Иса Гусейнов · Проза
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Min doqquz yüz əlli dördüncü il ilə min doqquz yüz səksən səkkizinci illər arasında, yəni Sultan Əmirlinin yeganə yadigarı Mədədin otuz dörd illik ömründə, necə deyərlər, çox sular axsa da, Mədəd universitetin dissertantı olub, tarix elmləri namizədlik dissertasiyasını tamamladığı bir vaxtda gözlənilmədən hər şeyi atıb, Qonaqlıdakı Əmirli mülkünə qayıtdığı günə qədər baş verən hadisələr içində, Əmirli nəslinin sonuncu nümayəndəsi kimi tanınan bu oğlanın zehnində üç hadisə daha dərin iz salmışdı.Birinci hadisə: Mədəd hələ beş yaşında ikən əmisi Səməd Əmirli rayonda ən məşhur – bilikli, bacarıqlı kolxoz sədri sayılarkən Bakıdan general Məhərrəmov ağ, par-par “Volqa”sında gəlib onu – Səmədi zorla maşına basıb aparmışdı və Səməd cavan, gözəl arvadı Torksinlə oğulluğa götürdüyü körpəni Qonaqlıda qoyub, ildə bir-iki dəfə bir-iki günlüyə qayıtmağı sayılmasa, uzun müddət yoxa çıxmışdı.
Kainat sakinləri 2Müslüm gedəndən sonra Sultan dönə-dönə başını bulayıb, papiros sümürdü.– Sui-qəsd... Yenə sui-qəsd! Ağ Əmirnən Boz Əmirin başlarını xurcunda gətirib nümayiş elətdirdilər qələbələrini! “Boqi obezqlavleni” yazdılar, yenə də qələbə hiss eləmədilər. O tayda qırğınlar, bu tayda sürgünlər, qırğınlar! Türkiyədə bədbəxt AtaTürkümüzün öldürməknən kifayətlənməyib orda da gizlin qırğın getdi! Ermənilərin aralarındakı Sovet kəşfiyyatçılarıynan bir yerdə Andranikin qılıncını işə saldılar! Yenə sakitləşmədilər! Pariji, bütün Avropanı Erməniynən doldurub tufan, tünü kimi antitürk təbliğata başlayıb dünyanı əleyhimizə qaldırdılar! Guya Bakıda on səkkizinci ildə Türkü qıran da Erməni deyilmiş! Guya əsas neft yataqlarını xaricilərə satan da Erməni deyilmiş! Hətta Leninə məktubları var: “Baku, eto armyane i ruskiye!” Uddular var-yoxumuzu, yenə də qələbə hiss eləmədilər! Yekəbaş, pensneli “ziyalı” Beriya Moskvaya çağırdı, gözümün içinə dedi: “Mı boremsya s boqami, çtobı osçastlivit lyudey!” “Vot “Bibliya”, proçti, Sultan: “Avram pobedil Boqa”. Ponyal?!..³⁸ “Bir gecə səhərə qədər içə-içə mübahisə elədik, çalışdım başa salım ki, “Avram” deyil, EvƏrimdi, Bağ Atanın oğludu, atasıynan döyüşməz. Qanmadı: “İtak, “Bibliya” vret?!”³⁹ Yenə çalışdım qandırım ki, “Bibl”iya deyil əsli, OdƏrcə – türkcədi orijinalı. “Tövr+at”, “Tora” adları OdEvƏrdəndi, “Bibl” – Bağbildəndi. “Xa! Xa! Xa!” – qəhqəhə çəkdi... Güllələndi!... Heç Stalin də öz əcəliynən ölmədi... Bunlar heç... Romanovların taleyini danışıram, görün deyirəm necə faciələrnən qurtardı dövranları. Dərs götürün, ayılın deyirəm. Qanmırlar, oğul! Qanmırlar! Əmma qorxma. Qurtaracaq bu qanqırğınlar!.. Mənim ölümünnən dəyişdirəmməzlər dövranın gedişatını: Millətin Pünhandı, ƏsAğ – “Aşıq”dı, Alimdi!...
