XVII

Kabinetin qapısı bir qədər yelli açıldı, uzun koridorda əyləşib sükuta gedən qapıçı ilə Qaloşlu adam səksəndilər, Kamilov onları görüb saymadan pufuldaya-pufuldaya içəriyə girdi, ağızucu salam verib stulu qapdı, stolun baş tərəfindən qoyub oturdu. O, əlindəki lülələnmiş kağızı tez açıb stolun üstünə sərməyə başladı.– Başdan-ayağa həngamədir, – deyə şikayətləndi. – Bu Baş Yağ İdarəsi iki ayağını bir başmağa qoyub boçka vermir ki, vermir, yağını yığıb göndərəsən özünə! Rayondan gedən hər bir teleqrama da boçka əvəzinə bir-birinin quyruğuna düyülmüş beş teleqram çəkir!.. Surəti ispalkoma, surəti raykoma, surəti artelə, surəti hara-hara?!. Yuxarıda boşbekar oturub aşağıdan özünü sığortalayır bu Baş Yağ İdarəsi! Bir baxın, – deyə Kamilov teleqramları çıxardıb Vahidova göstərdi. – Pir olmuş, deyəsən bəs mən özümü burda boçka qayıracağam?!.

Suleyman Rahimov194415 min
Məhtaban 13

Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.

Suleyman Rahimov13 min
XXXIV

Yavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..

Suleyman Rahimov194413 min
XLVI

Vahidov kəndlərdə olduğu zaman qeydlər edib yazı apardığı balaca bloknotlarını nəzərdən keçirdi, kimə nə tapşırıq vermək lazımsa, ayrı bir vərəqdə qeyd etdi. Rayon üzrə görülmüş işlər nə qədər çox olsa da, görüləsi işlər daha artıq idi. Bu işlər və mübarizələr içərisində Kamilovun, doğrudan da, qayda-qanuna sığmaz hərəkətləri Vahidovu daha çox düşünməyə başlayırdı. Bir də, prokurorla sədr arasında başlayan ixtilafa qarşı raykom katibi artıq öz açıq münasibətini göstərməli idi. Belə bir vaxtın çatdığını Vahidov görürdü. “Burada kim daha haqlıdır?” – deyə Vahidov öz-özünə sual verir, bir yanlışlıq olmasın deyə öz mühakiməsindən təkrar-təkrar keçirirdi. Bu axtarışda Vahidovun nəzərləri bir övlad məhəbbəti ilə qara qıvrımsaçlı Mehmanın üzərində dayanırdı. Mübarizə və gərginlik indi hər yerdə vardır, özü də dərin və kəskindir! Yeni həyat ciddi müqavimətlərdən, sinfi düşmən qalıqlarının fitnəkar qarğularını qırıb dağıtmaqdan, üz-üzə döyüşüb vuruşmaqdan keçib inkişafa doğru getməkdir! Bəli, baxanda keçən illərdəkinə nisbətən, bu kolxoz daha möhkəmlənir, o biri kolxozda ötən ildəkinə nisbətən məhsul daha çoxalır, məktəblərin sayı ilbəil artır, yeni həyat qaynayır, yüksəlir... Ancaq köhnəlik yenə inkişafa azmı mane olur? Baxanda Kamilov kimisi geriyə qalır, istər-istəməz köhnəliklərin qalıqlarına əsir düşür.Vahidov düşünür, qeyd və mühakimə edirdi:

Suleyman Rahimov194415 min
Məhtaban 7

Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı gərəkdi...Onların münasibətləri bu məqama çatınca, qoca yeganə qızından da biryolluq əlini üzürdü. Axır yeganə qızı qocanı dinləmir, onun dərdinə qalmır, əksinə, atasının mənliyini düşmən malikanəsində təhqir edib: “özünə süni, qondarma varis düzəldirsən” – deyə onu ana bətnində nəşv-nüma tapan övladını şübhə altına alırdı. Qoca Məmalikə görə indi bir Allah özü onu sındırmamalı, onun mülkünü, əmlakını düşmən həlakulara qismət etməməli, Pəhləvan Məhəmmədin yetimçəsindən ona öz varisini, mütləq oğlan varisini verməlidir!.. Yoxsa Məmalikin gözündə Allah ədalətsiz olar. Fürsəti fövtə verən, yuxudan gec ayılan Məmalikin sümükləri qəbirdə od tutub çırtaçırt yanar, tüstüsü də Savalana doğru dumanlanar...

Suleyman Rahimov10 min
XLIV

Mehman barəsində Kamilovun respublika prokurorluğuna göndərdiyi narazılıq teleqramına baxmayaraq, onun belə tez qayıdıb gəlməyi, prokurorluğun işinə birbaş girişməyi Kamilovu narahat edirdi. – “Necə ola bilər ki, mən boyda dağın teleqramı nəzərə alınmasın?” – Kamilov vurnuxur, heç bir yanda özünə yer tapa bilmirdi... Buna görə də o, hər hansı bir kağızı öz qabağına sərsə də, onu yarımçıq buraxır, bir sətir belə başına girmirdi, cinlənir, az qala durub daş-divarı gəmirmək istəyirdi, – “Bu nə işdir ki, heç mən özüm də baş tapmıram?” – deyə o gəzinirdi. Kamilov əsəbiliklə dartıb pəncərəni açsa da, yenə hava ona azlıq edir, hövlündən ürəyi az qala ağzına gəlirdi. Bu qayda ilə iş vaxtı qurtarınca Kamilov öz kabinetində gəzindi, evinə döndü, geyinib-keçinib yol gözləyən Zərrintaca baş ağrısından şikayətləndi. Cavan arvad qocanın bu halına yanıb təcili həkim çağırmaq istədi, ancaq Kamilov razı olmadan əlini qaldırıb yellədi... Kamilov öz əsl mərəzini Zərrintaca açmaq, onun yanında öz gücsüzlüyünü göstərmək istəmirdi. Axı bu neçə vaxt ərzində Zərrintac Kamilovu dağ boyda bir adam saydığı halda, o durub öz paxırını necə açsın, özünü alçacıq bir təpəcik kimi göstərsin?.. Yox, əsla belə şey ola bilməz!.. Heç bir zaman Kamilov kimi bir dağ bu işə getməz, öz şəstini əyib sındırmazdı?!. Axı heç bilmək olmur, bu cavan oğlan haradan prokuror olub bura gəldi, Kamilovun bu möhürlü qərarlarını araq-varaq eləyib, onun ovqatına belə acı soğan doğradı?..Axı nə üçün Vahidov bu Mehmandan belə bərk yapışıb, öz hərəkəti ilə ona ürək-dirək verir?.. Raykom katibi Mərdan Vahidov rayon prokuroru Mehman Atamoğlanovla bax gör necə də qoşa gəzir, vağzala getmək üçün katib özü prokurorun qapısına öz maşınını göndərir, o, Kamilov kimi bir rütbə sahibini burada qoyub, dünənki bir uşağa bel bağlayır, onun sözünə qüvvət verir?.. Bəli, deyəsən axı Kamilovun nüfuzu bir zəlzələyə düşür?.. Niyə bəs belə?.. Kamilov özünün laxladığını hiss edirdi!.. Bu zəlzələdən necə çıxmaq?.. O, bu hissləri özünə yaxın buraxmaq, bacardıqca özünü sındırmaq istəmirdi. Kamilov düşündükcə az qala özü də özündən çəkinir, öz gücsüzlüyünü özündən belə gizlədirdi... Zahiri bir bağırtı-çığırtı, hədə-hərbə gəlmək, beləliklə də öz günlərini başa vurmaq, özünü məğlubedilməz, kürəyi yerəgəlməz, Rüstəm-Zal hesab etmək də ona kömək etmirdi. Axı necə ola bilərdi ki, o öz dolaşdığını boynuna alsın? – Heç belə şey olardımı?.. Kamilov yatdığı yerdə eşələnir, dağ boyda iri gövdəsi ilə oyan-buyana aşır, dəmir çarpayını titrədirdi... Qəflət yuxusuna qapılıb yatmaq olmazdı!.. Durmaq, ağır addımlarla öz kabinetinə getmək, telefon dəstəyindən yapışmaq, ora-bura zəng etmək, işdən-gücdən söz salmaq gərək idi!.. Qoy hər bir kəs, o cümlədən Kamilovun özü də görsün ki, o dağ boyda bir adam necə də gur-gur guruldayır, onun səsi necə də güclü və qulaqbatırıcı bir heybətlə çıxır!.. Yox, qapanıb evdə oturmaq heç də yaramazdı. Bu hal Kamilov üçün indi hər şeydən qorxulu görünürdü. Kamilov öz kabinetini, niyə indi hər vaxtda olduğundan artıq sevir, buranı heç tərk etmək belə istəmirdi. Axı irəlicə o qədər də xoşlamadığı bu kabinet indi Kamilov üçün niyə belə qəşəngləşir... Bax, divar saatı, boyun-boyuna verən stullar, üstü örtüklü stollar, yumşaq divanlar, xüsusən sirr və güc əlaməti olaraq küncdə dayanan o polad kassa, stol üstünə düzülmüş telefonlar, bu pəncərələrdən görünən yal-yamaclar, dağ-daşlar indi hamısı, bax, bir gör nə dərəcədə Kamilovun xoşuna gəlir?.. Axı niyə indiyə kimi bu kabinet Kamilova belə göyçək görünmürdü? Hələ ki, ortalıqda elə bir şey olmadığı halda, niyə bəs Kamilov belə bir təşvişə düşübdür? Özü də bunu dərk edə bilmirdi. “Axı ürəyim niyə belə qurğuşun kimi ağırlaşsın?” Görünür, hamısı o Mehmandan, o Salamatov kimiləri haqqında olan qərarları qurdalayıb tərpətməyindən gəlir?!. Axı olmazdımı ki, Kamilov öz qaba və səhv hərəkətlərinə bir nəzər salsın?.. Onda Kamilovun şəstinə dəyməzdimi? Yox, tezcə kabinetə dönmək, stoldan yapışmaq, telefonçuların üstünə bağırmaq, öz gücünü sınamaq!.. Kamilov ayağa durub fısıldaya-fısıldaya geyindi, Zərrintaca bir söz demədən qapıdan çıxdı, özünü təngnəfəs kabinetə saldı, lampanı yandırdı, buradakı müxəlləfatı diqqətlə gözdən keçirdi. O, stula əyləşib telefon dəstəyindən yapışdı, zəngi zəng üstdən çaldı, doğrudan da o, hər yana səs saldı, hər dəfə ona “bəli-xeyr”lə cavab verildi. Bəs belə isə, bu nə vəlvələdir ki, Kamilovun canına düşübdür? O ayağa durub astadan fit çaldı, özünü toxtadıb ələ almağa çalışdı, gəzindi, sonra Murtuzova zəng vurdu.

