25

Kosaoğlu dincələ bilmirdi. Gözünün yuxusu, ürəyinin rahatlığı yox olmuşdu. Axşamdan yer saldırıb yorğan-döşəyə girsə də, yata bilmir, o üz-bu üzə çevrilir, durub papiros çəkir. qaranlıqda gözlərini tavana zilləyirdi. Hər şıqqıltı onu diksindirir, hər səs yuxudan oyadırdı. Son günlər heç yata bilmirdi. Arvadı Sayalı bir neçə dəfə "a kişi, sənə nə olub?" - deyə soruşmuşdusa da, toxtadıcı cavab ala bilməmişdi.Kosaoğlu ürəyindəkiləri arvadına deməsə də, Sayalı kişinin gündən-günə əridiyini, daha da qaşqabaqlı olduğunu, evdə uşaqların üzünə baxmadığını görürdü. Sayalı da çox vaxt yatmır, ürəyində qarğış edirdi. "Allah bizə əyri baxanları dərdə salsın! Görüm o İmranın uğuru xeyrə çıxmasın! Mərdimazar oğlu kəndi çaxnaşdırıb, aləmi bir-birinə qatdı".

Исмаил Шихлы195413 мин
26

Tez-tez göyün üzü tutulur, buludlar ətəyini sallayıb kəndin üstünə çökürdü. Çənli-çiskinli yağış başlamışdı. Yolların palçığı saqqız kimi olmuşdu. Yavaş- yavaş hava soyuyur, mal-qara örüşə çıxmırdı. Toyuqlar quru yer axtarır, itlər büzüşüb ocaq yerində yatırdı.Hava açılana oxşamırdı.

Исмаил Шихлы19548 мин
27

Tükəzban gözünü açanda ətrafa boylandı. Harada olduğunu müəyyənləşdirə bilmədi. Sonra başının üstündə dayanmış Zeynəbi gördü:– Bura haradır, qızım?

Исмаил Шихлы19543 мин
28

Gecədən xeyli keçmiş itlər hürüşdü. Doqqazdan səs gəldi. Axır günlər səksəkəli olan Kosaoğlu yerindən dik qalxdı, döyükmüş halda pəncərədən boylandı, səsə qulaq asdı. Bir azdan Sayalı içəri girdi.– Kimdir?

Исмаил Шихлы19544 мин
29

İmran evə qədəm basan kimi anasının yoxluğunu bütün dəhşəti ilə hiss etdi. Toyuq-cücə həyətə səpələnmişdi. Eyvan süpürülməmişdi. Ocaq yerindəki daşlara, divara söykədilmiş saca əl dəyməmişdi. Səhəng boş idi. Taxtın üstü səliqəyə salınmamışdı. Ev buz kimi idi.İmran sakitcə taxtda oturdu. Hara baxdısa, anası gəlib gözünün qabağında dayandı. Ona elə gəldi ki, anası bu saat qaynamış samovarı içəri gətirəcək, süfrə salacaq, qonşu otaqdan Nərgiz çıxıb gələcək, yenə oturub birlikdə, deyə-gülə çörək yeyəcəklər...

Исмаил Шихлы19542 мин
Birinci hissə, 1

Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" - deyə inildəyirdi.

Исмаил Шихлы195714 мин
Birinci hissə, 2

Şamxal birbaş sahilə endi.Göyün üzü tərtəmiz idi. Yalnız o tayda, meşədən uzaqlarda, üfüqlə birləşmiş kimi görünən boz dağların başı üstündə topa-topa ağ buludlar dolaşırdı. Laylanmış buludların qalın kölgələri boz təpələrin, dərələrin üzərində qanadını gırmış nəhəng bir quş kimi sürünürdü. Bu kölgələr uzanıb bərilərə, meşənin ətəklərinə qədər gəlirdi.

Исмаил Шихлы19576 мин
Birinci hissə, 3

Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı. Gün qərbə doğru əyiləndən sonra yuxarıdakı boz dağlardan xəfif meli əsdi. Otların, dəmyələrdə əkilmiş sinəsi laləli taxılların üstündən keçib gələn bu axşam küləyi sahilə enib Kürün üzərinə duvaq kimi çəkilmiş ağ, nazik dumanı qovub uzaqlara - aşağıdakı kəndlərə doğru apardı. Getdikcə suyun səthinə yatan çiskinli duman cələdəki yulğun kollarına toxunaraq parçalanır, sürünə-sürünə o taya - meşəyə doğru gedir, orada isə ağacların başına dolanıb yox olurdu. Örüşdən qayıdan mallar buynuzlaşa-buynuzlaşa sahilə enib doyunca su içir, o taydan, odun qırmaqdan qayıdan kənd cavanları isə sal bağlayıb bəri üzə keçirdilər.Səhərki hadisədən sonra atına minib meşəyə gedən Cahandar ağa da sahildə idi. O bütün günü hirsli-hirsli meşədə gəzmiş, dərdini dağıdıb, başını qatmaq üçün qabağına çıxan quşlara, vəhşi donuzlara güllə atmışdı. Nəhayət, axşamüstü Qarasuyun yaxası boyu keçib gedən maralların izinə düşüb Kürün sahilinə qədər gəlmişdi. Cahandar ağa su içən maralların üstünü almış və sərrast atdığı güllə ilə iri bir maralı vurub yıxmışdı. Atdan düşüb ovunu kənara çəkmiş, cələdə dalda bir yerdə gizlətmişdi.

