Советские
Qoca ağır-ağır yoxuşu qalxırdı. Əlindəki söyüd çubuğuna keçirdiyi balıqların pulları parıldayır və quyruqları açıq-çəhrayı rəngə çalırdı. Kişi yorulmuşdu. Tez-tez dayanıb nəfəsini dərir, çiynindəki əndırləri silkələyib kürəyinin ortasına atırdı. O, möhkəm islanmışdı. Dizi yamaqlı şalvarı, arxalığının altından görünən boynu qara sapla işlənmiş kirli alt köynəyi belə yaş idi. Çarıqlarını və iplik corabını soyunub əlinə almışdı. Gecəli-gündüzlü suda qaldığından ağappaq olan dabanını və codlaşmış ayaq barmaqlarını qızmış tozlu torpağa basdıqca, bədəninə istilik yayılırdı. O, iri, saçaqlı papağını boynunun dalına itələmişdi. Qırxıq başından buğ qalxırdı. Sinəsinə düşən ağ saqqalının pərakəndə tüklərini səhər küləyi oynadırdı.Kişi dayanıb nəfəsini dərdi. Bir xeyli Kürdə çimişən uşaqlara, yulğunluğa doluşan mal-qaraya baxdı. Öküzünün burada olub-olmadığını yoxladı. Sonra yenə yoluna davam etdi. Dikdirin qaşına çatanda bir dəstə uşaqla qarşılaşdı. Onların əllərində balaca qarmaqlar var idi.
Birinci hissə, 9Şamxal kəndin kənarında, biçənəklərin üst tərəfindəki təpənin qaşında özünə ev tikdi. Kənd cavanları ona kömək etdilər. Birləşib yer qazdılar. Meşədən dirək, kərən gətirdilər. Üç gün gecəli-gündüzlü işləyəndən sonra qazma daxmanın üstünü örtdülər.Damın pərdilərini Şamxal özü örtdü. Enli qovaq ağaclarını doğrayıb ortadan yardılar. Səliqə ilə yonub yan-yana qoydular. Şamxal evin dal tərəfindən balaca bir pəncərə açdı. Uşaqların hardansa tapıb gətirdikləri bir parça şüşəni ora saldı. Qara damın həyətində iri bir çardaq da tikdilər. Şamxal özü çardağın ətrafını yulğun çubuğu ilə hördü, torpağın süzülüb axmasının qabağını aldı. Həyətdəki ot-ələfi təmizlədi. Harda xırman açacağını, samanlığı, tövləni harda tikəcəyini indidən müəyyənləşdirdi.
Birinci hissə, 10Güləsər gecikmişdi. Səhər tezdən ev-eşiyi süpürmüş, qızlarla pəncərə getmiş, geri qayıdanda səhəngin boş olduğunu görmüşdü. Atası indicə gələcəkdi. Çərkəz də axşamüstü evə dönəcəkdi. Heç olmazsa onlara bir stəkan çay vermək lazımdı.O, səhəngi götürüb birbaş Kürə yollandı. Gün yaxmışdı. Kəndin qərb tərəfindəki hündür təpələrin zirvəsi narıncı rəngə boyanmışdı. Sahildəki söyüd ağaclarının budaqları qızılı rəngə çalırdı. Güləsər hündür yarğanın yanından sola burulub cığırla aşağı endi. Çəmənlikdə oynaşan uşaqlar malları qabağına qatıb kəndə doğru haylayırdılar. Lap uzaqda bir oğlan at çapırdı. Ətrafa sərinlik gətirən kölgə çökürdü. Güləsər addımlarını yeyinlətdi. Suyun yaxası boyu uzanan yarğanın qaşı ilə getdi. Göyün üzündə süzən saysız-hesabsız qızlarquşunun səsi bir-birinə qarışmışdı. Suların şırıltısı, cələdəki salxım söyüd yarpaqlarının xışıltısı çəmənlərdən küləyin qovub gətirdiyi çiçək qoxuları Güləsəri məst etmişdi. O hərdənbir ayaq saxlayır, Kürün balıq qoxusu verən nəm havasını ciyərlərinə doldururdu.