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Süleyman padşahın xəzinəsi 11Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.
Süleyman padşahın xəzinəsi 1Zaman o zamandı ki, bir hissəsi Cənubi Azərbaycan, ikinci hissəsi Şimali Azərbaycan və sair adlandırılan ölkənin bir qismi “super dövlət” SSRİ-nin tərkibində, müharibədən təzəcə çıxıb, yoxsulluq, aclıq pəncəsində sıxılırdı. Amerikadan alınan, cəmaatın rişxəndlə “tısbağa yumurtası” adlandırıb, ancaq əlacsızlıqdan yediyi kiflənmiş yumurta tozu – “yaiçnıy paraşok” da nemət sayılırdı: taxılı, ətlik heyvanı, yağı, pendiri silib-süpürüb aparmış dördillik ağır müharibədən sonra bu “paraşok” demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı ucqar rayonların ən ucqar kəndlərindən tez-tez Bakıya gedib-gəlib kisə-kisə “yaiçnıy paraşok” gətirən, o biri tərəfdən Arazın o tayına ayaq açıb, ordan hər dəfə bir at yükü kişmişlə qayıdan Çax-çux Xalıqın Qonaqlıdakı həyəti bütün həyətlərdən yığnaqlı olmuşdu.Söyüd şivindən hörülüb, mal peyini ilə suvanıb, əhənglə ağardılmış yöndəmsiz daxmanın qabağındakı hamar palıd kötüyünün üstündə daş-tərəzi görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yeniyetməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin “payoku¹”ndan hər cür nemət dadıb özünü “kişmiş acı” saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində – qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, atasından “çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng əllərlə ciblərinə basışdırdığı rəngli pula – göy əlliliklərə, qırmızı otuzluqlara baxa-baxa, “Çax-çux özünə gün ağlasın, biz də özümüzə” – deyib gülüşsünlər.
Süleyman padşahın xəzinəsi 3Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin səkilərində dəstə-dəstə dayanmış çesuyça²⁷ kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.
Süleyman padşahın xəzinəsi 4Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Xəzinə üstündə yatan ilan 10Meydan əldə-ayaqda parçalanmış çamadan qırıqları ilə, əzik-üzük vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz-torpağa qarışmış “buxanka” “bulka”, “bublik” xıncımları ilə dolmuşdu. Günəbaxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi.Muradova həmin yerdə – boz “Pobeda”nın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə – hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan “nəlbəki gözlər”də soyuq rəsmiyyət parlayıb, “həyalı gəlin”i dərhal məhv eləyib, Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirirdi. Mirbağır müəllim də həmin yerdə – “Pobeda”nın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan-bu yana fırlada-fırlada, onun-bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, “Vay-vay” əvəzinə indi “Bezobraziye! Bezobraziye!” – deyirdi və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi, Səməddə dumanlı narahatlıq əmələ gətirirdi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 9Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.
Kainat sakinləri 1...O gecə olduğu kimi, Sultan yenə həmin balkonda, həmin vəziyyətdə, islaq yaylıq alnında, arxası üstə döşəli, asta-asta inildəyirdi.Səməd bir xeyli hərəkətsiz, iniltini dinləyib, nəhayət, dözmədi:
Süleyman padşahın xəzinəsi 12Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan Əmirli ilə Mədəd Əmirlinin “tərcümeyi-hallarını gizlətdikləri” barədə söz yayıldığı və “şeyx qardaşlarının əleyhinə kompaniya” başlandığı vaxtlar gecənin birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, “Müəllim” kliçkalı cavan bir çekist gəlib xəbər veribmiş ki, Mirqəzəbin şəxsən özünün sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət “üçlüyün” başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır; Şeyx Ağ Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı “Muğanna”larla – UluBağlılarla əlaqələrinə və “Kainat Elmi”nə – SafAğ Elminə aid bircə parça kağız, məktub, şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-⁷⁴ “Şeyx Xorasan” Naxçıvanda, Əlincə çayının qırağında, Xanəgah kəndinin yaxınlığında dəfn edilmiş məşhur “Yarı Pünhanın” – SafAğ Aliminin gizlin adlarından biridir. Müxtəlif adlar altında müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin (“Süleyman”ın, “Solomon”un) həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi. yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya aid bircə kitab, əlyazması-filan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları – köhnə çekist yoldaşları və şəxsən “Müəllim” özü Sultan Əmirliyə məsləhət görür ki, özünün və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o axtarış ərəfəsində “şeyx qardaşları”nın beş-üç həyanı, sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən “Müəllim” kliçkalı çopur, uzun adam imiş.