Suleyman Rahimov194410 min
Məhtaban 20

Ərmağan belə cəza-fəza ilə meşin cildli Qurana dönə-dönə qəsəm qılandan sonra Məhəmməd qızı Məhtabanın dəruni dünyasında təzadlı çarpışmalar başladı. “Görünür Ərmağan xanım öz qoca atasını həlakular evində təhqir etməkdən peşman olubdur!.. Ərmağan tövbə edib öz bihədd günahını yumaq qərarına gəlibdir? Yoxsa ayrı cürə Ərmağan xanım hansı cəsarətlə Allah göndərən Qurana əl basıb, qəsəm qıla bilər, öz peşmançılığını bildirib, odlu göz yaşlarını sel kimi yanaqlarına axıda bilərdi? Əgər Ərmağan riyakarlıqla Quranı qəsəm qılıbsa, ürəyində bir, dilində başqa adam olubsa, deməli, onun cəzasını Allah özü verəcək, Qurana yalandan qəsəm qılan oğrular sayağında kömür kimi qaralacaq, bir cəhənnəmlik kimi torpağa gömülüb, qəbiristanlığın qırağında məluna qəbrini qabardacaqdır!..”.Məhtaban Məhəmməd qızı bismillahla başlanan əqdnamənin, qart-qalın kəbin kağızının sehrli tilsiminə düşüb, xan evində bunca ruhi əzab-əziyyətə məruz qaldığı halda, Ərmağan xanım hansı ağızla yalandan Qurana qəsəm qılıb, məkr yolunu tuta bilər, iblis olduğu halda, Allahın müqabilində mələk donunda gizlənə bilər? – deyən Məhtaban belə qənaətə gəldi ki, daha onların övladı deyəsən amandadır! – İndi hər bir vəchlə Məhtaban özünü iştibah girdabından çıxarmağa cəhd etməlidir! Demək, Ərmağan tərəfindən nə ana, nə də körpəsinə zaval toxuna bilməz! Əgər içəri açarı əlinə alan Ərmağan xanım körpəyə zaval toxundurmaq qəsdinə dolarsa, onda Allahın ecazı ilə əlləri quruyar, ayaqları şil-şikəst, gözləri kor, qulaqları da kar olar! Hələ dili də tutulub, nitqi də batar! Təbarək-təala görk üçün Ərmağan Həlakunu icmaya göstərib deyər ki: bəs yalandan mənim Quranıma qəsəm qılanın aqibəti bilin, belə olur!..”.

Suleyman Rahimov10 min
VII

Hüquq fakültəsinin salonu xüsusi bir səliqə ilə bəzənmişdi. Beş yüzdən yuxarı sanlar geyim-kecimli adamla dolmuşdu. Xoş bir ətir salonu bürümüşdü... Buraxılışa həsr olunmuş bu gecədə tələbələrin bəzi yaxın-uzaq qohumları, tanış-bilişləri əyləşmişdi. Birinci sırada oturanların içərisində Züleyxa, onun sağ tərəfində anası Şəhla, sol tərəfində isə Katibə xala əyləşmişdi. Geniş səhnə allı-güllü çiçəklər, parlaq rəngli məxmərlər içində itmişdi...Mehman rəyasət heyəti içərisində oturmuşdu. Professor Məlikzadə danışığını qurtarandan sonra hüquq fakültəsini əla qiymətlə bitirən tələbədən on beş nəfərin adını çəkdi. Bugünkü təntənə şəraitində bir neçə tələbənin diplomunu verməyini lazım bildi. O, birinci olaraq Mehmanın diplomunu əlinə götürdü: təhsil müddəti içərisində onun əla qiymətlə hüquq fakültəsini qurtarmağını qeyd etdi. Professor diplomu qaldırıb yellətdi:

Suleyman Rahimov194411 min
XVIII

Anbardar Məmmədxan ağzına qədər müxtəlif mallarla dolu anbarın içində, dəmir gözlüklü balaca pəncərə qabağında oturub sənədlərini də stolun üstünə sərmişdi. O, son zamanlar, rayonda başlanan ciddi təftişlər nəticəsində öz yazı-pozularını təkrarən diqqətlə nəzərdən keçirir, sahmana salırdı. İndiyə kimi fürsət tapıb Murtuz Murtuzovla görüşə bilməməyi onu çox bərk darıxdırırdı. Bu arada neçə dəfə o, Yavər Murtuzovanın yanına getmiş, müstəntiqi soruşmuş, onun idarədə bərk məşğul olduğunu bilərək əvvəlcə büzüşmüş, sonra qəddini düzəldərək şax addımlarla geriyə qayıtmışdı. Məmmədxanın bu dərəcədə narahatlığını eşidən Murtuzov aradabir fürsət tapıb işarası özünü anbara saldı. Ağzınacan şəkər tayları, yağ boçkaları, arşın malı bağlamalar və s. şeylərlə dolu olan anbar Murtuzovun ağzını sulandırdı. O, bir müstəntiq görkəmi alıb anbarın mallarını yoxladı; toza bulanmış halda qayıdıb balaca stolun yanına gəldi.– Bilirsənmi, aşna, işin çox yaman yaşdır, – deyə o, rəsmiyyət ahəngi ilə dilləndi. – Az da yox, çox-çox yaşdır!.. Hələ bilmirəm bu stola sərdiyin cızma-qara kağızlarda nə var?.. Ancaq diqqətlə baxanda, anbar siçanla doludur. – Murtuzovun qırışıq üzü açıldı, o səsini qaldırdı. – Hər şeyin bir qaydası var, aşna! Özünü də gündə dörd kərə başıalovlu bizə atırsan! Sən bəyəm qanıb bilmirsənmi ki, bu yer üzündə mənim dolaşıq işi görməyə gözüm də yoxdur?!.