Birinci hissə, 11Salatın bütün gecəni narahat yatdığından, yalnız səhərə yaxın şirin yuxuya getdi. Xoruzlar banladı, toyuqlar tardan töküldü, qapılarda mal-qara mələşməyə başladı, ancaq o oyanmadı. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız, yatıb yuxuya qaldı. Çardağın bacasından süzülüb, üzünə düşən işıq da onu oyada bilmədi. Bacısını birinci dəfə belə yorğun görən Şamxal daya nıb qıza xeyli tamaşa etdi. Salatın yorğanı üstünə çəkib paltarlı yatmışdı. Saçları yastığa dağılmışdı.– Qalx, çaydan-çörəkdən hazırla.
Birinci hissə, 12Şamxal ayağa durub kəmərini daraltdı. Boğazı qaytanlı köynəyinin qırışlarını arxaya tərəf yığdı. Yüngül addımlarla qapıya yaxınlaşdı. Əlini cəftəyə uzatmazdan əvvəl dönüb geri baxdı. Şahnigar xanımın sinəsi qalxıb-enir, Salatın isitməli adamlar tək titrədir, Güləsər isə cəsəd kimi yerindən tərpənə bilmirdi. O bunları görsə də dinmədi, sakitcə divara söykədiyi tüfəngə yaxınlaşdı. Beynində ildırım sürətli fikirlər gəlib keçdi. "Tüfəngi götürsünmü? Yoxsa Çərkəzin qabağına elə-belə, saymazyana, əliboş çıxsın? Onun yanına yaraqlı getmək qorxaqlıq deyilmi? Arvadlar, illah da Güləsər buna nə deyərdi? Elə ilk gündən arvadının gözündən düşməzdimi? Yox, elə-belə, əliboş gedəcəm. Bəlkə onun silahı var? Qapıya çıxan kimi sinəmi nişan alacaq ? Heç əl-ayaq tərpətməyə qoymayacaq? Kimi, məni? Çərkəz mənə Cahandar ağanın oğlu Şamxala əl qaldıracaq? Vallahi onların külünü torba ilə daşıtdıraram. Hünəri var, tərpənsin!"O, ehmalca tüfəngi götürüb əlində hərlədi. Şahnigar xanım qardaşı oğlunun ürəyindən keçənləri üzündən oxudu. Onun iki su arasında qaldığını və qəti bir qərara gələ bilmədiyini başa düşdü. Sakitcə Şamxala yaxınlaşdı. Gözlərini onun üzünə zillədi.
Birinci hissə, 13Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün, üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Onsuz da boğuq olan sifəti daha da qaralıb, tunc kimi bozardı. Dişinin arasından su da keçmədi. Kişinin həndəvərinə hərlənmək olmadı. Mələk qorxa-qorxa, barmaqlarının ucunda, otağa girib, onun üstünə yorğan salanda, ərinin kürəklərinin titrədiyini, iri və cod barmaqlarının gəbənin ilgəklərini didib tökdüyünü gördü, amma cıqqırını da çıxartmadı, söz deməyə cəsarət etmədi. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər.Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Cahandar ağa bir axşam div yuxusundan ayılan kimi ayağa durdu. Dinməz-söyləməz paltarını geyindi. Qoltuqaltısını götürdü. Darağı xəzinəyə basıb çaxmağı hərlədi, gülləni lüləyə verdi. Bunlar azmış kimi xəncəri də belinə bağladı. Hava isti olsa da, dəvə yunundan toxunmuş ağ başlığını boynuna doladı. Yenə heç kəs dinib-danışmadı. Zərnigar xanım qorxusundan cəsədə dönmüşdü. Yazığın nəfəsi güclə gedib-gəlirdi. Necə deyərlər, diri gözlü ölmüşdü. O, ərinin nə isə dəhşətli bir iş düşündüyünü yəqin etmişdi. Bir analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. Amma nə dinir, nə də ərinə bir söz deyə bilirdi. Arvad lap özünü itirmişdi. Mələk də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: "Acıqlı başda ağıl olmaz",- deyə fikirləşdi. Əvvəlcə Zərnigar xanımı hərəkətə gətirmək, "kişinin əl-ayağına düş, getməyə qoyma", - demək istədi. Amma onun dilinin gödək olduğunu yadına salıb dayandı. Əslinə baxsan, Zərnigar xanım özü də Şamxaldan narazı idi.