Исмаил Шихлы195721 мин
Birinci hissə, 4

Ay doğandan sonra ulduzlar solğunlaşıb titrəşdi. Asta, olduqca mülayim bir bahar küləyi əsdi. Şamxalın burnunu çəmən çiçəklərinin qoxusu qıcıqlandırdı.Çərkəzin xorultusu mışıltıya çevrilmişdi. Şamxal qibtə ilə ona baxırdı. Ay doğanda onu oyatmalı olduğunu belə unutmuşdu.

Исмаил Шихлы19576 мин
Birinci hissə, 5

Qaranlıq qarışıb əl-ayaq yığışandan sonra Zərnigar xanım yan otağa çəkildi. Səhərdən dilinə bir şey dəyməsə də qulluqçuların gətir-diyi çay-çörəyə əl vurmadı. Anası ilə bərabər, göz yaşı axıdan Salatın nə qədər yalvardısa da, arvad inadından dönmədi. Evə qaranlıq çökdü. Qızının lampanı yandırmaq istədiyini görəndə acıqlandı:– Yıxıl, öl bir yerdə! Mənim çırağımı fələk özü söndürüb.

Исмаил Шихлы195713 мин
Birinci hissə, 6

Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. Qumar yoldaşlarının və karvansara sahibini duyuq salmamaq üçün əhvalatı açmadı. Onların sualına "daha bəsdir, evdə işim-gücüm tökülüb qalıb", - deyə təmkinlə cavab verdi.Onun atını gətirdilər. Bu neçə gündə arpa yeyib kökələn ot yüyənini çeynəyir, həndəvərinə hərlənən adamları dişləyib gəmirmək istəyirdi. Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bərkitdi Sonra gümüş döşlüyünü sahmana saldı. Ayağını üzəngiyə qoyub, atın belinə qalxmazdan əvvəl mehtərin haqqını verdi.

Исмаил Шихлы195714 мин
Birinci hissə, 7

Əlləri qoynunda, eyvanın dirəyinə söykənib selləmə bahar yağışına tamaşa edən Salatını fıkir götürmüşdü. Şamxal evə qayıtmamışdı. Onun hara getdiyini dəqiq bilən yox idi. Atasının qorxusundan, bir də söz-söhbətdən xoşu gəlib ara qızışdıran arvadların üzünü görmək istəmədiyindən evdən eşiyə çıxmamışdı. Anası da o gündən bəri ağzı üstə döşənib qalmışdı. Ev suyu soğulmuş dəyirmana dönmüşdü.Cahandar ağa ailəsini o taya, meşəyə, binəyə göndərmək istəmişdisə də, Zərnigar xanım: "Bircə onu görməyəcəksən, - deyə kişisinə cavab vermişdi.

Исмаил Шихлы195710 мин
Birinci hissə, 8

Qoca ağır-ağır yoxuşu qalxırdı. Əlindəki söyüd çubuğuna keçirdiyi balıqların pulları parıldayır və quyruqları açıq-çəhrayı rəngə çalırdı. Kişi yorulmuşdu. Tez-tez dayanıb nəfəsini dərir, çiynindəki əndırləri silkələyib kürəyinin ortasına atırdı. O, möhkəm islanmışdı. Dizi yamaqlı şalvarı, arxalığının altından görünən boynu qara sapla işlənmiş kirli alt köynəyi belə yaş idi. Çarıqlarını və iplik corabını soyunub əlinə almışdı. Gecəli-gündüzlü suda qaldığından ağappaq olan dabanını və codlaşmış ayaq barmaqlarını qızmış tozlu torpağa basdıqca, bədəninə istilik yayılırdı. O, iri, saçaqlı papağını boynunun dalına itələmişdi. Qırxıq başından buğ qalxırdı. Sinəsinə düşən ağ saqqalının pərakəndə tüklərini səhər küləyi oynadırdı.Kişi dayanıb nəfəsini dərdi. Bir xeyli Kürdə çimişən uşaqlara, yulğunluğa doluşan mal-qaraya baxdı. Öküzünün burada olub-olmadığını yoxladı. Sonra yenə yoluna davam etdi. Dikdirin qaşına çatanda bir dəstə uşaqla qarşılaşdı. Onların əllərində balaca qarmaqlar var idi.