Suleyman Rahimov194410 min
XLVIII

Şəhər kənarındakı klub oğlanla dolmuşdu. Bu gün burada mühazirə olacaqdı. Komsomol komitəsinin katibi Əhmədov bu mühazirəyə qulaq asmaq üçün aktivdən ətraf kəndlərə göndərmiş, komsomolçularla birlikdə başqa gənclər də çağırtdırmışdı. O bu yığıncağı xüsusi səylə təşkil etmişdi. Əhmədov hamının toplandığını görərək salon tərəfdən pilləkən yuxarı səhnəyə qalxıb, stolun arxasına keçdi, əvvəlcə qırmızı örtüyü çəkişdirib onun ora-burasını düzəltdi, dolu su qrafinini ortadan bir kənara qoyub balaca zınqrovu əlinə alıb səsləndirdi:– Yoldaşlar! – deyə komsomol katibi, göz gəzdirib salonun diqqətini topladı, sonra əlini geriyə daranmış şəvə saçlarında gəzdirib səsini ucaltdı: – Bizim bugünkü mühazirəmiz yeni sovet adamının, daha doğrusu, gənclərimizin mənəvi saflığı haqqında olacaqdır!.. Ancaq mən, mühazirədən qabaq sizin bura toplanmağınızdan istifadə edərək, bir müqəddimə kimi, sizə bir neçə kəlmə demək istəyirdim!.. Bizim raykom komsomol, son zamanlar özünə görə bir neçə təşəbbüslər etmiş, gələcəkdə də edəcəkdir. – O, qrafindən stəkana su tökdü, içmədən bir kənara qoyub davam etdi. – Biz məhəlli təsərrüfat şöbəsinin, yəni kommunxozun işinə, mütəşəkkil surətdə, dörd yüz yetmiş nəfər gəncin ongünlük, sabahdan axşama qədər fədakar köməyini düzəldib hov vermişik! Belə ki, stansiya arxını dəhnədən düzəldib, o sıldırım göy qayanı çarpanaq-çarpanaq çapıb, əbədilik daş novu salmışıq ki, su da o nova gəlir! Bizim komsomol da elə bir yoldaş olub ki, Fərhaddan da yaxşı külüng çalıbdır!.. Nədən ki, hər ilin selli baharında bu şəhər ayağı qıjıltılı çay köpüklənib kükrəyir, dağlar aşağı qollu-budaqlı ağacları süpürrəyib gətirir, bu dəhnəni də sil-süpür eləyib Araza aparır... Amma indi əgər bütün Qafqaz dağlarının seli toplanıb bura gəlsə, bu dəhnənin yanından qanadlı bir yel olub ötə bilməz? Niyə? Çünki bizim komsomol ordusu tər töküb zəhmət çəkmişdir! Niyə? Çünki demişik ki yoldaşlar, qoy bizim bu şəhərimizin gecəsi də gündüzü kimi çıraqban olsun!.. Qoy hər bir yandan kəndlər boylanıb bura baxanda görsünlər ki, doğrudan da bizim şəhərin gecəsi necə də çilçıraqban içində parıldaşır!..

Suleyman Rahimov194412 min
XLIX

Mehman Qaloşlu adamı o qədər də eşitmədən aralandı. Lakin Qaloşlu adamın ağzından çıxan bu qırıq-qırıq sözlərin, kinayəli və istehzalı pıçıltıların müqabilində o özünü ələ ala bilmirdi. Mehmanın ürəyi ömründə birinci dəfə idi ki, belə çapar kimi çapır, ağır-ağır döyünürdü. “Nə üçün bu sözləri eşitməzdən qabaq Qaloşlu adamın başı görünməklə mənim sözlərimin daxili məntiqi elə qırılsın?”. Mehman ağır-ağır düşünürdü. O, qurğuşun kimi ağırlaşan ayaqlarını güclə sürüyürdü. Zil qaranlıq, sanki ayrı bir zəhmlə göydən yerə enirdi. “Ağsaçlı müəllimə. Ağsaçlı, balışa dirsəklənmiş xəstə professor... Ağsaçlı, iztirablı, kədərli ana!.. Mehmanın sözlərinə qüvvət verən, onu hörmətlə dinləyən, boynu piyli, başı yağlı Əbdülqədirə qarşı onu müdafiə edən respublika prokuroru!.. Hələ düz on altı gün bundan qabaq rayon partiya komitəsində Vahidovun onu Kamilovdan müdafiə etməyi... Onun məruzəsini böyük maraqla dinləyən beş yüz nəfərə yaxın gəncin qaynar gözləri!”. Bütün bunlar bir xəyal sürəti ilə Mehmanın təsəvvüründə canlanır, bir-birini təqib edərək tez-tez ötürdü, Mehmanın nəzərində yeni-yeni qanada qalxan bir şahin yerə gəlirdi. Mehman dönüb buludlu göyə, zil, sal qaranlığa baxırdı. Yuxarıda, qaranlıq içində sanki ağ saçlar ağarır, bu adamların simaları heyrət və təəccüb içində görünürdü... Mehman birdən büzüşüb üşütməyə başladı. O, qılçaları qırılmış kimi taqətsiz dayandı.– Mən niyə birdən-birə, – deyə Mehman əlini sinəsinə gətirdi. – Axı nə üçün belə oldu? – Sanki onun atlanan ürəyi yerindən qopmaq, hara isə uçmaq istəyirdi. Birdən Mehman qaranlıq içində səndələyib soyuq divara söykəndi. Uca, qarlı dağlardan başlayıb yavaş-yavaş əsən yel Mehmana əsrarlı bir sərinlik gətirdi... Mehman dayanıb qulaq verdi. Ürəyindən bir səs gəlməyə başlayırdı. – Bu nədir?.. Bu çıqqıltı nədir?

Suleyman Rahimov194412 min
Məhtaban 6

Həlaku xan gəlini Ərmağanın gözlənilmədən üzə ağ olduğunu, pəjmürdəhal rəxt-xaba düşdüyünü görüncə kobud hərəkət etdiyini başa düşdü. O, oğlu Ərdahanı xəlvət guşəyə çəkib ona təkidlə tapşırdı ki, bu cəngəlli işdə bitərəf dayanmaq daha faydalıdır. Məmalik xanın özünə varis qazanmaq iştiyaqına düşməsi onları nə qədər göynətsə də, gərək hisslərini dərində gizləsinlər, hələ-hələ üzə açılışıb, bir söz deməsinlər. Çünki qoca Məmalik nə qədər atılıb-düşsə də, daldan atılan daş topuğa dəyəcək, Məmalik mülkü həlakuların olacaqdır! Qəzanın qədərindən oğlan övladı olmadığı üçün qoca uduzubdur, indi daha onun vaxtsız banlamağı, Pəhləvan Məhəmmədin yetimçəsini özünə gəlin gətirməyi bicadır.– Birdən qocanın bu əməli baş tutdu? – deyə Ərdahan atasının qarşısında öz nigarançılığını gizlətmək istəmədi. – Birdən Məhəmmədin yetim qızı düzmü, əyrimi pəhləvan babasına bənzəyən bir oğlan varisi doğdu, onda bəs necə?

Suleyman Rahimov10 min
Məhtaban 17

Həlaku xan öz gözləri ilə Məmaliki görməsə də, pişvaza çıxan olmadığından onun necə qeyzləndiyini təsəvvürünə gətirirdi. Məhəbbət mütəqabil olduğu kimi, nifrət də mütəqabildir. Madam ki, az çox müvazinət tapan qohumluq pərdəsi son zamanlar bunca tənəzzülə düşmüşdü, deməli, dədə-baba düşmənçiliyi qarşı-qarşıya dura bilər, mübarəkbadlıq əvəzinə, dava-şava başlaya bilərdi. Yenə də döyüş təbilləri çalınar, beşikdəki körpələrin zəhr-bağırları yarılardı.İndiki gör-görüşün, mübarəkbadlığın qanlı qalmaqala çevrilməsi çalbığ Həlaku üçün də heç də faydalı deyildi. Çünki açıq savaş qohumluq körpüsünü tamam uçurar, müqabil düşməni vaxtından əvvəl ayıq salardı. Buna görə də Həlaku xan qohumunun evində hər necə soyuq sifət görsə də, çalışıb üzə vurmamalı idi, “Dilin altında zəhər damlaları gizlənsə də, gərək dilin ucundan bal axsın!.. ”.

Suleyman Rahimov10 min
Məhtaban 19

Məmalik qulaq verincə, yatdığı otağın qapısı arxasında, enli dəhlizdə döşənən Təbriz fərşi üzərində asta hərəkət edən ayaq səsləri eşitdi: “Bu kim olsun belə? – deyə qoca qulaq verməyə başladı. – Ərmağan olmasın?1 Ərmağan xanım Məhəmməd qızı ilə mənim otağımın arasında dolaşmasın?1 Qulaq verib, qaranlıqda bizim nəfəslərimizi belə dinləməsin? Röyada ola bilən danışıqlarımızı eşidib bilmək istəməsin?1 İlahi, sən özün şahidsən ki, Ərmağanın anası Sərəncam xanım da bax, belə idil O, hey gendən mənə göz qoyur, danışıqlarıma da gizlicə qulaq verirdi. Guya aşkara gördükləri, eşitdikləri az idi, gizli qulaq verdikləri, gördükləri hesabda idil Arada bir məna olsun, olmasın, ciddi söz-sov olsun, olmasın?1”.Doğrudan da xan qızı Sərəncam xanımın peşəsi gizlindən qulaq asmaq, gizlindən güdmək idil Elə bil ki, Sərəncamın canı güdməkdə, bütün zövqü də xəlvəti qulaq verib, xəlvəti eşitməkdə idil Aşkar işdən Sərəncam xanımın zəhləsi gedərdi! Bir də Sərəncam göz açandan öz anasını gizlicə güdən, onu da öz ərinə xəlvəti qulaq verən, göz qoyan görmüşdü! Məmalik əzazil Sərəncamı xatırladıqca, Ərmağanın gəlişi ilə arvadının kabusu barigahda dolaşdıqca, Məmalikin təsəvvüründə illər uzunu canını xirtdəyinə yığan xan qızının pəstahları canlanır, kişinin əsəbləri yay kirişi kimi dartınırdı: “Bax, rəvayət edənlər deyərdilər ki, o Sərəncam xanımın anası məluna da hey Sərəncam xanımın atasını beləcə, mən sayaqda yay gününün üzülməz kölgəsi kimi təqib edirmiş!..”

