Xortdanın cəhənnəm məktubları
Содержание
Страница 4 из 25 · 12%
Azərbaycanlıların.
Məşədi and içirdi ki, İmamqulular adlanan bir mənzilə gəlib düşmüşdü. Gördü karvansaranın qapısında böyük qara daşlar yan-yana düşüb. Karvansaranın dərbanı nağıl etdi ki, bu daşlar bu gecə buraya gəliblər; ziyarətə gedirlər, sabah durub bunları burada görməyəcəksiniz.
– Sübh, – deyir, – durduq, gördük, həqiqət, o daşlardan bir nişanə yoxdur.
“Çinaran” adlanan mənzilə gəlib haman daşları orada gördüm...
Məşədi camaatı inandırmaq üçün neçə dəfə getdiyi İmama and içdi. Camaat da ağızlarını ayırmış onun söhbətlərinə qulaq verib, peydərpey salavat çevirirdi.
Qalaq asanların hesabı artdı. Bunu görüb məşədi dedi:
– Camaat, bu saat mənim evimdə bir seyid qızı əyləşib. And olsun gedib üzümü sürtdüyüm qəriblər şahına, bu saat onun əynində libası yoxdur. Mən öz tərəfimdən on manat verirəm. Sizin də kərəminizdən nə gəlir, müzayiqə etməyin.
Məşədinin söhbətindən ürəyi yumşalmış camaat başladı pul toplamağa. Ağır miqdarda bir məbləğ cəm olub məşədiyə vüsul oldu.
Neçə vaxtdan sonra işin üstü açıldı. Həqiqətən bir seyid qızı haman günü məşədinin evinə libassız əyləşibmiş, o da məşədinin öz arvadı imiş.
Heç kəsə onun arvadının seyid qızı olduğu məlum deyilmiş. Sübh evdən çıxanda məşədi arvadına əmr eləyir ki, o, bazardan qayıdınca libassız əyləşsin. Bu da onun üçün imiş ki, məşədinin andı yalan olmasın. Bundan da sonra özgə bir mədaxil yolu tapdı.
Birdən eşidir ki, filan kənddə filan sərvətdar mərhum olubdur. O saat atını minib gedib oraya. Içəri daxil olub, başlayır hönkürtü ilə ağlayıb başına vurmağa:
– Əlimdən gedən qardaşım vay! Ümidim vay! Belimin dayağı vay!..
Habelə...
Üç gün yaxa açıb təziyədar olur. Üç gündən sonra mərhumun ailəsinə sərsəlaməti verib deyir:
– Daha mən getdim. Dükanım sahibsizdir. Ancaq bir iş var, deməyə xəcalət çəkirəm.
– Nə iş var, məşədi? Buyur!
– Yox, qalsın, bir ayrı gün danışarıq.
– Axır genə, de görək nədir?
– Gərək mən söhbəti açmayaydım. İndi ki bir səhv elədim, gərək deyim, rəhmətliyin mənimlə bir xırdaca hesabı var. Keçmişdə mal apa-
rıbdır, bir əlli manat qalıbdır. Mən bir söz demirəm, istəmirəm də. Istəyirsiniz mərhuma halal eləyim. Ancaq deyirəm ki, biləsiniz.
Mərhumun varisləri bir-birinin üzünə baxıb, ürəkləri yumşalmış hallarında ölülərini şüğlizimmə eləmək istəməyib pulları verirlər.
Bəzən oxu daşa da toxunur: mərhumun varisləri görürsünüz ki, deyirlər:
– A məşədi, sənin sözünə inanmamağa haqqımız yoxdur, məşədi kişisən, səndə yalan olmaz. Ancaq nisyə mal almaq mərhumun adəti deyildi. Bir il çılpaq qalmağa razı olardı, üç arşın nisyə qədək almazdı.
Cavabında məşədi deyir:
– Nə etməli, siz vermirsiniz, mən də istəmirəm. Pul deyəndə əl çirkidir, rəhmətliklə iyirmi il duz-çörək yemişik, qurban olsun o duzçörəyə. Bunu deyib varisləri şübhəli qoyub atını minib, çıxıb gedir.
