Məzmun
  1. Əş’ar
  2. Rzaqulu xanın tərcümeyi-halı
  3. Böyükxanımın tərcümeyi-halı
  4. Qəzəl
  5. Qəzəlin sətri tərcüməsi

Səhifə 3 / 3 · 67%

Böyükxanımın tərcümeyi-halı

Rzaqulu xanın övrəti Böyükxanım Kirman valisi Xudayar xan Səmsamüddövlənin kəriməsi olub, Böyükxanım iyirmi bir sinnində Rzaqulu xanın evinə gəlib 38 sinninə qədər iki oğlan, bir qız doğa bilmişdi. Böyükxanım özü ilə bərabər Rzaqulu xanın evinə yüz min tümən dövlət gətirdiyindən maəda heç bir başqa varisə malik olmayan atası bütün var-yoxunu vəfat elədiyi vaxt Rzaqulu xanın övladına vəsiyyət etmişdi.

Böyükxanım ibadət və şəriət, şəriətin üstünə sonradan əlavə edilmiş bid’ətləri dost tutan bir qız idi. Çünki tərbiyəsi öz anasından, bir də xüsusi müəlliməsindən olmuş idi. Tərbiyət elmi-qur’an və başqa bir də üsul kitabları idi. Atası Xudayar xan Böyükxanımın müəlliməsinə qur’anda Yusif sürəsini ona oxutmağı mən etmiş idi. Çünki övrətin eşq və məhəbbət mə’nalı sözlərdən oxuması ona xoş gəlmirdi. Ondan əlavə məxsusi bir qur’an yazdırıb onda Yusif sürəsini yazdırmamışdı. Böyükxanım Rzaqulu xanın evinə gələnə qədər küçə üzü görməyib, övrət nədir, kişi hansı hüquqa malikdir anlamırdı. Böyükxanımın gördüyü bir məxsusi məscid və özlərinə məxsus hamamdan ibarət idi. Bundan da əlavə əttar Haçı Xürrəmin övrəti gəlib hər gün Böyükxanıma tikiş tikmək və sair ev adabı tə’lim edərdi. Böyükxanım əl tikişi tikməkdə mahirə olduğu kimi layiqli bir şəriət müəlliməsi də olmuşdu. Əmma Böyükxanımın misli bir hüsni-vəcahət sahibi o vaxtlar Təbriz mülkündə tapılmırdı. Çox gözəl idi. Mə’tədil qaməti, iri qara gözləri, nəhayət uzun və qara tükləri var idi. Parlaq nasiyəsini bir görən bir də görmək istər idi. Lakin onu görmək bir günün işığına, bir də gecənin o xoşbəxt qaranlığına mümkün idi. Qaranlıq Böyükxanımın qara gözlərini, qara zülflərini gördükcə daha da qaralıb, işıq dəxi işıqlı üzünü gördükcə daha da ziyalanırdı.

Böyükxanımın yanına çox e’timad olunmuş qulluqçular buraxılırdı. Eşiyə çox az çıxar idi. Böyükxanım, atası ilə məscidə girdiyi sırada bir nəfər şairə təsadüf etmiş, Böyükxanım şairə dönüb baxdığı üçün şair onun haqqında farsi olaraq, dəxi bir qəzəl də inşa etmişdir. Haman qəzəli isə məktəbi-Loğmaniyyə şagirdlərindən Xosrov xan bizə göndərdiyi üçün burada yazılmasını münasib gördük.

Qəzəl

Toyi künun bexəto xalo hosno dilbəre-Təbriz
Kirifte zivəri əz roxe to kişvəre-Təbriz.
Beruyi-muyi bənakuşe şahu mahi-zəmini,
Xoda soporde tora taco təxto əfsəre-Təbriz.
Qiyamətəst, nə qamət, benaz əgər bexorami
Yəqin tülu kənəd sobhe-ruze-məhşəre-Təbriz.
Xətaye məhz bevəd kirəmət moqabele hura
Xilafe-əql, behişt ər bevəd bərabəre-Təbriz.
Bərayi-əhlinəzər çün to bigərino nəziri
Nəzadə, baz gəzayəd yəqin ki, madəre-Təbriz.

Qəzəlin sətri tərcüməsi

Xətt, xal, gözəllik cəhətdən Təbrizin dilbəri bu gün sənsən,
Gözəlliyi Təbriz vilayəti sənin gözəlliyindən almışdır:
Bu birçəklərinlə sən Yer üzünün padşahısan, ayısan,
Allah Təbrizin tacü-taxtını sənə tapşırmışdır.
Naz ilə yeriş etsən sənin qamətin qiyamət törədər,
Yəqin ki, Təbrizin məhşərinin sübhü açılar.
Səni huriyə bərabər tutsam böyük xəta etmiş olaram.
Təbriz də behiştə bərabər tutularsa əqlin xilafinə olar
Nəzər əhlinin yanında sənə oxşayan bir şey tapılmaz,
Təbrizin anası sənin kimisini doğmamışdır və doğmayacaqdır.

