Contents
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Page 17 of 32 · 50%

Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.

Alçaq miz üstündə mey-məzə vardı və bu miz arxasında xəlifə Mötəsim ilə Afşin bir-biri qarşısında döşəkçələr üstündə bardaş qurub oturmuşdular.

Xəlifə qızıl abgərdən ilə qızıl teştdən şərab götürüb miz üstündəki gümüş piyalələri doldurdu, sonra öz piyaləsini başına çəkib dedi:

– Ey Afşin, bizim ki, həyatımız gah qara, gah ağ üstündə son mənzilə doğru çapır, nə qədər ki, gecənin qara atından düşüb, gündüzün ağ atına minməmişik, bu piyalələri yerə qoymayacağıq.

Afşin. Əmirəlmöminin, necə ki, nə at cıdırında, nə covukan oyununda mən səninlə bacarmıram, o cür də bu süfrə başında səninlə yarışmağa mənim gücüm çatmaz.

Mötəsim. İç ki, mən sənə əmr edəndə sənin hər şeyə gücün çatar. Və indi ki, Abbası susuzluğa məhkum təriqilə edam edirsən, bu gecə çox ki, öz ürəyin yanmasın... və bil ki, göyərçin qanadında Həmədan şəhərindən fəthnamə gəlib. İsfahan, Həmədan və Azərbaycan xürrəmilərinin birləşmiş quldur dəstələrini qoca İshaq ibn İbrahim Həmədan qapılarında darmadağın etmişdir və 60 min kafiri qılıncdan keçirmişdir. Və əsir alınmış övrət və uşaqların sayı-hesabı yoxdur. Və gərəkdir ki, mən İshakı mükafatlandıram...

Afşin. Ya əmirəlmömin, qəssablıq nə böyük hünər imiş ki, sən İshaq ibn İbrahimi mükafatlandırırsan!

Mötəsim. Qəssablıq?

Afşin. İshakın qoşunu elə bir izdiham üstünə hücum çəkib ki, hər on nəfərdən birinin əlində qılınc doqquzunun əlində yaba varmış... və hal-hekayə belə ikən, gecə qoyun sürüsünə soxulmuş bir canavar İshaqdan daha böyük sərkərdədir.

Mötəsim bağırdı:

– Cürətkar! Mənim qoca sərkərdəmə qibtə edirsən? Və bir gün ərzində cəhənnəmi 60 min kafirlə doldurmaq zarafatdır sənin üçün?

Afşin ehtiyatsızlığa yol verdiyini hiss edərək dedi:

– Ya əmirəlmöminin, o vaxt ki, Babəkin kəsilmiş başı sənin ayağın altına atılacaq, o vaxt sənin bayrağın İslam tarixində ən böyük zəfər çalacaq.

Mötəsim nərildəyib inildədi:

– Ey Afşin, sən ki, mənim ürəyimdə qövr edən yaranın üstünə duz basdın, demək həqiqətən Allahından qorxmursan... Və bil ki, 15 min xürrəmi mühasirəni yarıblar və cəng meydanından bir ölü aparıblar və əgər o Babəkin ölüsüdürsə...

Afşin. Allah ağzından eşitsin, ya əmirəlmöminin!

Mötəsim. ...və əgər O Babəkin ölüsüdürsə, yenə də inanmıram ki, o ölmüşdür. Taki özüm onu öldürməyincə... və iç ki, sənə, dünənki kafirə bu gecə əmirəlmöminin özü saqilik edir.

Afşin. Rəhm et, ya əmirəlmömin, başım dəyirman daşı kimi dönür.

Mötəsim. İç! Sən ki, nə Allahdan qorxursan, nə qiyamət günündən, – heç olmasa məndən qorx və iç!

Afşin. Ya əmirəlmöminin, bu sözlərinlə mənə zülm edirsən, çünki 15 ildən artıqdır ki, mən müsəlmanam.

Mötəsim. Amma hələ də üzündə islamın nuru yoxdur və bir dəfə başına ülgüc dəyməyib və saçın-saqqalın bir-birinə qarışıb. Və sən hər çaharşənbə günü qara bir qoçu qılıncla şaqqalayıb iki yerə bölürsən və şəraitə müğayir kəsilmiş heyvan ətindən yeyirsən... və yeməkdən əvvəlki bismillah ilə yeməkdən sonrakı əlhəmdülillahı unutmusan.

– Ya əmirəlmöminin! – deyə Afşin fəryad elədi.

Mötəsim. Və aç o qıfılı ki, ürəyindən asmısan, nə qədər ki, mən onu vurub sındırmamışam.

– Ya əmirəlmöminin! – deyə Afşin inildədi.

Mötəsim. Və sən o adamsan ki, Üsrüşanada atan Kavusun vəzirini öldürdün, sonra gəldin islam qoşunlarını doğma yurdunun üstünə apardın və qoca atanı əsir edib Məmunun hüzuruna gətirdin və öz dinindən üz çevirdin və adın Kidra ikən dəyişdirdin, Heydər elədin və nəhayət sən...

