İkinci hissə
Contents
- Azərbaycan dağları. Bilalabad kəndi.
- Barmida arvadın daxması.
- Daxmanın artırması. Kəllədə təndirxana.
- Təndirxana.
- Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
- Bəzz qalasının divarları üstündə.
- Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
- Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
- Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
- Bəzz qalası. Cavidanın qəsri.
- Araz qırağı. Taxıl zəmiləri.
- Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
- Meydan. And mərasimi.
- Meydan. El ziyafəti.
- Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
- İkinci salon.
- Məmunun hərəm dairəsi.
- Dəclə çayı sahili. “Sülh” qəsri
- Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
- Cavidan qəsrinin zirzəmisi.
- Babəkin qərargahı.
- Qala darvazası.
- Babəkin qərargahı.
- Zərnisənin otağı.
- Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
- Dağ yolu. Seyrək duman.
- Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
- Bəzz qalasının gecə mənzərəsi.
- Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
- Samirə şəhəri. Afşinin sarayı. Gecə.
- Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
- Gecə. Samirənin uzun küçələri.
- Gecə. Afşinin sarayı.
- Araz qırağı. Qalın və uca qamışlıq.
- Babəkin koması.
- Barsisin koması.
- Babəkin koması.
- Araz qırağı. Kiçik təpəciklər.
- Dağ ətəyi. Otlayan at ilxısı.
- Dağ yolu. Axşam dumanı.
- Dağlar qoynunda Afşinin ordugahı.
- Ordugahın uca hasarları.
- Afşinin çadırı.
- Qaranlıq yer altı lağım.
- Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
- Bəzz qalası.
- Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
- Afşinin çadırı. Gecə.
- Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
- Cavidan qəsrinin qüllələri.
- Uca dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza üstündə meydança.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Darvaza tağı üstündə meydança.
- Qaya altı. Lağım ağzı.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
- Dağ təpəsi. Afşinin qərargahı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Qaya altı. Döyüş meydanı.
- Dağ yolu. Tozanaq.
- Qaya altı. Döyüş meydanı.
- Bəzz qalası. Böyük darvaza qarşısında.
- Bəzz qalası, dik yoxuşlu küçə.
- Gecə. Meşə yolu.
- Bərzənd qalası. Afşinin çadırı qarşısında.
- Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
- Xəlifə Mötəsimin sarayı.
- Xəlifə Mötəsimin sarayı. Böyük salon.
- Yeraltı zindan. Gecə.
Page 9 of 32 · 25%
Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
Zümrüd qübbəli “Əbədiyyət” sarayı Bağdadın yaşıl tacı idi. Və bu gün abbasilərin 7-ci xəlifəsi Məmun sarayın ən ziynətli salonunda, qızıl naxışlı taxt üstündə oturmuşdu...
Xilafətin adlı-sanlı əyanları isə Məmunun hüzurunda, dibac xalılar üzərində dizləri üstə bir-birinin yanına düzülmüşdülər. Məclisdəkilər içərisindən baş qazı yer öpüb ayağa qalxdı və dedi:
– Ya əmirəlmöminin, bu günkü mübarək nigahınız əqd olunur və bu axşamkı qız evində toyunuz başlanır və bu xeyir işin sorağı ki, Məşriqdən Məğribə yayılıb və indi Çin fəğfurundan, tibet yabqusundan, xəzər xaqanından və Rum hökmüdarından ki, sizə ərmağanlar gəlmişdir, izin versəniz, elçilər hüzurunuza çıxarlar...
Məmun soyuq işıltılı gözlərilə məclisi süzdü və dedi:
– Əcələyə ehtiyac yoxdur, ay qazı, elçiləri dəvət edin, axşam toya gəlsinlər... və bu gün bu “Əbədiyyət” sarayında ən əvvəl biz özümüz hədiyyə və ehsanlarımızı xilafətin əşrəflərinə təqdim edəcəyik.
– Və həqiqətən əmirəlmöminin bilən daha yaxşıdır, – deyə qazı bir addım geri çəkildi və öz yerində oturdu.
Məmun. Sizə məlumdur ki, altı il idi, mən Xorasanda, Məşriq həddində, Mərv şəhərində iqamət eləmişdim. Və bu illər ərzində burda, Bağdadda bir çox əzim fitnələr baş verdi. Və iş o məqama çatdı ki, atamın xanəndəsi olan əmim çıxdı üç ay burda mənim taxtımda oturdu... Və sonra ki, biz öz qafiləmizlə Mərv şəhərini terk edib, Bağdada doğru hərəkət etdik, qəza öz hökmünü verdi, vəliəhdim İmam Rza rəhmətə getdi...