Suleyman Rahimov10 min
Məhtaban 25

Ərmağanın bunca amansızlığı atasını təpəsindən dırnağına sarsıtdı, o avazımış halında sərilə qaldı... Ərmağan isə atasına hücum edib, onu bişərəflikdə müttəhim edir, qoca vaxtında oyanan eşqini təhqir edirdi. Qocanın əsəbləri yay kirişi kimi dartılır, fikri-xəyalı dəyişib dolanırdı: “Bu nə haldır? – deyə gözləri süzülən qoca dərin burulğana düşən sayağında boğulurdu. – Bu nə faciəli röyadır, Allah?”.Məmalik, gözləri ilə görsə belə, çox çətin inanırdı ki, qız da atasına qarşı belə amansız olar, bir həramı kimi onun girəvəsini kəsə bilər. Qoca çox çətin inanırdı ki, ana ayrı olsa da, öz ata bir qardaşını, məsum, günahsız uşağı, bütün bu çarpışmalardan bixəbər körpəni ata bir bacısı məkr, hiylə yolları ilə oynada-oynada, güldürə-güldürə, öpə-öpə qətlə çatdıra bilər!..

Suleyman Rahimov10 min
XLVII

Kamilov yenə də üstü şəkilli qutusunu çıxarıb bir papiros da çəkdi, boz tüstüsünü üzüyuxarı səqfə doğru buraxdı. Demək, Kamilov münaqişəyə girib, hər kimə bir söz demək istəyirsə, o, Vahidovu əsəbiləşdirir, acığını tutdururdu. Kamilov münasibətləri seçməyə çalışır, bu son neçə gün ərzində, ürəyinin bərk sıxılmağının səbəbini özü üçün aydın etmək istəyirdi. Görünür, Kamilov özünü yuxarıya çəkərək Sərrafzadə kimisi ilə bağlanmaqla, Murtuzov kimisini özünə əlaltı etməklə, Qaloşlu adama hüsn-təvəccöh göstərməklə bu qaynar, mübariz hərəkətdən yavaş-yavaş qopub aralanmış, bəlkə də özünü bu hərəkətə qarşı qoymuşdur! Öz xudpəsəndlik mərəzi ilə yaşayıb, gözü yan-yörəsini seçməyən Kamilov, indi daha özünü təklənən görürdü. Onun komsomol komitəsi katibi Əhmədova, təbliğat şöbə müdiri Cəlalzadə haqqında dediyi sözlərin Vahidov tərəfindən geriyə qaytarılması, indi də elə bil ki, bir top kimi Kamilovun başına dəyirdi! Bu danışığın son dəqiqələrində Vahidov əlini yelləyərək Zərrintacla bağlanmaqda onu müttəhim etmiş, “dəvə oynayanda qar yağar” demişdi... “Bu dəvə kimdir, bu qar nədir?” – Kamilov öz papirosunu çeynəyə-çeynəyə sümürür, sanki güclü bir qarın başına ələndiyini görürdü. Kamilov düşündükcə gizli, giziltili bir üşütmə onun əsəbiləşən vücudunda atlı qarışqa kimi gəzinirdi. Sanki Kamilov qorxunc bir qızdırma keçirir, ağızdolusu əsnəyib ayılmaq üçün vaxt gözləyirdi... Axı, Kamilov öz ömründə az-çox bərkdən-boşdan çıxmışdı?.. İndi birdən-birə o, tərk-silah olub öz boynunu əyə bilərdimi?.. Kamilov papiros çəkə-çəkə çalxanırdı. – İndi görəsən, Vahidovun kabinetindən əli dəstavüzlü çıxan Əhmədov, bu söhbəti bu şəhərdə kimə, hətta telefonla bütün kəndlərə necə yayacaq, bu danışıq üç mindən yuxarı komsomolun dilində görəsən necə dolanacaqdır?.. Görəsən, hələ bu kabinetdəki deyişmə və bozarışma hansı ucqar kəndlərə çatacaq? Oralarda nələr danışılacaqdır?.. Bəs niyə belə olur?.. – deyə Kamilov özlüyündə axtarış edirdi. – Bəli, onlar mənə qarşıdır, – deyə o, qaşqabağını sallayıb fikirləşirdi. – Üstüörtülü bir narazılıq olsa da, görünür ki, bunların hamısı bu teliburma prokurorun, o Salamatov kimilər haqqında olan qərarları qurdalayıb tərpətməyindən, həbsxananın ağzını açıb elələrini sərbəst buraxmağından, fağır Murtuzov demiş, yorulub usanmadan bu işləri qurcalamağından üzə çıxmışdır?.. “Fili cələyə salmaq olmaz!” – Bu sükut zamanı Kamilovun fikri çözələnib dolanır, papirosundan uzanan boz tüstü içində gəzinirdi. – Bəli, bu bir cələdir!.. Ancaq Kamilov bir fil, bütün bu əhvalatlar da bir cələdirmi?.. Yox, əsla yox!.. – Kamilov papirosunu sümürdükcə, duman kimi boz tüstü onun başı üzərində dolandıqca o öz vəziyyətinin ağırlaşdığını, nəfəsinin təngləşdiyini hiss edirdi. İrəlicə ona elə gəlirdi ki, daha Kamilov barəsində bir dil tərpədib heç bir söz demək olmaz!.. Bəli, lap az qala ki, Kamilovsuz bu dağlara belə gün çıxmazdı?!. Ancaq gör indi iş nə yerə çıxıb ki, yollar belə haçalanıbdır?.. Axı, deyəsən, indi Kamilov, öz sınıq-salxaq dəstəsi ilə sürətlə gedən böyük bir axından qoparılıb bir kənara atılıbdır?! – Kamilov papirosunu çəkə-çəkə dönüb Vahidovun başı üzərindən asılan rayon xəritəsinə baxdı, udqunub özünə bir sual verdi: “Bəs bu neçə ildə mənim burada işim nə olmuşdur?” – Onun qulağına ancaq öz bağırtısı gəlirdi... Hərə bir iş görmüşdür! O isə hey bağırmış, bu bağırtılar içində də bu dağgövdəli adama hamıdan artıq bir iş gördüyünü güman etmişdi. İndi işdən qaçmaq, aralanmaq, bir kənara tullanıb atılmaq qorxusu onun qabağına çıxınca soyuq bir üşütmə keçirir, görürdü ki, o, nəinki qurubyaradan qaynar adamlardan, hətta iş yerlərindən, bu təbiətin özündən belə qopub aralanmışdır!.. Bəs Kamilov bu iş yerlərinə getməmişdirmi? Getmişdir, az da yox, çox getmişdir! Ancaq bəs Kamilov bu iş yerlərində nə etmişdir?.. O, burada bir kəsi dinləmədən söyüb-söylənmiş, çığır-bağır salmış, şişə-şişə, köpə-köpə oradan geriyə dönmüşdü. Kamilov öz gövdəsini xəyali bir sürətlə gözləri qabağından keçirib, sanki özünü olduğu kimi birinci dəfə görürdü. Lakin bu hal Kamilov üçün çox müdhiş görünürdü... Kamilov elə güman edirdi ki, bu həqiqət bir məngənə kimi onu sıxcalayır, bəlkə də onu heç eşitmək istəmirdi!.. – Getməyinə mən getmişəm, bəs necə ola bilər ki, mən Kamilov, heç bir şey etməmişəm?! Heç ola bilməz ki, mən heç bir şey etməyim?! Görünür, bu özü də məni gözügötürməyənlərin, mənim bədxahlarımın sözləridir ki, mənim özümü belə öz gözümdən salmaq istəyirlər?!. “Bağça müdirəsi Zərrintac Sərrafzadə sənin qızın yerindədir!” Azdımı belə cavan gəlin alanlar? “Qocalıqda yorğalıq”, balam, kimə nə? Bu paxıllıq kimin ürəyinə nə azar salıbdır?.. Görün heç bu da bir işdirmi?.. Cavan arvad alanlara, “dəvə oynayanda qar yağar” desən, onda nəinki qışda, yayın qızmar günlərində də göydən gələn ağ papaqlamalar kəsməz!..– Kamilovun fikri xəyal surətinə çevrilir, öz ailəsinə tərəf dönürdü, o düşünürdü. – “Onlar bir neçə aydan sonra yenə də bura yaylağa gələndə mənə nə deyərlər?.. Deməzlərmi ki, baba, bu nə əhvalatdır?.. Bəs mənim qızlarım?.. Bu Zərrintaca onlar nə cür baxarlar?.. Deməzlərmi ki, atacan, niyə bəs, belə?.. Hər nə cür baxsalar, hər nə desələr, qoy onlar bu aləmə göz gəzdirib barmaqlarını qaldırıb göstərsinlər ki, mən təkəm! Bir də günah öz deyingən analarında olub ki, külfəti söküb-dağıdıb, özü də hirs-hikkəsindən torpağa gedibdir... – Kamilovun gözləri Vahidovun stol üstündə açıq qoyduğu “Hophopnaməyə” zilləndi.