Süleyman padşahın xəzinəsi 2Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı “şinel” və müharibənin yadigarı “teloqreyka”¹⁹ yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin, qulluqçuların hamısı, ticarətdə, fermalarda, taxıl, yun, yağ tədarükündə gizlin varlanan adamların isə əksəriyyəti “kitayski makentoş” – plaş geyinirdi və hamı bilirdi ki, makentoşları Çax-çux gətirir... Axşamlar idarəyə gedən, idarədən qayıdan briqadirlərin, manqabaşıların,²⁰ xeyir-şər yığnaqlarından dağılışan ahıl adamların, hətta həyətlərdə tərpənişən qocaların, qarıların əllərində güclü “mil” işığı uzağı vuran Çin fənəri parıldayırdı. Elektrik işığından məhrum, zülmət küçələrdə, cığırlarda hamı Çin fənəri ilə gəzirdi və hamı bilirdi ki, fənərləri də Çax-çux gətirir, köhnə arvadı Badsəbanın öhdəsinə verib gedir, Badsəba isə hökumət adamı sayılan göyü, yəni kürəkəni Məsimin narazılığına, deyintisinə baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin²¹ üç para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc Qurbandan da ehtiyatlanmayıb, alverindən qalmırdı.²² Qurbanlı sovetliyi raykomun təlimatçılarından təkcə “Məsimin zonası” – ərazisi olsa da, Sultan əmi bu sakit, qaraqabaq oğlanı “əfəl” saydığına görə hərdən Səmədə “Get o əfələ kömək elə”, – deyirdi və bu vaxt Məsimə qoşulub Qonaqlıya gedəndə Səməd, Badsəbanın makentoşları cərgə ilə kəndirdən asıb, fənərləri kilimin üstünə düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri ilə görürdü, o uzun, qara adamın özünün də hardasa hərlənib-fırlandığını və bu şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqitəbii duyurdu, əmma o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı “yaiçni paraşok”, kişmiş alverçisini, təzə makentoş möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-filanla gizlin varlanan adamların əyinlərində makentoşları görəndə də Səməd dərhal o qara üzü görürdü, yollarda, cığırlarda, həyətlərdə Çin fənərlərinin projektorsayağı “mil” işıqlarını görəndə də dərhal o qara üzü görürdü, makentoşlar, fənərlər çoxaldıqca o qara üz də çoxalıb, yayılıb aləmi tuturdu, Çax-çux Xalıqın özü isə, o il qəbristandan gedəndi ki, hələ də gözə dəymirdi. Kənddə, rayonda, hər yerdə hamı ilə əlaqədə, ünsiyyətdə idi. Səmədin ayağı dəyən yerlərdə isə, elə bil havadan iy çəkib yoxa çıxırdı, bəd üzü bədəndən ayrılıb, qapağının hər küncündə bir mismar işıldayan tabutun yanında qarala-qarala qalırdı. Odur ki, hətta son iki ildə – Bakıda da Səməd onu unutmamışdı.¹⁹ Əsgərlər üçün qalın üst geyimləri.