Məmun nəfəsini dərdi, məclisin arxasında isə bir nəfər digərinin qulağına pıçıldadı.
– İmam zəhərli üzüm yeyib rəhmətə getdi, o üzümdən ki, qızıl sinidə əmirəlmöminin özü ona nübar göndərmişdi. Amma bil ki, mən qulaq günahkarıyam və eşitdiyimi deyirəm...
Məmun sözünə davam elədi:
– ...Və mən o cigər-parəmi dəfn etdiyim gün, necə nalələr, necə fəryadlar etdim, bütün Xorasan, bütün Məşriq buna şahiddir. İndi ölənlərə bir daha tanrıdan rəhmət dilərəm və bu uğurlu gündə qardaşım Əbu İshakı özümə vəliəhd təyin edirəm və onu Mötəsimbillah ləqəbi ilə şərəfləndirirəm...
Məclisdən səslər ucaldı:
– Mübarək olsun, ya əmirəlmöminin, mübarək olsun!
Məmun. Ya vəliəhd, ey Mötəsim, qalx ayağa və gəl mənim sağ tərəfimdə öz yerində otur.
Yeni vəliəhd məclisdəkilər içərisindən ayağa qalxdı, getdi Məmunun qarşısında yerə döşəndi, yer öpdü sonra qalxdı, xəlifənin sağ tərəfində taxt yanında nimdar üstündə oturdu.
Məmun. Və yenə sizə məlumdur ki, bu ağır və uzun yolumuzda bizə başqa bir müsibət də üz verdi, qafiləmiz Sərəxs şəhərinə varid olandan sonra vəzirim hamamda qüsl edərkən, dörd nəfər quldurbaşı vəzirimi hamam içində qətlə yetirdilər...
Məmun nəfəsini dərdi, məclisin arxasında isə bir nəfər digərinin qulağına pıçıldadı:
– Və o dörd nəfər quldurbaşı edam olunanda hamısı bir ağızdan fəryad etdilər ki, ey müsəlmanlar, biz əmirəlmöminin əmrilə hamamda qüsl edən şəxsi qətl elədik, çünki əmirəlmöminin bizi əfv eləmişdi və söz vermişdi ki, dördünüz də mənim mehtərim olacaqsınız...
Məmun sözünə davam elədi:
– ...Və indi ölənlərə bir daha tanrıdan rəhmət dilərəm və bu uğurlu gündə xilafətin vəzirliyini Əhməd ibn Xalidə həvalə edirəm.
Məclisdən səslər ucaldı:
– Mübarək olsun, ya əmirəlmöminin, mübarək olsun!
Məmun. Ya vəzir, ya Əhməd ibn Xalid, qalx ayağa və gəl mənim sol tərəfimdə öz yerində otur.
Yeni vəzir məclisdəkilər içərisindən ayağa qalxdı, getdi. Məmunun qarşısında yerə döşəndi, yer öpdü, sonra qalxdı, xəlifənin sol tərəfində taxt yanındakı nimdar üstündə oturdu.
Məmun. Və qalan bütün həzərat da bu axşam bizdən xələt alıb iltifat görəcəkdir və indi hamı yol üçün hazır olsun ki, qız evi bizi “Sülh” qəsrində toya dəvət edir.
Bütün məclis ayağa qalxdı.
Məmun taxtdan endi və sarayın salonuna doğru yönəldi. Və indi onu vəliəhd, vəzir və baş qazı müşayiət etdilər. Məmun salonun axırına çatanda dərhal qarşısındakı “ceyran göz” pərdələr siyrildi və xəlifə ikinci salona daxil oldu. Burda divar boyunca bir-birinin yanında saray qulamları düzülmüşdülər və hər birinin qolu üstündə xəlifəyə məxsus bir dəst ziynətli libas vardı.
Məmun dayanmadan, üzərində incilər və almaslar parıldaşan libaslarına ötəri bir nəzər salaraq qulamlar qarşısından ötüb keçdi, vəliəhd, vəzir və baş qazı da xəlifənin arxasınca getdilər.