Bir neçə gündən sonra görürsünüz varislər şübhədən çıxmaq üçün özləri gəlib azdan-çoxdan məşədiyə verib halallıq alırlar.
Bu məşədinin peşəsi budur. İndİki dükanı boşdur, gedib ölü sahiblərindən pul istəyəndə deyir:
– Parçanı mərhum mənim qonşumdan alıbdır. Yanında pul olmayıb, mən vermişəm.
Bu yaxında “Xocalı” adlanan bir kənd var. Bu günlərdə orada Hacı Zeynal adlı bir varlı kişi vəfat eləyibdir. Məşədi yəqin onun təziyəsindən gəlir. Görəsən varislərindən nə qədər çırpıbdır.
“Xocalı” çayını və “Çaparxana”sını keçib bir səhraya çıxdıq. Yolun altında və üstündə nizamla düzülmüş “Tökmə təpələr” var idi.
Məşədi Səttar nağıl etdi ki, bu təpələr də qədim hasardandır. Burada qədim zamanda Sultan Səlimlə Şah Ismayılın arasında böyük müharibələr olubdur.
Bir az getmiş gördük ki, bir nəfər şəxs bir kürən atın belində yel kimi gəlir. Atın ayaqları guya yerə dəyməyirdi. Yaxınlaşıb, salam verib, güllə kimi ötüb keçdi.
Məşədi Səttar dedi:
– Bu da bir tühaf vücuddur; yol üstüdür, bundan da bir qədər sizə nağıl eləyim, vaxt keçsin.
Dedim:
– Buyur.
Məşədi başladı:
– Bu şəxsin adına Hacı Mehdi oğlu Əsgər deyirlər. Atası buna böyük sərvət qoyub getmişdi. Sərvətin çox yarısını dost-aşna yolunda xərc etdi. Qış fəslində az gecə olardı ki, bunun evində neçə nəfər qonaq plov yeməsin. Bahar fəslində hər həftə dost-aşnalarını şəhərin ətrafındakı çay kənarlarına, meşələrə, bulaqlara, “Turş su” deyilən yerə qonaq çağırıb, xanəndə və nəvazəndələrlə onlara kef verərdi.
Bir dəfə dost-aşnasına xəbər verdi ki, hamısı cümə günü ona, aşırma plova qonaqdırlar. Biz çox fikir elədik ki, “aşırma plov” bu nəyə deyir, bir şey anlaya bilmədik.
Axşam cəm olduq onun evinə. Adama bir-İki stəkan şirin çay içib bir qədər söhbət edəndən sonra hər İki adama bir məcməyi plov gəldi və hər məcməyidə İki ədəd kəklik ayaq-ayağa bağlanıb plovun üstündən aşırılmışdı. Aşırma plov bu imiş.
Qalan dövlətinin də axırına Irandan gəlmiş bir dərviş daş atdı. Dərviş elmi-kimyada məharət yetirdiyinə bunu inandırıb və hər mədəni döndərib qızıl eləmək sirrini bildiyini söyləmişdi. Bu bədbəxt oğlu aldanıb dərvişi gətirib saldı evinə. Əlində olan mayanın hamısını kürədə yandırandan sonra, bir səhər durub dərvişi qaçmış gördü.
İndi bunun Ağdamda bir xırdaca dükanı var, oturub alış-veriş eləyir. Hər nə qazansa dost-aşna yolunda xərc eləyir. Əgər bir nəfər onun axırıncı köynəyini istəyə, yəqin çıxardıb verər. İndi bundan sizə bir hekayə nağıl eləyim.
Bizim Ağdam bazarını gördünüz. Tühaf bir bazardır. Orada bu bazardan o bazaradək tamam bikarçılıqdır. Alış-veriş nüdrətən olur. Bəlkə bir yerdə ölü düşə, kəfən, sidrü kafur üçün bazara gələn ola. Dükançılar dəstə-dəstə o dükanda, bu dükanda yığılışıb, boş söhbətlərlə vaxt keçirirlər.
İttifaqən, Bakıdan, Tiflisdən, ələlxüsus Moskvadan tacirlərin biri qayıdıb gələndə bazarda bayram olur. Neçə günlərlə bədbəxtlərə rahatlıq verməyib, hər gün başına cəm olub, onu gördüyündən, eşitdiyindən, gedib gəldiyindən danışdırıb qulaq asırlar.