Gözləri dəhşətlə dolmuş Afşin artıq davam gətirməyərək xəlifənin sözünü kəsdi və bağırdı:

– Və kifayətdir, ya əmirəlmöminin! Və mən ki, müsəlman olmaq üçün bu qədər qurban vermişəm və sən ki, evəzində məni bu qədər ittiham edirsən və indi ağzından çıxan hər sözün mənim üçün bir ölüm hökmüdür və yəqin ki, pərdə arxasında cəllad gizlətmisən və sən ki, biz əcəmilərə bu qədər nifrət edirsən.

Və gözləri dəli bir ifadə almış Afşin birdən alçaq miz üstündən özünü Mötəsimin üstünə atdı. Xəlifə diksinib başını geri çəkdi, Afşinin əllərinə yalnız xəlifənin çiyinləri keçdi və hər ikisi bir an bu gərgin vəziyyətdə donub qaldılar...

Xəlifənin əlləri bayaqdan arxasında çataqlanmışdı və indi sağ əlində, gizlincə döşəkcə altından götürdüyü bir xəncər vardı, buna görə idi ki, Mötəsim yerindən qımıldamadan Afşinin gözlərinin içinə baxırdı və nəhayət dodaqlarında qorxunc bir təbəssüm oynadı:

– Maşallah, dəmir kimi əlləri varmış, ya Afşin və başın da şir başı kimi çox heybətlidir. Niyə dayandın? Boğ! Sən ki, Allahından qorxmursan. Yox, əgər boğa bilmirsən, sat bu dəmir əllərini mənə!

Afşin davam gətirmədi, əlləri boşaldı və xəlifənin ayaqlarına yıxılaraq inildədi:

– Allahdan qorxmayan Afşin, səndən qorxur, ya əmirəlmöminin və Afşin qiyamətə qədər sənin sadiq qulundur. Və izin ver, kəlmeyişəhadətimi gətirim, sonra əmr elə, cəllad gəlsin boynumu vursun!

Mötəsim arxasında tutduğu xəncəri yenidən döşəkcə altında gizlətdi və sıçrayıb ayağa qalxdı.

Afşin də səndələyərək ayağa durdu və başı aşağı xəlifənin hüzurunda dayandı. Xəlifə isə bağırdı:

– Sən və yalnız sən getməlisən o tanrı düşməninin üstünə. Sən və yalnız sən, bacara bilərsən allahın o müdhiş bəlası ilə. Ölübsə ölüsü ilə sən bacara bilərsən, diridirsə, dirisi ilə sən bacara bilərsən. Və əgər məhv olsan, onu da özünlə bərabər sən məhv edə bilərsən. Və mən ki, bayaq dedim, o dəmir əllərini sat mənə, sənin istədiyin nədir məndən? Cibal məmləkəti? Sənin olsun! Azərbaycan? Sənin olsun! Ərməniyyə? Sənin olsun! Azdır? At üstünə minib onunla cəng etdiyin hər gün üçün 10 min dirhəm alacaqsan və o günlər ki, at minməyəcəksən, cəng etməyəcəksən hər gün üçün 5 min dirhəm alacaqsan. Və bu şir başına ki, tac çox yaxşı yaraşır. Bağdadın yəhudi zərgərləri sənin üçün almaslı bir tac hazırlayacaqlar. Və əgər boynunda dünyanın ən qiymətli həmayillərini görmək istəyirsən, dartıb çıxardacağam öz boynumdan həmayillərimi. Üst-üstə sənin boynundan asmaq üçün... Niyə dinmirsən? Niyə nitqin batıb?

Afşin. Əfv et məni, ya əmirəlmöminin. Və bütün bunlar gözümdə bir heçdir, əgər bilsəm ki, ürəyində məni əfv etməmisən.

Mötəsim. Və indi ki, bütün bunlar gözündə bir heçdir – əməviləri yıxan, abbasiləri taxta çıxardan taxta gün çıxan ölkəsi – Xorasan necə?

Və Afşin diksindi, Afşini sanki ildırım vurdu, rəngi qaçdı və başı elə döndü ki, ayaq üstə durmağa taqəti qalmadı, yerə çökdü və başı sinəsinə düşdü. Xəlifə çəpəki baxışlarla Afşini süzdü və dodaqlarından qaçan əyri bir təbəssümlə dedi:

– Nə oldu, döndümü Xorasan həsrətindən başın? Və başıma and olsun ki, o gün qalıb ki, gəldin və qolları bağlı Babəki hüzuruma gətirdin, Xorasan da sənindir... Və qalx ayağa ki, səninlə bərabər bütün xilafət islam qılıncını rüsvay edən o müdhiş bəlanın üstünə gedir və əgər görsəm ki, yanımda təkcə bərbərim qalmışdır, onu da sənin ixtiyarına göndərəcəyəm, və əgər görsəm ki, yanımda təkcə dərzim qalmışdır – onu da sənin dalınca göndərəcəyəm və əgər görsəm ki yanımda təkcə aşbazım qalmışdır, onu da səndən əsirgəməyəcəyəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 h 15 min
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 h 10 min
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 min
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 min

Poems by other poets