət dairə yaratmışdılar.
İkinci hissə, birinci fəsilBağışlanandan bir neçə dəqiqə sonra Yusifin gözlənilməz ölümü evdə dəhşətli, soyuq, tükürpədən bir boşluq əmələ gətirmişdi. Elə bir boşluq və mənasızlıq ki, adamın canına üşütmə salırdı. Bundan belə həyatın davam edə biləcəyinə şübhə doğururdu. Sanki bu üç nəfər dərdli insanı dünyada maraqlandıracaq heç nə, heç şey qalmamışdı. Hamısı Yusifin ağ kəfəni içərisində qara torpaqlar altında gömülmüşdü.Günlər, həftələr ötüb keçdikcə Yusifin qəbri köhnəlir, çökürdü; ancaq Elməddinin düzəltdiyi başdaşı qəbiristanlığa gələnləri hüznlə ayaq saxlamağa məcbur edirdi. Doğrudan da Yusifin dərdi adam qocaldan dərd idi: bunu ana da, qardaş da, Əfsanə də dərindəndərinə duyur, anlayırdı və anlaya-anlaya saatbasaat, günbəgün qocalırdılar.
İkinci hissə, yeddinci fəsilElməddin pəncərənin qabağında dayanıb çölə baxırdı. Hər yan ağappaq ağarırdı. Ağaclar, damlar, hasarlar qar altında qalmışdı... Heç təsəvvür eləmək olmurdu ki, bir gecə ərzində yerə bu hündürlükdə qar düşsün. Amma düşmüşdü. Ədnan camaatı çoxdan belə yağıntı görməmişdi.Kənddə ölü bir sükut hökm sürürdü. Elə bil, qış canlı olan hər şeyi dondurub susdurmuşdu. Mal-qara tövlədə idi, adamlar evlərdən çıxmamışdı. Uca çinarların başında oturmuş qarğaların, pəncərə qabağına qonub cikkildəşən sərçələrin səsi Elməddinin ürəyində kövrək bir hiss doğurur, onsuz da soyuq olan evdə onu daha da üşüdürdü Səbihə, Əfsanə əlacsız adamlar kimi əllərini qoynuna qoyub bayır bacağa baxırdı... hərəsi öz aləmində odunun, taxılın və mal-qara üçün ot-ələfin çatıb-çatmayacağını götür-qoy edirdi. Bu məsələlər indi hamıdan çox Elməddini düşündürürdü.
Üçüncü hissə, doqquzuncu fəsilSaat birə on dəqiqə qalana qədər ağayi Nəcməddin Elməddinlə söhbət etdi: ona gələcək vəzifəsinin incəlikləri, xüsusi məharət və dəqiqlik tələb eləyən cəhətləri barədə danışdı. Elməddin məsul və ağır bir işə iqdam etdiyini başa düşürdü və bəzən canına gizli vahimə lərzə salırdı. Anlayırdı ki, çətin olacaq. Amma nə etməli? Başqa çarə yox idi — o, bu müşkül vəzifəni boynuna götürməli idi. Ağayi Nəcməddinin fikirlərindən anlaşılırdı ki, onun müəssisələrinin, fabriklərinin cəmləşdiyi ümumi şirkət özü-özlüyündə dövlət içində balaca bir dövlət idi. Ağayi Nəcməddin bu dövlətin başçısı, o isə bu gündən etibarən, ağanın zarafatla dediyi kimi, vəzire-maliyyəsi idi. Ticarət əlaqələrinə, alqı-satqı işinə rəhbərlik etmək ona tapşırılırdı.Ağ xalat geydiyinə görə doktora oxşayan restoran xidmətçisi xüsusi maşında yemək-içmək gətirdi. Ağayi Nəcməddinə baş əyib ehtiramla təzim edəndən sonra işgüzar bir görkəmlə:
Üçüncü hissə, iyirmi birinci fəsilKülək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:
Birinci hissə, dördüncü fəsilNəcməddin Dünyanı çox istəyirdi. Buna, bəlkə də, indiki cavanların xeyli hissəsinin başa düşdüyü mənada, sevgi demək olmazdı. Ömrünun odunu söndürüb külü ilə oynayan ahıl, saç-saqqalı çoxdan ağarmış bir kişi ilə həyatının güllü-çiçəkli yazını yaşayan, cazibəli, gözəl gəlini bir-birilə bağlayan tellər, əlbəttə hamının anladığı, hiss edə biləcəyi məhəbbət deyildi və ola da bilməzdi. Bəli, Dünya qəşəngdi, təsəvvür olunacağından qat-qat qəşəngdi; bu qəşənglik təkcə cavanlıqla, təravətlə bağlı deyildi; bu, eyni zamanda onun hisslərinin coşğunluğu, təbiətinin qaynarlığı, həssaslığı, şuxluğu ilə əlaqədar idi, gündən-günə də baxıldıqca, sevildikcə daha da cilalanır, göz-könül oxşayır, çiskinli payızı, qarlı-çovğunlu qışı da Nəcməddinin közündə bahara döndərirdi. Zahiri qəşəngliyini doğulub böyüdüyü «hurilər dərəsinin» həzin, kədərli, bəzən isə şən və oynaq mahnıları, şirin, sümük titrədən rəqsləri tamamlayır, kamilləşdirir, ilahiləşdirirdi. Ömrünün qurub çağında heç vaxt narazı olmadığı taleyiilə bəxş etdiyi bu səadət üçün kişi, yaradanına qəlbən minnətdar olur, qalan günlərini, illərini sevilə-sevilə, sevinə-sevinə, şükranlıqla yaşayırdı. Nəcməddini dünyaya bağlayan cavanlıq eşqindən daha çox, piranilik məhəbbəti idi. Bəzən, tək qalan vaxtlarında xəyalən, fikrən keçmiş çağlarına, cavanlıq illərinə qayıdır və öz-özünə iqrar eləyirdi ki, heç vaxt heç kəsi belə dərin, kövrək bir məhəbbətlə sevməyib. Və bu sevgi ona qol-qanad verirdi, gümrahlaşdırırdı. Xarici görkəmi və yaşı ilə daxili aləmi, hissləri, mənəvi qüdrəti arasındakı kəskin fərqi özü lap aydın duyurdu. Dünyaya bir həyat, gənclik çeşməsi kimi baxırdı, ürəyində onu allahlaşdırırdı. Bədəni süd kimi ağappaq, ipək kimi yupyumşaq, saçları yer üzünün ətirləri ilə müəttərlənmiş Dünyanın hər təmasından Nəcməddinin qəlbi nanə yarpağı kimi titrəyir, o boyda, o yaşda kişi, ilk eşqə düşən cavanlar, uzun illərin ayrılığını dadıb hicran odunda qovrulan həsrətlilər kimi ləzzətdən, bəxtəvərlikdən məst olur, sözünü, danışığını itirir, sərrast nitq qabiliyyətinə malik olmağına baxmayaraq, dili dolaşır, fikri qırılırdı, Bu zaman Dünya özünəməxsus şən bir ədayla uğunub gedir, onun ağ saçlarından, pırpız qaşları altında yaşarıb parıldayan gözlərindən öpür, övladını əzizləyən ana sayağı, kişini şirin nəvazişlər içində itirib batırırdı.Dünya həssas idi, Nəcməddinin hər arzusunu, istəyini gözlərindən oxumağı bacarırdı, kədərli olanda sınayıcı nəzərlərlə üzünə baxıb bunun səbəbini tapır, işvəsi, nazı, mahnısı ilə sevgilisinin fikrini dağıdır, az bir müddətdə əhvali-ruhiyyəsini tamamilə dəyişir, hər şeyi unutdurur və beləliklə, onu özünə daha möhkəm tellərlə bağlaya bilirdi.