Haman buradan atlı keçən oğlan birdən bazardan yox oldu. Tamam İki həftə dükanı bağlı qaldı. Sonra məlum oldu ki, Qazax qəzasında bir nəfərdə “Diliboz” cinsindən bir atın sorağını eşidib, onun dalınca gedibdir.
Haman atdır ki, İndi altında idi.
İki həftədən sonra bazar adamı bunun qayıtdığından xəbər tutub, bir-birlərinə söz verdilər ki, Hacı Mehdi oğlundan haraya getdiyini və
bu İki həftənin ərzində nə yerlərdə gəzdiyini bir nəfər xəbər almasın. Guya ki, o, buradan heç bir yana getməmişdi.
Əsgər gəlir bazara. Dükanların qabağında dolanır. Ancaq bir dükançı buna etina eləməyir. Salam verir. Salamını soyuq bir halda alıb, yenə işinə məşğul olur. Əsgərin bağrı çatlayır. Necə ola bilər ki, bu, bir belə zəhmət çəkib gedib “Diliboz”lardan at gətirsin, amma bunu bir adam xəbər almasın! Bir də baxır, görür, bir dükanda beş-on nəfər dükançılardan cəm olub söhbət eləyirlər. Birbaş yanaşır oraya:
– Salaməleyküm.
– Əleykəssalam, ağa Əsgər, niyə əyləşməyirsən?
Əsgər əyləşir. Camaat öz söhbətində davam eləyir. Əsgər nə qədər gözləyir ki, bütün bu müddətdə harada olduğunu bir xəbər alan olsun. Ta o da nə növ gedib gəldiyini söyləsin. Bunun əvəzində dükançılar hər biri bir bəhanə ilə durub dağılmağa üz qoyurlar. Birisinin dükanı sahibsiz qalıb, birisinin namazı keçir, birisi axşam yeməyi üçün tədarük görməyibdir, birisi poçtla gərək pul barat eləsin. Xülasə, bir-bir durub gedir, Əsgəri dükan sahibi ilə bir yerdə qoyurlar. Dükan sahibi isə dəftər-çotgəni çıxarıb hesaba məşğul olur. Əsgər bir qədər əyləşib qalxır ayağa.
– Xudahafiz!
– Xudahafiz, ağa Əsgər!
Bunu deyib dükançı yenə başını aşağı salıb məşğul olur. Əsgər məyus qayıdır öz dükanına.
Dükançılar bununla bir neçə dəfə belə rəftar edəndən sonra Əsgər əhvalatı duyur.
Bir dəfə yenə görür ki, bir dükanda neçə nəfər əyləşib laqqırtı vurur. Durub yavaş-yavaş o tərəfə yönəlir.
O biri dəfələr tək dükançılardan biri qalxıb deyəndə ki:
– A kişi, yaxşı yadıma düşdü, Hacı İmamqulunun vekselinin vaxtıdır, aparım onun pulunu verim.
Əsgər ondan cəld qalxıb, əbanın altından beşaçılan tüfəngi çıxardıb, patronlayıb dedi:
– Əyləş yerə! Yoxsa odladım! Hər kəs yerindən qalxsa, atamın oğlu deyiləm cəmdəyini yerdə qoymasam!
Hamı susub sakit əyləşdi. Əsgər dedi:
– İndi qulaq verin. Bir nəfərdən xəbər tutdum ki, Qazax mahalında Rüstəm bəyin ilxısında “Diliboz” nəslindən bir at var ki, dünyanın yarısına dəyər...
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-xortdanin-cehennem-mektublari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İki pərdəli dramİştirak edənlər
Birinci pərdəPərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin*heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və*
İkinci pərdəQafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.Əkbər**. Ana gəl bu ağı mənim boynuma tik.
Yeyərsən qaz ətini, görərsən ləzzətiniKeyfiyyəti-qəribədir ki,üç məclisdə tamam olur
Стихи других поэтов
Ey ağalar necə olurHalı yardan ayrılanın
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.