Исмаил Шихлы19579 мин
Birinci hissə, 9

Şamxal kəndin kənarında, biçənəklərin üst tərəfindəki təpənin qaşında özünə ev tikdi. Kənd cavanları ona kömək etdilər. Birləşib yer qazdılar. Meşədən dirək, kərən gətirdilər. Üç gün gecəli-gündüzlü işləyəndən sonra qazma daxmanın üstünü örtdülər.Damın pərdilərini Şamxal özü örtdü. Enli qovaq ağaclarını doğrayıb ortadan yardılar. Səliqə ilə yonub yan-yana qoydular. Şamxal evin dal tərəfindən balaca bir pəncərə açdı. Uşaqların hardansa tapıb gətirdikləri bir parça şüşəni ora saldı. Qara damın həyətində iri bir çardaq da tikdilər. Şamxal özü çardağın ətrafını yulğun çubuğu ilə hördü, torpağın süzülüb axmasının qabağını aldı. Həyətdəki ot-ələfi təmizlədi. Harda xırman açacağını, samanlığı, tövləni harda tikəcəyini indidən müəyyənləşdirdi.

Исмаил Шихлы19576 мин
Birinci hissə, 10

Güləsər gecikmişdi. Səhər tezdən ev-eşiyi süpürmüş, qızlarla pəncərə getmiş, geri qayıdanda səhəngin boş olduğunu görmüşdü. Atası indicə gələcəkdi. Çərkəz də axşamüstü evə dönəcəkdi. Heç olmazsa onlara bir stəkan çay vermək lazımdı.O, səhəngi götürüb birbaş Kürə yollandı. Gün yaxmışdı. Kəndin qərb tərəfindəki hündür təpələrin zirvəsi narıncı rəngə boyanmışdı. Sahildəki söyüd ağaclarının budaqları qızılı rəngə çalırdı. Güləsər hündür yarğanın yanından sola burulub cığırla aşağı endi. Çəmənlikdə oynaşan uşaqlar malları qabağına qatıb kəndə doğru haylayırdılar. Lap uzaqda bir oğlan at çapırdı. Ətrafa sərinlik gətirən kölgə çökürdü. Güləsər addımlarını yeyinlətdi. Suyun yaxası boyu uzanan yarğanın qaşı ilə getdi. Göyün üzündə süzən saysız-hesabsız qızlarquşunun səsi bir-birinə qarışmışdı. Suların şırıltısı, cələdəki salxım söyüd yarpaqlarının xışıltısı çəmənlərdən küləyin qovub gətirdiyi çiçək qoxuları Güləsəri məst etmişdi. O hərdənbir ayaq saxlayır, Kürün balıq qoxusu verən nəm havasını ciyərlərinə doldururdu.

Исмаил Шихлы195718 мин
Birinci hissə, 11

Salatın bütün gecəni narahat yatdığından, yalnız səhərə yaxın şirin yuxuya getdi. Xoruzlar banladı, toyuqlar tardan töküldü, qapılarda mal-qara mələşməyə başladı, ancaq o oyanmadı. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız, yatıb yuxuya qaldı. Çardağın bacasından süzülüb, üzünə düşən işıq da onu oyada bilmədi. Bacısını birinci dəfə belə yorğun görən Şamxal daya nıb qıza xeyli tamaşa etdi. Salatın yorğanı üstünə çəkib paltarlı yatmışdı. Saçları yastığa dağılmışdı.– Qalx, çaydan-çörəkdən hazırla.

Исмаил Шихлы195714 мин
Birinci hissə, 12

Şamxal ayağa durub kəmərini daraltdı. Boğazı qaytanlı köynəyinin qırışlarını arxaya tərəf yığdı. Yüngül addımlarla qapıya yaxınlaşdı. Əlini cəftəyə uzatmazdan əvvəl dönüb geri baxdı. Şahnigar xanımın sinəsi qalxıb-enir, Salatın isitməli adamlar tək titrədir, Güləsər isə cəsəd kimi yerindən tərpənə bilmirdi. O bunları görsə də dinmədi, sakitcə divara söykədiyi tüfəngə yaxınlaşdı. Beynində ildırım sürətli fikirlər gəlib keçdi. "Tüfəngi götürsünmü? Yoxsa Çərkəzin qabağına elə-belə, saymazyana, əliboş çıxsın? Onun yanına yaraqlı getmək qorxaqlıq deyilmi? Arvadlar, illah da Güləsər buna nə deyərdi? Elə ilk gündən arvadının gözündən düşməzdimi? Yox, elə-belə, əliboş gedəcəm. Bəlkə onun silahı var? Qapıya çıxan kimi sinəmi nişan alacaq ? Heç əl-ayaq tərpətməyə qoymayacaq? Kimi, məni? Çərkəz mənə Cahandar ağanın oğlu Şamxala əl qaldıracaq? Vallahi onların külünü torba ilə daşıtdıraram. Hünəri var, tərpənsin!"O, ehmalca tüfəngi götürüb əlində hərlədi. Şahnigar xanım qardaşı oğlunun ürəyindən keçənləri üzündən oxudu. Onun iki su arasında qaldığını və qəti bir qərara gələ bilmədiyini başa düşdü. Sakitcə Şamxala yaxınlaşdı. Gözlərini onun üzünə zillədi.