Birinci hissə, beşinci fəsilƏbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:
İkinci hissə, dördüncü fəsilGünortaya az qalırdı. Səhərdən idarədə kabinetinə qapılıb işləyən, Nəcməddinə məxsus müxtəlif şirkətlərin, kombinatların göndərdiyi pul-maliyyə sənədlərini nəzərdən keçirən, yazıb-pozmaqdan biləyi ağrıyan Elməddin qələmi cibinə qoyub kağız-kuğuzu kənara itələdi, bayaq sürücü Əhədullanın gətirdiyi qəzetləri qabağına çəkib mütaliə eləməyə başladı. Əlinə birinci keçən «Sülh» qəzeti oldu.– Hə, Əli Tüğyan möhkəm yazır!—deyə yanında kimsə varmış kimi ucadan söylədi. — Gör nə yaxşı kağız tapıb? Deyəsən, yapon kağızıdı. Bizim ruznamənin kağızından yaxşıdı. Amma heyf ki, belə kağızda çərən-pərən çap eləyir. Özü də az qala hər nömrəsində ən çox öz yazılarını verir. Yəqin yazanı, müəllifi azdı. Neyləsin yazıq?
İkinci hissə, doqquzuncu fəsilMöhsün düz deyirmiş; onun-evini tapmaq çətin oldu. Şəhərin ucqarlarının cikini-bikini əlinin içi kimi tanıyan Ziyaülhəqq Möhsünün ailəsinin yaşadığı yeri iki gün axtarandan sonra güc-bəla ilə tapdı.Gün günortadan əyilmişdi. Payızın boz-buludlu səmasında qızaran günəş qərbdəki dağların zirvəsinə tərəf meyllənmişdi. Soyuq külək əsirdi. Maşını aşağıda qoyan, plaşının yaxalığını qaldırmış Ziyaülhəqq ətəyi şəhərə toxunan dağın döşündə salınmış, yastı-yapalaq , alçaqlı-ucalı evciklərin arasından düşmüş dar, dolanbac çığırla üzüyuxarı qalxırdı. Əlləri plaşının cibində idi. Sol cibində pul bağlısı, var idi. Elə bil od aparırdı cibində. Hərdən barmaqları pula toxunanda kişinin əli yanırdı elə bil...
İkinci hissə, on birinci fəsilHəyət-bacaya sakitlik çökmüşdü. Qu desəydin, qulaq tutulardı. Elə bil yarım saat bundan qabaq çal-çağır olan həyət deyildi. İkidən işləyirdi. Qonum-qonşu da çəkilib getmişdi. Əbdül pilləkənin aşağısında oturub dizlərini qucaqlamışdı. Darvazada, eyvanda, sütunlarda yanan işıqları söndürməmişdi. Elə yorulmuşdu ki, qalxıb yatmağa belə ərinirdi, ayaqları zoqquldayırdı.Yuxarıdan da səs-səmir gəlmirdi. Deyəsən ağa ilə xanım da yatmışdı. Ancaq Əbdül səhv eləyirdi. Nəcməddin qızını yola salandan sonra dönüb qonaq otağına keçmiş, qədəhinə şərab süzmüş, qabağına qoymuşdu, ancaq içməmişdi. Başını aşağı əyib qolunun üstünə söykəmişdi, düşünürdü:
İkinci hissə, on ikinci fəsilDarvazanın yanında siqnal səsi verildikdə Əbdül namaz qılırdı. Namazı yarımçıq qoymaq olmazdı, ancaq çarəsi nə idi — «Allahü əkbər!» — deyib ayağa qalxdı və qaça-qaça gedib darvazanı açdı. Ağayi Nəcməddin maşını içəri salanda Əbdül adəti üzrə əlini sinəsinə qoyub baş endirdi və lay qapıları örtüb bağladı. Nəcməddin maşından düşdü. Səndirləyirdi, sərxoş idi. Kefi kök idi.– Hə, Əbdül, nə təhərsən eyyy? — deyə uzada-uzada nökərin halını soruşdu — Neynəyirdin?