İkinci hissə, 1Göytəpə kəndinin ucqarında, xır yolunun üst tərəfində üçotaqlı bir bina var. El arasında buraya "Zayej" ("Zayezjiy dom" sözünün el arasında işlənən şəkli) deyirlər. Qocaların söylədiyinə görə, bu evi vaxtilə xır yolunu çəkənlər tikiblər. Onlar gündüzlər yolda işləyir, axşamlar isə burada yatırmışlar.Göytəpəlilərdən bu yolun necə çəkilməsini xatırlayanlar az deyil. Hətta onların çoxu yola döşəmək üçün Kürün sahilindəki çaylaqdan araba ilə xır daşıdıqlarını indi də unutmamışdır.
İkinci hissə, 2Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. Havada şaqqıldayan qamçının səsini eşitdikdə azca hərəkətə gəlib daş yola səs salsalar da, qaçmır, beş-on addımdan sonra yenə də yerişlərini yavaşıdırdılar. Faytonçu da yorulmuşdu. Görünür, uzun və kimsəsiz yol onu da taqətdən salmışdı. Ancaq həvəsdən düşmür, necə olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi.Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. O, ayağını-ayağının üstünə aşıraraq, yanpörtü əyləşmişdi. Xırdaca gözlərini qıyıb boz təpələrə, lap uzaqdan güclə görünən Kürün sahilinə səpələnmiş kənd evlərinə, düzənliyə dağılmış mal-qaraya tamaşa edirdi. Hava isti idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub, yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı, Kürə doğru süründü.
İkinci hissə, 3Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.
İkinci hissə, 4Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.
İkinci hissə, 5Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.
İkinci hissə, 6Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.
İkinci hissə, 7Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə, şalını başına salıb həyətə yüyürdü, nökərlərdən əvvəl cilovu tutub, kişinin üzəngisini basdı. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi. Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan, sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü.– Əyə, nə yaman ləngidin?
İkinci hissə, 8Molla Sadığın on iki kərənli uzun evi başdan-başa gəbə ilə döşənmişdi. Divar boyu döşəkcələr salınmışdı.Hər tərəf tərtəmiz süpürülmüş, tavandan asılan çırağın məftili elə bil qəsdən lap aşağıya endirilmişdi. Divara vurulan ala-bəzək kilimlərin tozu alınmış, künc-bucağın qurumu da təmizlənmişdi. Ev adamın üzünə gülürdü.
İkinci hissə, 9Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni çeynəyib fınxırdıqca ağzından köpük daşlanırdı. O, qaranlıqda güclə seçilən qadını döşünün altına alıb əzmək istəyirdi. Atin isti nəfəsini kürəyinin ortasında duyan Şahnigar isə səsini çıxartmadan yumaq kimi bükülüb irəliləyirdi. Uzun donunun ətəyi kol-kosa ilişib təngildəsə də dayanmır, ayağı büdrəyib yıxılan kimi sıçrayıb qalxır, şallağın çiyni aşağı enəcəyindən qorxduğuna görə canını dişinə tutub yorturdu. Kəndə çaxnaşmna düşmüşdü. İtlər ağız-ağıza verib ulaşır, orda-burda tüfəng atılırdı.Cahandar ağa susurdu. Gözünü atın qulaqları arasından irəli zilləyib, güclə görünən bacısına baxırdı. O gah sirkənlikdə təmiz itən, gah da az qalan atın ayağı altına düşən. Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. Dodaqları səyriyir, barmağı isə tüfəngin tətiyində oynayırdı.