Lakin bu qədər hüsni-vəcahət və şöhrətə malik olan Böyükxanım layiqli bir hüsni-xülqə malik olmadığı üçün ailə rəftarını əsla bacara bilmirdi. Gecə-gündüzdə bir saat öz sahibi ilə rəftar edə bilməz idi. Böyükxanım əvvəlki adətinin xilafına olaraq gəzməyə-dolanmağa övrətlərin içtimaına getməyi və kişi küzərkahlarına, xüsusən, vəliəhd timçəsinə getməyi, cümə axşamları, sahibəzamana getməyi nəhayət dost tuturdu. Məəhaza Rzaqulu xanı Böyükxanımın bu adətləri narahat etməyərək, fəqət övladının tərbiyəsinə mane olması vücudunu, fikrini büsbütün işğal etmişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Atabəy Məhəmməd və Səba xanım

Atabəy Məhəmməd Şimali Azərbaycandan Həmədana qayıtdığı zaman, Atabəy məmləkətlərini hədələyən təhlükələr qismən azalmışdı; çünki Atabəy məmləkətləri üçün böyük bir qorxu təşkil edən Səlahəddin Eyyubi artıq əhli-Səlib müharibəsinə hazırlanırdı və buna görə də Bağdad xəlifəsinin dəvətini rədd etmək məcburiyyətində idi. Təzə xəlifə Nəsrəddinbillah ümidsizliyə düşdüyü üçün yenə də atabəylərin köməyinə sığınmağa məcbur olmuşdu. Bağdad ilə Atabəy Məhəmməd arasındakı əlaqə bu vəziyyətdə ikən Atabəy Məhəmməd Həmədanda başqa bir təşkilatın mövcud olduğunu hiss edir və təşkilatı ifşa etmək üçün hcç bir iş görə bilmir, xəyanətin izini ələ keçirə bilmirdi.Hüsaməddinin tez-tez Qətibə ilə görüşməsi, Sultan Toğrul ilə Hüsaməddinin səmimi əlaqəsi, eyni zamanda Zəhir Bəlxi ilə Kəmaləddin şairin Toğrul sarayında böyük və geniş ehsanlara nail olması Həmədanda atabəyliyə qarşı təzə bir xəyanət hazırlandığına əsas verirdi.

12 dəq
Bağdad

Gəncənin hakimi Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi:– Əlahəzrətin xahişi budur ki, xəlifə Nəsrəddinbillahın cülus gününü təbrik etmək üçün Şimali Azərbaycandan Bağdada gedən nümayəndələrin rəhbərliyini öz öhdənizə götürəsiniz.

8 dəq
Dürrətülbağdad

Fəxrəddin Xüld qəsrinin yanına getmək üçün Əmin qəsrindən aşağı düşdü. Axşam qaranlığı idi. Hansı tərəfə gedəcəyini bilmirdi. Bağdadda yaşadığının ikinci gecəsi idi. Heç yeri tanımırdı. Qəsrin qərb tərəfindəki meydançada yüzlərcə ağ uzunqulaqların durduğunu görürdü. Uzunqulaqların hər birisinin yanında bir nəfər qara qul durmuşdu. Hər kəs hansı tərəfə getmək istəyirsə, onlardan birisini kirayə edib minib gedirdi.Fəxrəddin qara qullardan birisinə yanaşaraq soruşdu:

13 dəq
Dilənçi xəlifələr

Günorta azanı vaxtına o qədər qalmırdı. Fəxrəddin Rəsafə camesinin qapısını kəsib durmuşdu. Bağdad xalqı günorta namazına hazırlanmaq üçün Rəsafə camesinin həyətində dəstəmaz alırkən camenin qapısını korlar və dilənçilər kəsmişdi. Divarların dibi, səkilər və hovuzların kənarı korlar və dilənçilər tərəfindən işğal olunmuşdu. Korlar və dilənçilər bir-birlərini dümsükləyərək kənara atır və irəli soxulurdular. Camenin qapısına yaxın olmaq üçün dilənçilər bir-birini döyürdülər.Fəxrəddin hər şeyi unudaraq, bu mənzərə ilə məşğul idi. Dilənçilərdən birisinin olduqca zəif bir koru vurub yerə yıxdığını görüncə o, təbii halından çıxdı, irəli gəlib koru dilənçinin əlindən xilas edib ovcuna bir qədər gümüş para tökdü. Kor barmaqlarını sürtüb paraların nə kimi para olduğunu yoxladı və sonra da dua edərək dedi:

11 dəq

Başqa şairlərin şeirləri