Исмаил Шихлы195711 мин
Birinci hissə, 13

Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün, üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Onsuz da boğuq olan sifəti daha da qaralıb, tunc kimi bozardı. Dişinin arasından su da keçmədi. Kişinin həndəvərinə hərlənmək olmadı. Mələk qorxa-qorxa, barmaqlarının ucunda, otağa girib, onun üstünə yorğan salanda, ərinin kürəklərinin titrədiyini, iri və cod barmaqlarının gəbənin ilgəklərini didib tökdüyünü gördü, amma cıqqırını da çıxartmadı, söz deməyə cəsarət etmədi. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər.Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Cahandar ağa bir axşam div yuxusundan ayılan kimi ayağa durdu. Dinməz-söyləməz paltarını geyindi. Qoltuqaltısını götürdü. Darağı xəzinəyə basıb çaxmağı hərlədi, gülləni lüləyə verdi. Bunlar azmış kimi xəncəri də belinə bağladı. Hava isti olsa da, dəvə yunundan toxunmuş ağ başlığını boynuna doladı. Yenə heç kəs dinib-danışmadı. Zərnigar xanım qorxusundan cəsədə dönmüşdü. Yazığın nəfəsi güclə gedib-gəlirdi. Necə deyərlər, diri gözlü ölmüşdü. O, ərinin nə isə dəhşətli bir iş düşündüyünü yəqin etmişdi. Bir analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. Amma nə dinir, nə də ərinə bir söz deyə bilirdi. Arvad lap özünü itirmişdi. Mələk də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: "Acıqlı başda ağıl olmaz",- deyə fikirləşdi. Əvvəlcə Zərnigar xanımı hərəkətə gətirmək, "kişinin əl-ayağına düş, getməyə qoyma", - demək istədi. Amma onun dilinin gödək olduğunu yadına salıb dayandı. Əslinə baxsan, Zərnigar xanım özü də Şamxaldan narazı idi.

Исмаил Шихлы195710 мин
İkinci hissə, 1

Göytəpə kəndinin ucqarında, xır yolunun üst tərəfində üçotaqlı bir bina var. El arasında buraya "Zayej" ("Zayezjiy dom" sözünün el arasında işlənən şəkli) deyirlər. Qocaların söylədiyinə görə, bu evi vaxtilə xır yolunu çəkənlər tikiblər. Onlar gündüzlər yolda işləyir, axşamlar isə burada yatırmışlar.Göytəpəlilərdən bu yolun necə çəkilməsini xatırlayanlar az deyil. Hətta onların çoxu yola döşəmək üçün Kürün sahilindəki çaylaqdan araba ilə xır daşıdıqlarını indi də unutmamışdır.

Исмаил Шихлы195714 мин
İkinci hissə, 2

Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. Havada şaqqıldayan qamçının səsini eşitdikdə azca hərəkətə gəlib daş yola səs salsalar da, qaçmır, beş-on addımdan sonra yenə də yerişlərini yavaşıdırdılar. Faytonçu da yorulmuşdu. Görünür, uzun və kimsəsiz yol onu da taqətdən salmışdı. Ancaq həvəsdən düşmür, necə olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi.Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. O, ayağını-ayağının üstünə aşıraraq, yanpörtü əyləşmişdi. Xırdaca gözlərini qıyıb boz təpələrə, lap uzaqdan güclə görünən Kürün sahilinə səpələnmiş kənd evlərinə, düzənliyə dağılmış mal-qaraya tamaşa edirdi. Hava isti idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub, yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı, Kürə doğru süründü.

Исмаил Шихлы195716 мин
İkinci hissə, 3

Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.

Исмаил Шихлы195710 мин
İkinci hissə, 4

Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.

Исмаил Шихлы19577 мин
İkinci hissə, 5

Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.

Исмаил Шихлы195711 мин
İkinci hissə, 6

Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.

Исмаил Шихлы195713 мин

Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.