Üçüncü hissə, 1Boz dağların ətəyi ilə qıvrıla-qıvrıla gələn qatar kiçik bir dayanacaqda azca yavaşıdı. Əşrəf vaqonun ayaqlığından yerə atıldı. Qatar bunu gözləyirmiş kimi dartınıb silkələndi. Çarxlar relslərin üstündə sürüşüb fırlandı. Parovoz içini təmizləyib bir neçə dəfə güyüldədi və fışıltı ilə yoluna davam etdi. Qumu, torpağı və relslərin altındakı taxtadan belə mazuta bulanmış yolun ətrafındakı otların üstünə elə bil şeh çiləndi.Əşrəf paltarının tozunu çırpıb yolun kənarında dayandı. Kəsik-kəsik fit verib uzaqlaşarı qatarın arxasınca xeyli baxdıqdan sonra kiçik yol çamadanını götürüb, bircə budkadan ibarət olan stansiyaya yaxınlaşdı. Qatarı yola salan xidmətçi axşamüstü bu kimsəsiz yerdə tək qalan sərnişinə baxdı. Onun geyimindən seminarist olduğunu bildikdə daha da təəccübləndi. Bu yaxınlarda kənd yox idi. Gün yaxmışdı. Gecə vaxtı o hara gedəcəkdi?
Üçüncü hissə, 2Meşənin dərinliyində, binələrdən xeyli uzaqda dalbadal güllə atıldı. Meşəyə boğuq bir gurultu yayıldı. Dəyələrdən bir az aralı, talanın ortasındakı çəmənlikdə hörüklənmış Qəmər qulaqlarını şəklədi. Yalını pırpızlandırıb bərkdən kişnədi və dal ayağı üstə qalxıb çəçiyini havada oynatdı, Zərblə dartınıb irəşməni qırdı. Dördnala çaparaq dəyələrə tərəf qaçdı. Binədəki arvad-uşaq çığırışıb kənara dağıldı. Cahandar alaçıqdan hövlnak çıxıb atın dalınca yüyürdü. Yoğun və zəhmli səslə bir-iki dəfə “hey-hey, Qəmər!” - deyə atı səslədi. Qəmər nə qədər çılğınlaşmış olsa da, sahibinin səsini eşidən kimi yerişini yavaşıtdı. Dəyələrin ətrafında bir-iki dəfə dövrə vurub dayandı. Sakitləşmək üçün qabaq ayağı ilə yeri eşdi. Cahandar ağa ona yaxınlaşanda isə təlaşla ətrafa boylanıb astadan oxrandı. Kişi irəşməni yığdı, atın yalın sığalladı və yedəkləyib alaçığın yanına gətirdi.Gün yaxmışdı. Meşənin arxasında gizlənən günəşin maili şüaları yarpaqların arasına soxulub ətrafı işıqlandırmağa çalışırdı. Ancaq baş-başa vermiş palıdlar. İri fıstıq və vələs ağaclarının qalın yarpaqları işığın qabağını kəsib yerə qatı kölgə salırdı. Meşəyə birdən-birə qaranlıq çökürdü.
Üçüncü hissə, 3Tərtəmiz süpürülüb təmizlənmiş otaq başdan-başa gəbə ilə döşənmişdi. Pəncərənin pərdəsi asılmış, otuzluq çırağın fitili azacıq qaldırılmışdı. Yuxarı başda iki döşəkcə və zər bafta ilə işlənmiş qızıl qotazlı məxmər mütəkkələr qoyulmuşdu. Molla Sadıq çiynində əba, otaqda gəzinə-gəzinə təsbehinin iri, kəhrəba muncuqlarını şaqqıldadırdı. Ayağında təptəzə naxışlı corab var idi. Yumşaq gəbələrin üstündə səssizcə gəzdikdə elə bil bu rahatlıqdan ləzzət alırdı. Əslində, içə çox narahat idi.Müridlərin axırıncı yığıncağı dağıldıqdan sonra o, iki gün evdən bayıra çıxa bilmədi. Türbədən gələn qonağı elə gecə ikən, bir dəstə atlı ilə yola saldı, qapıya tüfəngli keşikçilər qoydu. O, Cahandar ağanın bir də qayıdacağını, onun evinə basqın edəcəyini, çal-çəpərinə od vurub, evi gülləyə basacağını gözlədi. Əl altından qohumlarına və Sadıq müridlərinə xəbər göndərdi, ehtiyatlı olmalarını tapşırdı. Ancaq ertəsi günü arvadlar ona xəbər gətirdilər ki, Şahnigar özünü asmışdır. Molla Sadığın qaşı çatıldı, xeyli fikrə getdi.