Suleyman Rahimov194413 min
IV

Doğrudan da Bəyalı oğlu Göyalının arayıb-axtarıb, neçə-neçə yüz qoyun verib, böyük məmnuniyyətlə aldığı ulduzlu atın misli-müqabili heç yanda yox idi. Bu at bir tamaşa idi. Baxan elə bilirdi bu at parlaq bir ulduzdur, göydən yerə düşüb... Bu atın adını Ulduz qoyub qulağına çağırdılar. Baxanda Ulduz boydan uca, ayaqlardan xırdaca, biləklərindən nazik, ancaq beldən mis kimi tökmə və möhkəm idi. Ulduzun ortası qarınlı deyil, incə idi. Yalmanı sıx, göyəm idi. Ulduzun yalı qınından sivrilən qəhrəman qılıncını andırırdı. Baxanda Ulduzun gözləri yanır, od-alov içində şölələnirdi. Ulduzun qaçarağına ox süzdürən olsa belə, çatmazdı. Ömründə Ulduzu öz qaçarağının tozu tutmazdı. Baxa bilməzdi Ulduz göylə uçur, ya yerdən uça-uça uçarağa qalxır. Ulduzun belinə gümüşlü-qızıllı yəhər qoyan Şükran atın belində ay kimi yaraşıqlı, ulduz kimi tamaşalı görünürdü. Elə bil ki, bu oğlan olmazın əfsanəvi süvari, misilsiz minici idi. Ulduz qanada qalxanda oğlanın ağ qoyunun yunundan toxunan ağ çuxası da ağ-ağ qanad açırdı. Şükranın qınından sivirib çıxardığı göy zağlı ləzgi xəncəri Ulduzun üstündə şimşək kimi oynayırdı. Şükran gündən-günə Ulduza yeni-yeni təlim keçir, ona sehrli əməllər öyrədirdi. Əvvəldən də az-çox təlim görən, uzaq Ərdəhan elində təlimlənən, indi də Göyəndə ayrıca məşq keçib təlim alan Ulduz Şükranın dilini, Şükran da Ulduzun dilini əzbərdən bilirdi. Şükran desəydi: “Ulduz, yat”, Ulduz dərhal yatardı. Desəydi: “Ulduz, bu dağ-daşı bir göz qırpımında öt”, Ulduz ötərdi. Şükran Ulduzun belində olsun-olmasın, Ulduz alışıb isinişdiyi minicisindən hər hansı bir əmr aldımı, dərhal yerinə yetirirdi.Şükran da Ulduzun alovlanan gözlərindən öpür, ona kişmiş yedirir, baş-gözünü sığallayır, lazım gəlincə öz minici libasını sadəcə mehtər libası ilə əvəz edib, onu dımaqlarından təpəsinə qədər üfürə-üfürə tumarlayırdı. Şükran həmişə Ulduzu çeşmənin gözündə suvarırdı. Ulduz göydə sayrışan ulduzun ən parlağı kimi parlayır, parıldayırdı. Baxan deyərdi Şükranı kəhkəşanlar aləmində səltənət quran ulu Tanrı elə bu Ulduzu da veribdir Şükrana. Ulduza da Şükran kimi misilsiz-müqabilsiz süvari qismət olubdur. Baxanda bunlar bir-birinin məftunu, aludəsi, vurğunu idi. Şükranın hayqırtısı Ulduzun kişnərtisinə, Ulduzun da kişnərtisi Şükranın hayqırtısına qarışıb, Göyən düzənlərini doldurur, Ziyarət dağına səs-səda salır, fasiləsiz əks-sədaları ilə bütün bu aləmi dilə gətirib dilləndirirdi...

Suleyman Rahimov8 min
XXVI

Gecənin yarısı idi. Şəhla xanım qollarını qu tükündən olan nazbalışa sərdiyi halda fısafısla yatmışdı. Bu əsnada zəng arası kəsilmədən çalındı. O, qollarını çəkib əsnədi, qulaq verdi. Zəng aram eləmirdi. O, ayağa qalxıb zərli xələtini geydi, qulluqçu qadını oyatmadan qapıya özü ehtiyatla yanaşıb:– Kimdir? – deyə soruşdu.