Xəzinə üstündə yatan ilan 3...Heç yerdə dayanmadan, dincəlmədən qayıtdılar.Səhərə yaxın maşını birbaş Əlləzoğlunun həyətinə sürdülər. Səməd, açıq qapı arasından içəriyə: – Mənəm! – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 8Gülənov nə vaxt ayağa qalxdı, hara getdi, niyə getdi? “Yoldaş Səmədi” gündüz “çörək kəsməyə” çağırıb, axşamısı burda neştər çıxardan Qudalı ağsaqqalı, Qıllısı, Piylisi və it xılı məhləsinin gur dəstəsi ilə hara rədd oldu? Səməd bunların heç birini bilmədi. Sədr Mədədin Bircə balası ilə Qonaqlı cəmaatının yeddi il səkkiz ay ayrılığından sonra birdənbirə elə görüş vulkanı püskürmüşdü ki, bu vulkanın gözündə Sudüşən, Hacehsan çəmənlərinin axşam sərinliyindən, moy, mixək ətrindən, kəpənək, qaranquş qanadlarından, doğma səslərdən və isti nəfəslərdən başqa heç bir zir-zibil yoxdu: Səmədi qolları ilə yox, Sudüşənin, Hacehsanın axşam sərinliyi ilə qucaqlayırdılar, alnından, yanaqlarından dodaqları ilə yox, kəpənək, qaranquş qanadları ilə öpürdülər, öpəndən sonra üzünü kəlağayılarının, qıymaçalarının ucları ilə yox, moy, mixək ətri ilə silirdilər, qucaqlaya-qucaqlaya, öpə-öpə dediklərini də adi səslə yox, ən gözəl mahnıdan da gözəl mahnı ilə deyirdilər:– Mədədimizin balası, Mədədimiz! Umudumuzu sənə bağlamışıq, ay umudumuz! Dizimizə dirək gətirdin, ay dirəyimiz! – deyirdilər.
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Xəzinə üstündə yatan ilan 1Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm, yola düşər-düşməz, o konvertə işarə eləyib:– Sənədi. Oxu, – dedi.
Xəzinə üstündə yatan ilan 2Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.
Xəzinə üstündə yatan ilan 9Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları “yel fanarları”nın işığında baş verdi.Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə “dustaq damı” adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda – anbarın qabağında Səmədin lap körpəlikdən – otuz dördüncü-otuz beşinci illərdən bəri, avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi: qapan-tərəzidə pambıq çəkilirdi.
Süleyman padşahın xəzinəsi 10Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.
Xəzinə üstündə yatan ilan 4Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Süleyman padşahın xəzinəsi 13Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.
Xəzinə üstündə yatan ilan 11Xızr Abının müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta Qarışqa qarının da dirçəldiyinə, ümumi şadlıq, vəcd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən-ayaqdan düşmüşdü, yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Əmma hardasa nal səsləri və Qurban əminin “Qorxmayın! Qorxmayın! Sultan özü gəlir”, – dediyini eşidəndə bədəni tarıma çəkildi.– Torksin! Qara Zal! Sarı Zal! Qızlı, oğlanlı, hamı dalımca gəlsin. Əlləzoğlunun evinə getməliyik. Hamılıqla! Gəlin! Əlləzoğlunun evinə!
Ön sözFəlakətin həlledici mərhələsi onda başlandı ki, Qrek-Latın quldarlıq qanunları əsasında qurulmuş Vizantiya imperiyası 604-802-ci illərin dünya müharibəsində hərbi qələbələrini daha güclü fatehlik silahı olan Xristianlığın qələbəsinə çevirib, bu dini iki yüz il müddətində öyrənilən müxtəlif dillərin köməyi ilə müxtəlif ölkələrdə müxtəlif variantlarda yaya-yaya, o vaxta qədər planetin əsas – gur yaşayış yerlərində bəşəriyyətin vahid Elm – həqiqət dili kimi mövcud olan OdƏr dilini bir daha rəsmi qadağan etdi; hələ birinci əlliminillik tarixdə, sonra