Üçüncü hissə, 4Əşrəf meşənin qurtaracağında atın cilovunu çəkdi. Kürün lil qoxusu verən sərin havası onun üzünə vurdu. At bərkdən kişnədi. Tapdıq da yüyəni dartdı.Kürün sahili köçərilərin düşərgəsinə çevrilmişdi. Arabalar bölük-bölük dayanmışdı. Yulğunluqların içi mal-qara ilə dolmuşdu. Uşaqlar dana-buzovları, sığırçılar isə malları bir-birinə qarışmağa qoymurdular. Yuxarılara yağan yağışdan sonra hava bürkülənmişdi. Nəfəs almaq olmurdu. Tələm-tələsik ocaq qalayıb qazan asan arvadların, arabaların yanında qaçışan tumançaq uşaqların, heyvanları sulayaıb sığırçıların səsi bir-birinə qarışmışdı. Milçəklər, göyöyünlər mallara dinclik vermirdi.
Üçüncü hissə, 5Pakizə Əşrəfi ilk dəfə yaxından hələ üç il bundan əvvəl görmüşdü. Onda qızın on dörd yaşı yenicə tamam olurdu. Bu elə o vaxt idi ki, Pakizə özündən böyük qızlara qoşulmağa çalışır, gəlinlərin söhbətindən, zarafatından xoşu gəlirdi. Onlar Pakizəni uşaq zənn etdiklərindən çəkinmir, onun yanında öz ərlərindən baməzəliliklə danışır, hətta toy gecəsi xatirələrini bütün təfərrüatı ilə söyləyirdilər, Pakizə bihuşedici gül qoxulamış adamlar kimi məstliklə qızların öz nişanlıları ilə necə görüşdüklərini təsəvvüründə canlandırmağa və ilk öpüşün ləzzətinin nədən ibarət olduğunu duymağa çalışırdı. Nə isə dumanlı, eyni zamanda sehrli bir maraq onu özünə cəlb edirdi.Pakizənin ömründə ilk dəfə oğlan baxışının, kişi təmasının nə demək olduğunu duyması da elə bu dövrə təsadüf edir. İndi o həmin an aydın şəkildə tez-tez təsəvvüründə canlandırır, o vaxt olduğu kimi indi də dumanlı və sehrkar bir duyğunun şirinliyindən məst olurdu...