Suleyman Rahimov194414 min
XXX

Balaca şəhərin evlərinə çəkilən əhalisi axşamkı tamaşanın pozulması haqqında öz evində belə xeyli deyindi, birisi bu işə ciddi əhəmiyyət verdi, digəri əlini qaldırıb “eh, Əbdülsalamın oyunxanası ancaq belə olar”, – deyib əlini yellədi... İstər-istəməz Balış barədə olan danışıq ayaqlandı, getdikcə yayıldı. Pəncərələrdən düşən işıqlar bir-bir söndü, müqabil tərəflər qaraldı. Lakin küçələr boyu qoyulan ara-ara işıqlar bir qədər nəfəs alıb öz işıqlarını artırdı. Payızın soyuq küləyi dağlardan üzüaşağı əsməyə, dirəklərdən sallanan lampaları yelləyib cırıldatmağa başladı. Anbarın ağzındakı dirəkdən sallanan lampanın səsi qapıdan içəri dolur, parça taylarının arasında marığa yatan Məmmədxanın narahatlığını birə-min artırır, hər yer Məmmədxana qorxulu, hər şaqqıltı ona təqibedici görünürdü. Xeyli ara verdi, Məmmədxan tayların arasından çıxıb qulağını anbarın qapısına söykədi: dizləri uçundu. Öz-özünü söyüb danladı, işığı tez yandırıb anbarı dördgöz halda seyr etməyə başladı... “İşdir meşə adamlarına qoşularamsa, buranı yarmaq lazım gələrsə, nə qədər qənimət əldə edə bilərik?” – deyə Məmmədxan yenə də anbarın içini tezcə dolduran işığı söndürdü. Özü də anbarla birlikdə qaranlığa qovuşdu. İndi Məmmədxana işıq yox, qaranlıq gərək idi. Sanki qaranlıq Məmmədxanın qolundan yapışır, işıq onun cinayət və xəyanətlərini faş edib anbarda olan kələklərinin və ötən gecənin zülmətində, təqribən, elə gecənin bu vaxtında törətdiyi ağır cinayətin üstünü açırdı... Yox, qaranlıqdan da artıq kömür kimi bir zülmət lazım idi ki, Məmmədxan bu gecə sabaha kimi, ya öz cinayətinin üstünü örtüb yalquzaq kimi ağızburnunu yalayıb sabahdan sakit görkəmdə işə çıxsın, yaxud elə bu gecə, vurub bu şəhərcikdən uzaqlaşsın, əlinə nə oldu silah keçirib qaranlıq meşələrdə gizlənən qolçomaq qalıqları ilə birləşsin, ipə-sapa yatmayan Mehmandan heyfini alsın... Axır bu cavan Mehman Atamoğlanovun yerində o dazbaş Murtuz Murtuzov olsaydı, necə də bu Balışın qətlini istənilən kimi yozar, ortaboylu, tökməbədənli, əldən-ayaqdan çevik Məmmədxan nə söyləsə üzü qarmon kimi qırışıq Murtuz onun bir cüt əfil-əfil yanan çiçək naxışlı xalçasının müqabilində lap sandıqtulasına dönərdi. Ancaq nə edəsən ki, burada başqa bir adam, dönməz, çəkinməz, qayıtmaz bir adam vardı ki, o öz araşdırıcı, nüfuzedici, qaynar, odlu gözlərini bu vurnuxan Məmmədxanın gözlərindən çəkmir, bir an belə onu bu anbarda öz halına-əhvalına buraxmır. Bax, bax oradan o yandakı bir cüt amir gözə görünür, Həmin gözlər Məmmədxanın nəinki zahirini, onun batinini, içini-içalatını yarıb, aləmə göstərir, – yığılın, gəlin, görün, – deyə aləmə haray salır, külli-aləm yığılıb gəlib görür ki, bu Məmmədxan olmazın xəyanətlər törətmiş, xalq əmlakını talan etmiş, hər iki qara əlini qırmızı qana batırmışdır. Gözlər çoxalır, gözlər cinayətkar qatili dəyirman daşlarından da bədtər əzirdi. Təftişdən başlayan ağır, əzici zəhm onu hey basır, əzirdi. Daha Məmmədxan burada, bu vəziyyətdə boğucu rütubətdə dayana bilmədən qapının arxasını boşaldıb bayıra çıxdı, qapını qıfıllayıb əlinin içində kibrit yandırıb surğuc tutdu, buranı möhürlədi, sarı bürünc möhrü cibinə qoydu, nə isə, haradansa balaca bir şıqqıltı onu səksəndirdi. Məmmədxan qurd kimi döyükdü, – “bu belə kim ola?” – deyə əlləri üstə çöngəyib yan-yörəyə boylandı. O diqqətlə süzə-süzə qaranlığa baxdı, heç bir iz-əlamət görmədi. Dirəkdən sallanan elektrik lampası yenə də birdən cırıldayıb səsləndi, anbarın qabağına tökülən həsir parçaları əsən küləyin qabağında yumurlanıb, aşa-aşa aşağıdakı uçuruma yuvarlandı. İndi hər bir şey yalquzaqsayağı çöng oturan Məmmədxanın gözlərində qabarıb dikəlib canlanır, onun qulaqlarında qəribə, müdhiş uğultulu səslər gəzir, törətdiyi cinayətin yerindən əkilib uzaqlaşmaq istəyirdi. Bəli, doğrudan da, indi hər şey Məmmədxana dəhşətli bir təhlükə görünürdü. “Yox, izi-tozu tamam-kamal itirmək, sübhün gözü açılana qədər aradan çıxmaq, meşəyə girmək, vuruşan dəstəni tapmaq gərəkdir!” – deyə Məmmədxan ayağa qalxdı, anbarın həyətindən əyri-üyrü dolaşıq addımlarla çıxdı, gecə növbəsini aparan milis nəfərinin gözünə dəymədən qaranlığın içiylə özünü üzüyuxarı verdi, gedib-gedib evinin qapısında dayandı, sinəsi qopub, ürəyi parçalanmaq istəyincə buraya sığındı. İri qıfıl öz yerindən asılmışdı. Demək burada heç bir dəyişiklik olmamışdı. Məmmədxan açarı çıxarıb qapını astaca açdı. İçəriyə girdi. O, lampanı yandırmadan, otağın içində büzüşdü. “– İndi bəs necə olsun? – Məmmədxan sinəsində mırıldandı. – İndi bu it balasının izini itirmək necə olsun? Buradakı, yandakı, bəlkə anbarın içindəki quyuda o it balasını gizlətmək mümkün olsun? Birdən aradılar, birdən bəlkə bu it balasını tapdılar”. – Məmmədxan daş kimi dayansa da öz murdar taleyini düşünürdü. “– Bəs onda, bəs onda?.. Bəs necə etmək? Bəlkə onu bənd-bənd doğrayıb buradan torbalarda hissə-hissə çıxarmaq! – Axır bir zaman onun əmisi də qısqanclıqdan öz qadını ilə eynən beləcə rəftar etmişdi? O, çar vaxtı qətlə çatdırdığı qadının qan izlərini məharətlə silib-süpürüb itirmişdi. Bu qan izləri, Şura hökuməti zamanında açılınca Araz çayının o biri tayını adlamışdı. Bəlkə elə indi Məmmədxanın əmisi də bu qaranlıq meşədəki bir dəstənin içindədir?.. – Yox, yox, daha belə bir gündə daş kimi dayanmaq, durmaq olmaz!”Məmmədxan ağırlaşan qurğuşun addımlarıyla qaranlıq küncdə gedib gödəksaplı, enliağızlı baltanı sağ əlinə götürüb, ağır-ağır samballadı. Otaqdan anbara açılan qapını tərpədib dayandı, bayıra qulaq verdi. Demək, bu ağır, ovxarlı balta işləyəndə necə olsa da bir səs çıxacaqdır! Bəlkə pusquda dayanan, bu evin dövrəsində dolanan da vardır? O, qaranlıqda qızaran gözlərini gəzdirdi. Mehmanın ona zillənən gözlərini görürmüş kimi vahiməyə düşdü, addım-addım geriyə çəkildi, əlində balta qapıya yanaşdı, nə isə onun qulağına bayırda xısıltı, həm də şübhəli ayaq səsləri gəldi. – “Adamdırmı, küləkdirmi?” – Məmmədxan qapı açıb gözünün ucuyla bayıra baxdı, bir qaraltı onun gözünə dəyib ötdü... – “Bu adamdır, ya mənim gözlərim böyüyübdür?” – Məmmədxan qapını açıq qoyub qəsdən öskürə-öskürə həyətə çıxdı, bir neçə addım da gəzib dolandı, heç bir qaraltı onun gözlərinə dəymədi. Məmmədxan içəriyə dönüb iri-iri boçkalar dayanan anbara girmək istərkən asta bir fit səsi onun qulaqlarına gəldi. – “Belədir, ya mənə belə gəlir?” – Məmmədxan bir qədər gözlədi, pəncərənin pərdəsini çəkdi, bayıra baxdı, yenə də gözlərinə qaraltı sataşdı, arada az-çox toxtayan Məmmədxanı yenə də dəhşət götürüb istər-istəməz uçundu, ancaq bir ümidlə içində baltanı daha bərk tutdu. Lakin bu baltanı burada işlədib azca da olsa səs çıxarmaq cinayət yerində tutulmaq deməkdi... Məmmədxan döndü, gizlətdiyi tapançanı aradı, xeyli eşələndi, tapmadı. O, tapançanın yerinimi azdırmışdı, yaxud onu Balış gizlətmişdir? Ya bəlkə Balış əlaltınca Məmmədxanın silahını milis rəisi Cabirə vermişdi? Bəlkə həmin tapança indi evin dövrəsinə dolanan bir milisin – gözətçinin əlindədir?.. Onda elə qaçarağa düşüncə, öz yanınca bu baltanı götürsün? Bu balta görən, duyan kəsdə bir şübhə oyatmazmı?.. Nə qədər şübhə oyatsa da əlac baltaya idi... Məmmədxan baltanın dəstəsini buraxmadı, onun qulpundan bərk-bərk yapışıb, qapıdan birbaşa çıxdı, həyətə düşüb addımlayınca bir öskürtü eşitdi. O, özünü gözə dəyməyən, ancaq bənd-bərəni kəsən silahlı adamların əhatəsində hiss etdi. İndi bu halda o, qaçmaq, aradan çıxmaq istədi. Ayaq saxladı, bəlkə bəndərgahlarda pusquya duranlar vardır. Birdən onlar gördülər, qışqırıb, əli baltalıya “dayan-dayan!” dedilər. Əli baltalı adam ayaq saxlamayınca odlu güllədən onun qaraltısına dolu kimi yağdırdılar, dəlik-deşik meyit ortada qaldı?! Nəfəsi təngişən, geniş dünya iynə ulduzu kimi başına daralan Məmmədxan qayıdıb qapısına söykəndi. Ona elə gəldi ki, buradan qaçmaq üçün etdiyi cidd-cəhd heç bir vəchlə baş tutmayacaq, o yaxalanacaq, yaxud dolu kimi yağan odlu güllələrin nəticəsində dəlik-deşik olacaqdır. Qalsa necə? – “Buradaca qalsam?.. Bəs necə?.. – deyə Məmmədxan çiyinlərini çatdı, başını qınına saldı. – Qalsam, bəlkə, birtəhər qaldım, anbardan çalıb-çapıb illər boyu yığdığım varın bir qismini, bərkə düşsə lap hamısını Murtuz kimisinin üstünə töküb özümü xilas etdim!.. Verim nəyin yolunu bağlamaz, verim kimin səsini desən boğazında boğmaz. Hələ bax o çıq-çıq, sarı saatın ardınca xeyli qiymətli, dəyərli şeylərdən tökməklə tamahkar Şəhla xanımın yumşaq, ətli əlilə inadcıl kürəkəninin ağzını qapamaq da olmazmı? Məmmədxan qapını bağlayıb nəfəsini dərdi, demək, işin izini ayrı yolla da itirmək olar. O, dolandı, evin içində gəzib bir neçə qulacdan ibarət kəndir tapdı. İçəriyə girib yan-yörəsinə baxdı, öz qurbanını dikəldib asmağa cəhd etdi... Xeyli vaxt keçdi, qaranlıq yavaş-yavaş əridi tər içində çapalayan Məmmədxan dönüb baltasıyla birlikdə yorğan-döşəyə girdi. “Bu zalım qızı həm oynağan, həm də gəzəyən çıxdı”, – deyə Məmmədxanın beyni sıxılıb daralmağa, ürəyi döyünməyə başladı. – İndi, sabahdan məndən soruşacaqlar, “Məmmədxan bəs Balış hanı? Niyə Məşədi İbad pozuldu?” Deyərəm: “Mən nə bilim hanı! Avaranın qızı avara, nə bilim itilib hansı cəhənnəmə gedib?”