Məmun ikinci salonun axırına çatarkən, dərhal yenə qarşısında “ceyran göz” pərdələr sıyrıldı və xəlifə mülazimini səslədi:
– Ya Sirac!
Mülazim dərhal pərdə arxasından çıxıb Məmunun qarşısında dayandı:
– Ya əmirəlmöminin, qulluğunuzda hazıram.
Məmun. Get mənim qara dəstarimi, qara cübbəmi, və qara uçqurumu gətir ki, burdakı libaslardan heç biri bu axşam bizə lazım olmayacaq.
Mülazim baş əyib pərdə arxasında yox oldu, baş qazı isə xəlifəyə təzim edib dedi:
– Ya Əmirəlmöminin, səbəb nədir ki, toy məclisinə qara libas intixab etdiniz? Vəhalonki bir gün özünüz buyurmuşdunuz ki, qara don cəhənnəm donudur, amma cənnət əhlinin donu yaşıldır.
Məmun geri döndü, soyuq baxışlarıyla baş qazını süzdü və dedi:
– O sözlər Xorasanda deyilmişdi, ya qazı və orda yaşıl geyinmək bizə düşmədi... Qara donlara, gəlincə məgər qara libas kişilərin və dirilərin libası deyilmi?
Baş qazı bir an gözlərini döydü, sonra dedi:
– Əlbəttə ki, qara rəng 70 ildir abbasilər dövlətinin əlamətməxsusəsidir, ya əmirəlmöminin... Amma nə üçün qara don kişilərin və dirilərin libasıdır, bunu həqir bəndəniz başa düşmədi...
Məmunun gözlərində istehzalı işıltılar oynadı:
– Çünki heç bir qadını qara libasda ərə vermirlər, demək, qara libas kişilərə məxsusdur və heç bir ölünü qara kəfəndə dəfn etmirlər, demək qara libas dirilərə məxsusdur.
Məmun döndü, sarayın üçüncü salonuna daxil oldu və indi xəlifəni yalnız Mötəsim müşayiət elədi. Burda heç kəs yoxdu və Məmun üçüncü salonun axırına çatarkən, qarşısında “ceyran göz” pərdələr sıyrılmadı. Xəlifə heyrət içərisində ayaq saxladı, qaşları çatıldı və səsləndi:
– Ya oğlan! Ya qulam!
Lakin pərdələr yenə tərpənmədi və pərdə arxasından səs gəlmədi və Məmun səsini ucaltdı:
– Ya oğlan! Ya Bəşir!
Və birdən Məmunun qarşısındakı pərdənin ucu göyə fırlandı, xəlifə qeyri-ixtiyari bir addım geri çəkildi və pərdə arxasından çıxan Bəşir boğazında tıxanmış tikəni güclə udaraq və yağlı əllərini yambızlarına silərək bağırdı:
– Ya oğlan! Ya qulam! Bütün günü ya oğlan, ya qulam! Məgər anası ölmüş oğlan bir tikə zəhrimar yeməzmi? Məgər evi başına uçulmuş qulam bir qurtum su içməzmi?
Məmun ilə Mötəsim yerlərində donub qaldılar. Və xəlifə başını aşağı saldı. Mötəsim isə hirsindən boğulub qaraldı. Lakin səsini çıxara bilməyərək, Məmunun əmrini gözləyirdi. Nəhayət Məmun başını qaldırdı və dedi:
– Ya Mötəsim, tanıdınmı bu kölə kimdir?
Mötəsim xəlifənin qarşısında yerə döşəndi, yer öpdü, sonra ayağa qalxıb dedi:
– Tanıdım, ya Əmirəlmöminin. Bu mənim sənə bağışladığım türk köləsidir. Və izin ver məlunun başın bu saat ayaqların altında kəsim.
– İstəməz, ya Mötəsim, – dedi Məmun gülümsəyərək – və sən ki, bu türk kölələrini çox sevirsən, nə əlinlə, nə dilinlə ona ziyan vurma, çünki bu gün hamının günahından keçib hamını əfv edirəm...
Və xəlifə sarayın hərəm dairəsinə doğru yönəldi və burdan o yana onu artıq heç kəs müşayiət etmədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Poems by other poets
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Cəfərqulu xan Aşıq Pəriyə yazıbAşıq Pəri, kağız sənə yetişcək,Durmuyubsan gərək bura gələsən.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.