Üçüncü hissə, 6Zərnigar xanım ərinə nə qədər nifrət etsə də, onun əlindən yanıqlı, ürəyi dağlı olsa da, kişini unuda bilmirdi. Hərdənbir xəlvətə çəkilib gizlincə ağlayır, Cahandar ağanın halını düşünürdü. O, hiss edirdi kişi sınıqdır, daha əvvəlki hay-harayı yoxdur. Şamxalın ayrılıb getməsi, bacısının ölümü onun belini bükübdür. Zərnigar xanım bəzən onu görmək istədiyini, heç olmazsa uzaqdan boyuna baxmaq arzusunun ürəyindən keçdiyini hiss edirdi. Arvad qəlbinin ən ucqar bir guşəsində gizlənib cücərməyə çalışan bu duyğudan qorxsa da, onun qol-qanad açıb güclənə biləcəyi ehtimalından dəhşətə gəlsədə, özü ilə mübarizə aparmağı bacarmırdı. Bəzən ərinin paltarının qoxusu burnuna dəyirdi, səsi qulaqlarında canlanırdı. Cod barmaqların təmasını çiynində, saçında, sinəsində hiss edirdi. Belə hallarda az qalırdı ki, durub birbaş qayıtsın. Arvad hiss edirdi ki, oğlunun yanında onun günü nə qədər xoş keçsə də, gəlini iki qızı başına dolanıb onun əlini isti sudan soyuq suya vurmağa qoymasalar da, nə isə bir şey çatışmır. O, ərinin xiffətini edirdi. Bir qadın kimi kişi hərarətinin, kişi nəfəsinin həsrətini çəkirdi. Axı, o hələ o qədər də yaşlı deyildi!Əşrəf gələndən sonra arvadın xəyalı daha da qarışdı. Oğlu məktəbdən qayıdanda onu Cahandar ağanın yanına buraxmayacağını qərara almış olsa da, ürəyi yumşaldı. O gördü ki, Əşrəf iki suyun arasında qalıb, nə atasından keçə bilir, nə də anasından. Bir də o, bu oğlunun da sınıq dolanmasını, atası ola-ola yetimlik çəkməsini istəmirdi. Ürəyindəki bütün kin və qəzəbə, qadın izzət-nəfsinin tapdalanmasına belə analıq hissi üstün gəlirdi. Zərnigar xanım hətta qəsdlənmişdi ki, oğlunu da götürüb geri, ərinin yanına, öz evinə qayıtsın. "Mən baş götürüb evdən çıxanda kimə nə eləyirəm? Günümün bundan ürəyimi ağrıyacaq? Bəlkə onlara da elə bu lazımdır? Əl-ayaqlarına heç kəs dolaşmaz. Zəhmət çəkib ev-eşik tikib cah-cəlal düzəldən mən, hazıra çıxan onlar? Ay Allah, sənin nə insafsız işlərin var! Mənim balalarımı niyə gül kimi soldurub ürəklərinə çal-çarpaz dağ çəkirsən? Mən nə günah sahibiyəm? Yox, gedəcəm. Kişi məni evdən qovmayıb ki? Özüm çıxıb gəlmişəm. İndi də qayıdacam. Balalarımı başıma yığacağam... Bəs ona necə dözəcəm? Gözüm baxa-baxa nər kimi kişini əlimdən o qoynuna salan o həyasızla necə bir damın altında yaşayacam? Allah, sən özün mənə rəhm elə!"
Üçüncü hissə, 7Qoca kişi nə qədər çalışdısa da, evdə dayana bilmədi. Qapını açıb içəri girmək, palaz atıb taxtın üstündə uzanmaq fikrindən daşındı. Qaralıq və rütubətli daxma ona daha nəmli və tutqun göründü. İnsan nəfəsi ilə isinməyən evin soyuqluğu kişini üşütdü. Ömründə ilk dəfə özünü tam yalqız və kimsəsiz hiss etdi. Arvadı öləndən sonra da bir müddət evdən soyumuşdu. Ancaq bu hal çox çəkməmişdi. Qızı Güləsərin mehriban davranışı, oğlu Çərkəzin qapıda hərlənməsi onu ürəkləndirmisdi. Amma indi vəziyyət tamamilə başqa cür idi. Güləsər gedəndən sonra ev bomboş qalmışdı. Əvvəllər Kürün qırağından qayıdanda heç olmazsa qızı onu qarşılayardı. Azdan-çoxdan bir şey tapıb bişirər, atası ilə Çərkəzi yedizdirərdi. Qoca kişi bədəninin ağrılarını unudardı...Kişi iri bir daş tapıb bayırda, çardağın qabağında oturdu. Həyəti ot basmışdı. Kürün sahilinə doğru uzanan cığırın torpağı çat-çat olub yanılmışdı. Üstünü çayır və ilanotu bürüyən bu kiçik yolcuğaz güclə seçilirdi. Qarışqalar bu yolla gediş-gəlişin olmadığını duymuş kimi qatarlaşıb, arxayın-arxayın yuvalarına yem daşıyırdılar.