isə Yeni tarixdə (Xristianlığın yayıldığı əsrlərdə) hər cəhətdən təhrifə uğradılan, Kainat həqiqətlərindən uzaqlaşdırılan planetimizdə OdƏr dilində Bağ (insanı insana və bəşəriyyətimizi Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ) kəlməsi Qrek-Latın dilində təhrif “Boq” sözü ilə əvəz olundu, SafAğ İnsanın (Bağın) Əli – Oğlu mənasında işlənən ƏlAğ kəlməsi Ərəbin təhrif “Əllah” (“Allah”) sözü ilə (təkallahlığla), BağhəmOd (vahid həqiqət Bağı) rütbəsi “Mühəmməd” adı ilə əvəz edildi. Bəşəriyyətimizin yalnız az bir qisminə (təhrif “Muğ”, “Mağ” kəlmələrilə adlandırılan, “atəşpərəst” sayılan gizlin Bağlara) məlumdur ki, dinlərin əsasındakı kitablar, o cümlədən “Bibliya” (“Tövrat” – “Tora”), “Yevangeliya” (“Novıy zavet” – “İncil”) “Quran”da, vizantiyalıların özlərinin məcburən etiraf etdikləri kimi, “Bağ dilində” – “na bojyem yazıke” (yəni OdƏr dili ilə bu dil əsasında yaranmış Tərik – “Türk” dilində) verilmiş kitabların son dərəcə təhrif tərcümələrindən, uydurmalardan, əfsanələrdən ibarətdir. Həqiqətin nə dərəcədə təhrif edildiyi və təhriflərdən necə qlobal – ümumbəşəri fəlakət törədiyi barədə bu müqəddimənin özündə də az-çox təsəvvür vermək üçün bütün açıqlığı ilə deyilməlidir ki, zahirdə biri-birinə düşmən rolu oynayan dinlər, kökü vahid OdƏr bəşəriyyəti olan xalqları dil-şüur və mənəviyyatca ayırmaq, parça-parça ərazilər, sərhədlər daxilində məhdudlaşdırmaq, bəsitləşdirmək, nəticədə vahid Din mərkəzi Vatikanın – gizlin quldarlıq dövlətinin tələblərini təmin etmək məqsədi güdür. Planetimizdə əsrlərdən bəri hökm sürən dini, siyasi qadağalar, saysız-hesabsız “elmi” (“tarixi”, “etnik”) arakəsmələr (süni psixoloji düşmənliklər) mühitində Kainatdan xəbərsizlik, açıq deyirəm, “sivilizasiya” altında cahillik o dərəcədə qatılaşıb ki, bu cahilliyin yaratdığı labüd “katastrofa” qarşısında indi Vatikan dövlətinin özü də qorxuya düşüb, nisbi proqressiv dairələrin planetdə “bütün dinləri birləşdirmək” təklifini, “həqqi təhrif edən xristianlıq”, “fundamental İslam”, “təriqətlər İslamı”, “Bəhayilik”, “Yəhudilik”, “Buddizm” və sair “dini”, “elmi” “izmlər” əvəzində, mövcud Vahid həqiqəti yaymaq ehtiyacını rədd edə bilmir. Mən sözün əsil mənasında ürək ağrısı ilə, faciə içində bildirirəm ki, əsrlər boyunca Vatikan casuslarının təlimatları əsasında (“öz əlimizlə”) gah açıq, gah da gizlin məhv edilən “Muğ” – Bağ nəslinin təhrif adı (“Muğanna” – “Bizim Muğlar”) altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti – SafAğ Elmi hələ də təhrif “izm”lərin müqavimət səddi arxasındadır. Yeni Zaman – 2000-ci il ərəfəsində sədd dağılmalıdır, təhrif insan məhz SafAğ Elmi sayəsində maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə – əbədi həyat planetlərinə qovuşmalı, yəni “Yer” – EyƏr (Uca İşıq) planetinə gizlin gəlib gedən İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət baş verəcək.Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən Əsərlərin hamısını yenidən işlədim. “İdeal”, “Ölüm-dirim” Əsərlərində və bir səhifəlik “Peyğəmbərin möhürü”ndə Elmin əsası verilib; bu üç Əsərlə tanış olmayan oxucu dördüncü, beşinci, altıncı, yeddinci Əsərləri – “qəbristan” – “Gur Ünü”, “İsahəq, Musahəq”, “Məhşər”i (“ƏnŞər-MənŞər”i) dərk edə bilməz. Təkrar edirəm; Əsərlər yalnız burada göstərdiyim xronoloji ardıcıllıqla oxunmalıdır ki, fayda versin.
Süleyman padşahın xəzinəsi 8Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...