Suleyman Rahimov194414 min
Məhtaban 3

Qoca xan cır-cında içində itən Məhtabanın əlindən tutub, imarətin əndərununa¹ keçirdi... Bir neçə mərtəbədən ibarət imarətin içəri həyətində tikilən, qabağında gülüstan düzələn çarhovuzlu guşəni, tağbənd eyvanlı qoşa otağı göstərdi:¹ Əndərun – imarətin içəri, naməhrəm görməyən həyətidir.

Suleyman Rahimov7 min
Məhtaban 8

Qızı Ərmağanın evindən tündməcaz dönən Məmalik xanın qaşqabağı Məhtabanın təsəvvürə gətirdiklərinin, duyub düşündüklərinin çoxunu təsdiq edirdi. Məhtaban nə qədər nəcib hərəkət edib, xanı öz qızının yanına yollamaqda alicənab iş görmüşdüsə, Ərmağan bir o qədər nanəciblik eləmişdi.Məmalik xanın pirani gülçüyə qarşı rəftarı dəyişmişdi. Xan addımbaşı pirani gülçünün üstünə qışqırıb: “Güllərə pis baxırsan, səni qovacağam!” deyə onu təhqir edirdi. Guya xanın gecikən izdivacına gülçü qoca günahkarmış!.. Guya pirani gülçü, qoca xanı vaxtında ayıltmayıbdır, yaşca özündən kiçik olan Məmalikə ağsaqqallıq etməyibdir, onun başına ağıl qoyub, deməyib ki, “Pəhləvan Məhəmmədin yetimçəsidir, indi ki, gətirmisən, beş-üç günlüyə xidmətində saxla, gecənin bir aləmində qolundan tut, at bayıra!..”.

Suleyman Rahimov8 min
Məhtaban 11

Xarici xanım ərköyünlüklə xan imarətində dolanır, heç də əndərunbirunun qayda-qanununu tanımaq istəmirdi. O, üzünə salıb arada Məhtabanı da özü ilə əndərun bağçasına endirirdi. Xarici xanım əndərunda olanda qoca gülçü ilə hey zarafatlaşıb əylənirdi. O, qocadan becərdiyi qızıl güllərin növünü soruşur, ağ əllərinə tikan batmasın deyə dəri əlcək geyib, xoşladığı güldən öz balaca qayçısı ilə kəsib dəstə düzəldirdi. Əlvan güllərin ətri bir-birinə qarışır, xarici xanım məst olunca qoxulayır, sonra da Məhtabanın burnuna tuturdu:– Xanım, qoxulayın, ciyərləriniz üçün faydalıdır! – deyirdi.

Suleyman Rahimov7 min
Məhtaban 18

Necə deyərlər, çalbığ Həlakunun aşığı alçı durmuşdu. Onun kefi kök, damağı da çağ idi. Artıq gəlini Ərmağanı – xaldar ilanı ustalıq və məharətlə atasının evinə ötürmüşdü. Ağla çətin sığa bilən əfi ilan artıq Məmalikin evinin içində idi... Adi ilanla bu ilanın fərqi bu idi ki, adi ilan küncdə-bucaqda gizləndiyi, girəvəsi düşüncə çalıb zəhərlərini cəld töküb bir qırağa çəkildiyi halda, bu ilanın heç də küncdə-bucaqda gizlənməyə ehtiyacı yox idi. Getdikcə Ərmağan öz atasının evində qol-qanad açır, deyəsən tezcə də Sərəncamsayağı əmr, sərəncam verməyə də başlayırdı! Ərmağan xanımın fərmanı ilə qoca xidmətkarlar, məmurlar, darğalar, əşrəflər mübaşirlər işə-gücə qoşulur, bu yanda qoyun kəsilir, o biri yanda aşpazxanada ləziz təamlar hazırlanıb, süfrələr sahmana salınırdı. Məhtaban isə gərdək dalında gizlənən utancaq gəlin kimi aşkara çıxmır, hələ ki, heç kəs də onu təm-təraqla aşkara çıxarmaq, ev sahibəsini mübarəkbadlığa gələn əyan heyətinin qoca başçısı çalbığ Həlakuya pişnəhad etmək istəmirdi. Həlaku xan isə öz növbəsində ədəb gözləyir, Məhtaban xanımı görmək üçün can atmırdı. O, Məmalikin qaşqabaqlı olub-olmadığına fikir vermir, sahibkarın necə turş-təlx sifətdə olduğunu görmürmüş kimi, üstünü də vurmurdu. Həlaku xan tərəfindən, yaxud Məmalik xan tərəfindən burada cəm olan əyan-əşrəf də yeyib-içməyə keçir, Çalbığ Həlaku bic-bic göz vurub, şirin-şirin söhbət edir, deyib-gülür, olmazın şadyanalıq göstərirdi. Çalbığ Həlaku təvəllüd tapan xanzadəyə Məmalik mülkünə bitişik kəndlərdən bir mədaxillisini bağışlamaq barədə möhürlü qərar göndərəcəyini vəd edir, sevincinin intəhasız olduğunu mötəbər məclisdə nümayiş etdirirdi.– Bu qohumluq ki var ağalar, hər ikimizin xoşbəxtliyidir, – deyə Həlaku tutqunsifət Məmaliki süzüb, arada heç bir büğz yox imiş kimi, ortada dolaşan oğlan nəvələrinə işarə edirdi. – Bax, bizim xırdaların burunları daima bu Məmalik baba üçün göynəyir!..

Suleyman Rahimov13 min
XLII

İstirahət günü olduğundan Xatun işə çıxmamışdı. O, Mehmanın rayona qayıdacağını bilib bikefləmişdi:– Olmazmı, oğul, bu gün də qalasan? – deyə Xatun oğluna muraciət etdi. – Bircə gün də!..

Suleyman Rahimov19447 min
Məhtaban 9

Məmalik xan öz əhdinin üstündə durdu. O, doğum günündən iki həftə əvvəl Tehrandan Qacar sarayına yaxın dairədən saçları xınalanmadan, anadangəlmə şabalıdı olan xarici həkim-mamaça dəvət edib, imarətinə gətirtdi.Ərdaha xanı tərəfindən hörmətlə qarşılanan xarici mamaça ilk əvvəl ikicanlı xanımın əhvalını qocadan soruşdu. Məmalik Məhtabanın üzüntülü, ruhi əzablarından xeyli və yana-yana danışdı. Tehrandan toz-torpağa bata-bata gələn mamaça xanım tez-təcili yol libasını dəyişdi, əllərini tər-təmiz yudu, bədənnüma güzgü qabağında dayandı. Xarici xanım şabalıdı saçlarını darayıb, xəstəsinə təsirli görünsün deyə özünü Avropa üsulu ilə artıq səliqə-sahmana salmağa çalışdı. O, xandan izin alıb Məhtabanla tanış oldu, onun əlindən tutub yataq otağına adlatdı. Həkim-mamaça Məhtabanı dinməz-söyləməz tibbi müayinədən keçirtdi. Sonra xarici xanım Məhtabandan firəngcə bir neçə söz soruşdu. Məhtaban dinmədi, fars dilinə keçdi, Məhtaban başını buladı. Onu öz ana dilində dindirincə Məhtabanın cavab verdiyini görüb:

Suleyman Rahimov6 min
Ovqan və ilan

Aran ölkəsinin Muğan elində Ovqan adil bir çoban vardı. Ovqan çox əliaçıqdı. Ağartısızlara ağartı verir, əlacsız dul arvadlara, yoxsullara qoyunun dişisindən damazlıq paylayırdı. Ovqan qışda öz qoyun bölüyünü aranda otarır, yayda yuxarıya, başı buludlara dayanan yaylaqlara qaldırırdı. El yolu üstündə taxıl zəmilərini dağlara qalxan tərəkəmə köçərilərinin sürülərindən qoruyan, əli dəyənəkli, toqqası xəncərli qoruqçular Ovqanla xoş-beşlə görüşür, daha başqalarına olduğu kimi, ona tumturş sifət göstərmir, hələ taxıl arası şırım otlaqda onun bölüyünə yer də verirdilər. Ovqan çoban öz iş-peşəsini xaqanlıqdan da yuxarı tutur, zoğal şivindən kəsib, tonqalda ütüb düzəltdiyi başı toppuzlu çomağına söykənir, ota yayılan bölüyünə tütək çalır, hava qoşub quşları dilə gətirir, istəyəndə mələşdirirdi. Ovqan çobanın şöhrəti el-obaya yayılır, bir tək Muğanı deyil, bütünlükdə Aran ölkəsini tuturdu. Ovqanın adı-sanı bir gün gedib Loğmana da çatdı. Loğman yelqanadlı qızıl boz atını minib, özünü Aran ölkəsinin Muğan elinə yetirdi. Axtarıb Ovqan çobanı bölüyünün başında tapdı. Loğman tanışlıq verməsə də, Ovqan qərib qonağı xoş sifətlə qarşıladı, bacardığı hörmətdən elədi. Ovqan çoban qonağına xınaquyruq əmlik kəsib, ocaqda qızartdı, cam-cam süd içirtdi, öz qarğı dəyəsinin yuxarı başında yataq yeri düzəltdi. Düz bir ay Loğman çobanın əziz qonağı oldu. Loğman gözü ilə görüb inandı ki, Ovqan deyilmişkən varmış. Ovqanın geyimi-kecimi özünə yaraşan idi: çiyinlərində saçaqlı yapıncısı, başında saçaqlı papağı, ayaqlarında quşburnu çarığı, əlində isə deyildiyi kimi girvənkə başlı toppuz çomağı vardı. Onun üz-gözündən nur yağır, yanaqları solub-saralmır, gecə də, gündüz də köz kimi qızarırdı. “Tək bircə anaş qoyunla, bircə buynuzuburma qoç qalsa, mənə bəsdir”, – deyə Ovqan əsla ürəyini sıxmır, dünya görən Loğmanı heyrətə salırdı.– Bu qoyun ki var, ömründə qurtarası deyildir, – deyə Ovqan qonağına söz açırdı. – Əgər bu bölükdə ürəklə zəhmət çəksən, qoyunu halallıqla becərsən, sən bir verəndə, yerinə ikisi gələr, onda qoyun əkiz doğar, üçəm doğar, dişi doğar. Vay ondadır ki, bu bölüyə haram qatasan, başqasının sürüsündən bir axsaq toğlunu bölüyə qarışdırasan, onda elə bil ki, quyunun dibinə daş atdın, damazlığını dibindən kəsdin. Onda qoyun nə əkiz doğar, nə də üçəm! Onda qoyuna azar düşər, görərsən ki, bir həftənin içində batıb...

Suleyman Rahimov9 min
IX

Qırmızı rəngli tramvaylar şəhərin içilə zırınqazırınqla hərəkət edirdi. Ağ libaslı adamlar küçə boyu izdihamla axışır, dalğalanan Xəzər sahilinə doğru yeriyirdilər. Mehman dolaşıq fikirlər içində dəniz sahilinə doğru hərəkət etdi. O, adamları yara-yara yeridi. Yastı balabanlar, tütəklər çalınır, dəflər, nağaralar vurulur, gənclər bəzəkli qayıqlara doluşur, Xəzərdə gəzintiyə çıxırdılar. Mehman sahil boyu xeyli gəzib dolandı. O, dalğaların süpürləşməsinə, qoşa gəzib dolanan oğlan-qızların balaca-balaca qayıqlara doluşmalarına xeyli tamaşa etdi. Nəhayət, Mehman da keçib qayıqda əyləşdi. Göy köpüklü dalğalar arası qayığın necə getdiyini, necə dolanıb gəzdiyini bilmədi. Mehman xof ilə rica arasında qalmışdı: “Gedim, getməyim?.. Yaxşı olmaz, gedim!.. Yox, gedim birdəfəlik cavab verim ki, anam-bacım mən bu işdə yoxam!” – Mehman tərəddüd içində dolaşdı. Onun ürəyi gənc sinəsi altında sanki bir çapar kimi çapır, köksünə sığmaq istəmirdi. O çox mürəkkəb bir hal keçirir, çox vacib bir məsələnin həlli üçün qərar çıxarmaq istəyirdi. Mehman hələ də bu xüsusda anasına heç bir söz açıb deməmişdi. O, illər uzunu arzu etmişdi ki, ali təhsil alsın, anasının böyük qayğılarına cavab olaraq doyunca ona xidmət etsin, anasını evarası işlərdən, yaşına uyğun olmayan artıq zəhmətlərdən xilas etsin. “Ana, bax bu qədər mənim məvacibim, o da atamdan yana sənə verilən təqaüd!.. Bax, gör heç bu pulu yığışdırmaq olarmı!” desin... “Bax indi sən rahatlana bilərsən, mənim borcum sənə doyunca xidmət etmək, sənin ümman qədər yaxşılığına bir az da olsa cavab verməkdir!..” İndi?.. Bəs indi hansı bir hiss ona güc gəlmək istəyir? Nə üçün Mehman bu barədə anasına öz sirrini açmaqdan çəkinir?.. Hansı bir qüvvədir ki, Mehmanın mühakimə və şüurunun əleyhinə çıxmaq, bu yolda ona qılınc çəkib güc gəlmək istəyir? Bu vaxta qədər Mehman baş qaldırıb yad bir gözlə qıza baxmamış, bu haqda o, heç öz-özlüyündə olsa belə bir müzakirə açmamışdı. Lakin Züleyxa ilə olan söhbətlər, onun üzə düşüb Şəhla xanımın təklifindən çıxa bilməməsi, Mehmanın o evdə gecələməsi, Züleyxanın səmimi görünən çox dərin iztirabları Mehman üçün elə beləcə də ötüb keçməmiş, görünür, ona çox dərin təsirlər buraxmışdı...Fikirləşdikcə, düşündükcə Mehmanın həyəcanı artır, vücudu qızışır, daxildə dalğalanıb çırpınan bir hiss ona qalib gəlirdi. Mehman bu kəşməkəşli dalğalar içində qol-qanad çalır, gəncliyin tükənməz, coşqun hissi, ecazkar bir sirr kimi, onun mühakimələrinə üstün gəlməyə başlayırdı... Mehman evlərinə dönmədən Şəhla xanımgilə tərəf yol aldı, dərin ürək çırpıntıları içində addımladı, nəhayət o, dolana-dolana gedib Şəhla xanımgilə çıxdı. Şəhla xanım, yenə də Mehmanı xoş-beşlə qarşılayıb onun qolundan tutdu, divarda hərəkət edən saatı göstərdi:

Suleyman Rahimov19446 min
XVI

Rayon partiya komitəsindən təkrar zəng edildi. Mehman stolu və şkafı örtdü, iki böyük iş qovluğunu da qoltuğuna vurub çıxdı, qapını bağladı, açarı cibinə qoydu, müstəntiqi özü ilə aparmaq məqsədilə səslədi, küncdə, başını stol üstünə qoyub yatan Qaloşlu adam oyandı, gözünü ova-ova:– Yoldaş prokuror, o hara isə bayaqdan getdi, – deyə xəbər verdi, – xeyli vaxt olar!

Suleyman Rahimov19446 min
XXVIII

Ani sükutdan sonra Əbdülsalam təkrar güllə kimi qapıdan çıxdı. O, küçənin qatı qaranlıq və işıq düşməyən yerlərilə yanlarını basa-basa yeridi. Aktyor paltarını geyinən həvəskarlar qapıdan bayıra çıxmadan rejissorun qaraltısını gözdən itirincəyə qədər süzdülər.– Yox, tamaşa pozuldu! – deyə əllərini dizlərinə vurdular. – Dərimiz didildi!

Suleyman Rahimov19447 min
XLIII

İkinci günü Mehman rayon mərkəzinə çatdı. Qaloşlu adam əl-ayağa düşdü. Murtuzov eşidən kimi arvadı Yavəri də götürüb Mehmanın görüşünə gəldi. Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra onlar dağılışıb getdilər. Şəhla xanım balaca çamadanı açıb onun içini yoxladı. Burada yalnız bir ətir şüşəsi var idi. Bunu da yəqin ki, yol üçün almış, unutduğundanmı, ya nədənmi, başını açıb tərpətməmişdi. Bu tək şüşə sanki bir gülləyə çevrilib, Şəhla xanımın ürəyindən keçdi:– Həri, əl üçün yarar, – deyə Şəhla xanım pərtliyindən qızardı.

Suleyman Rahimov19446 min