Üçüncü hissə, 8Günorta üstünə yaxın xır yolunun aşağı tərəfindən, Acı dərənin yanındakı döngədən bir dəstə atlı kişi onların ardınca zınqırovlu bir fayton dikdirə qalxdı. Arxadan bir cərgə düzülmüş atlı gəldi. Xır yoluna səs düşdü. Daşlara toxunan nallar ahəngdar şəkildə çaqqıldadı. Azacıq toz qalxdı. Cayda atlar yortmağa başladı. Qıllı papaqlı, uzun saqqal kazaklar yəhərin üstündə qalxıb-endilər. Çəkmələrinin dabanlarındakı dişli dəmirlərlə atları mahmızladılar. Dəstə kəndə yaxınlaşdı. Göytəpəlilər təşviş və həyəcan içərisində dayanıb gələnlərə uzaqdan tamaşa etdilər. Uşaqlar damların üstünə çıxdılar. Kazakların böyründən sallanan və az qala yerə dəyən uzun qılınclarının dəmirləri və tüfənglərinin lülələri parıldadı. Onlar əyinlərinə şabalıdı rəngli yun çuxa geymiş, başlarına iri qıllı papaq qoymuşdular. Papaqlarının ortasındakı qırmızı və başlıqlarını qotazları aydın seçilirdi. Fayton qapqara idi. Gün vurduqca parıldayırdı. Onun içində oturanlar da elə bil qızıla bürünmüşdülər. Çiyinləri, döşləri işım-işım işıldayırdı.Dəstə kənddən xeyli aralandı. Camaat onların Tiflisə ötüb keçdiklərini yəqin edib arxayınlaşdı. Ancaq atlılar gözlənilmədən burulub "Zayej"in qabağında dayandılar.
Üçüncü hissə, 9Cahandar ağanın yuxusu qaçmışdı. Gecə yarıdan keçməsinə baxmayaraq yerin içində çevrilir, bundan sonra necə hərəkət etməli olacağını fikrində ölçüb-biçirdi. Onun savadı yox idi. Ərəb əlifbası ilə azacıq yazı-pozudan başqa heç nə bilmirdi. Məktəblərin, oxumağın axırının haraya gedib çıxacağını o qədər də dərk etmirdi. O, dədə-baba qaydası ilə dolanmış, atın belində gəzib ağayanalıq etmişdi. Ancaq indi vəziyyət dəyişirdi. O başa düşürdü ki, deyəsən bundan sonra divan-dərə ilə çox oturub-durmalı olacaqlar. Əvvəllər bu tərəfləri hökumət adamlarından ayda-ildə bir dəfə hərlənən olmazdı. Amma indi bir şey olan kimi atlı kazaklar tökülüb gəlir. Belə getsə onlar buraları su yoluna çevirəcək, kəndi ayaq altına qoyacaq və hər işə qarışacaqlar. Bir az da keçəndən sonra lap kişiliyimizi də əlimizdən alacaqlar. Pristav həftədə bir gəlib bizi yığacaq, qabağına qoyub uşaq kimi danlayacaq, biz də mal təkin gözümüzü döyə-döyə baxacağıq. Yox, bu, kişilikdən deyil.Bəs nə etməli? Pristav demişkən, hökumətlə hökumətlik eləmək də baş tutan iş deyil. Deyəsən, zəmanə dəyişir. Deyəsən, divan-dərədən qaçanlar yox, onunla yaxın olanlar, ona arxalananlar qazanacaqlar. Bu dəfə birtəhər qurtardıq. Pristava söz verdik ki, bir də elə şeylər olmaz. Uşaqlar bilməyiblər, yoxsa kazaklara toxunmazdılar. O da boynumuza, minnət qoydu, "bu dəfə bağışlayıram", – dedi. Demək, bundan sonra gərək onların dediyi ilə oturub-duraq, onlara boyun əyək. Görüm səni qara gələsən, ay zəmanə!..
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.