Şərif Ağayar
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Zəmidən çıxanda “Qaz 53”-ün tormoz borularını kəsdik, təkərlərini deşdik. Sürücü xahiş edirdi:“Nə olar, kombaynı söndürün, təzə almışıq, heyifdi, xarab olmasın.”
Üçüncü hissə, 14. KomandirSel yolunun ayağında iri bir daş vardı. Uşaqların yorulduğunu görüb bu daşın altında dincəlmək, çörək yemək qərarı verdim. Gecə boyu yol gəlmişdik, üstəlik, səhər tezdən narahat bir yenişi aşağı düşmüşdük. Gün xeyli qalxmışdı. Qısa istirahətləri nəzərə almasaq, buracan dayanmadan yerimişdik.Daşın altını, elə bil, bizim üçün hazırlamışdılar. Sel yolu ovcumuzun içi kimi görünürdü. Ardımızca gələn olsa, çılpaq yamaclarda sərçə kimi dənləyərdik. Amma gündüz su şırnağı ilə qalxsaq özümüz qarşı dağın hədəfinə çevrilərdik.
Üçüncü hissə, 15. Gizir SəfərovƏslində, yuxusuzluqdan nadinclik edirdim. “Tın-tın”- lığım da bir yandan əsəblərimi gərirdi. Burnumun sol tayı tez-tez tutulur, açmaq üçün at kimi fınxırmalı olurdum. Hər dəfə fınxıranda ermənilər diksinirdi. Onların məndən qorxması xoşuma gəlirdi. Elə ürkək dayanırdılar ki, ürək döyüntülərini bədənlərindən hiss eləyirdim. Uşaq vaxtı ovcumda tutub sıxdığım sərçələr gəlirdi xəyalıma. Heç birinə zərrə qədər yazığım gəlmirdi. İmkanım olsa, min-bir əzabla öldürüb, təzədən dirildərdim. İllah da bu kolpanbaşı! Əclaf adama oxşayırdı. Bircə uşağa azacıq rəhm edirdim. Deyəsən, o, aramızda müharibə getdiyini heç əməlli-başlı bilmirdi. Amma beyninə yeritməyə imkan tapmışdılar ki, bu dünyada “tork” adlı milyonlarla insan var və uşaqdan-böyüyə hamısı bizim düşmənimizdir.Komandir “Bir az yatın dincəlin!” deyib daşın altından çıxdı. Mən Qarikin qollarını möhkəm-möhkəm bağlayıb ipin ucunu toqqama ilgəklədim. Qırğı isə Qayı özünə bənd elədi. Alberti bağlamadıq. Günün hansı saatıydı, bilmədim, Qırğının həyəcan dolu səsinə oyandım.
Üçüncü hissə, 16. KomandirGözümün acısını almaqdan ötrü mən də azca çimir elədim. Mürgüləyən vaxt qarovulda duran əsgərin sayıqlığını yoxlamaq üçün iki-üç sual verdim. Səsi diri gəlirdi. Üstündən beş dəqiqə keçməmiş Yeddixırman dağının yaxasındakı ardıcların tünd qoxusunu duydum. Dalınca qara pişik çığırdı. Canımdan üşütmə keçsə də, oyanmadım. Dayçamız kişnəyəndə gözlərimi açdım. Qarovulçu avtomatını qucaqlayıb yatmışdı. Bütün kəşfiyyat qrupu yuxudaydı. Uşaq da yatmışdı. Bircə Qariklə Qay şirin-şirin söhbətləşirdilər. Qarovulçunun yatdığını görən Qarik pıçıltıya keçdi. Təxmini başa düşdüm ki, bizim yatdığımızı Qaya xəbər verir. Səsləri kəsildi. Qarik bağlı əllərini asta-asta Qırğının qucağındakı silaha uzadanda qayışından çəkdim, Qırğı qışqırıb oyandı. Onun səsinə hamı oyandı və Səfərovun dəliliyi tutdu. Qariki vurdu. Dalınca dirəşdi ki, bizi aldadıb yatdığına görə qarovulçunu qayadan atmalıyıq. Onu birtəhər sakitləşdirdim. Dedim, narahat olmasın, öz yoldaşlarını təhlükədə qoyan əsgər cəzasını alacaq. Amma burda yox.Qarikin hərəkəti sal daşın altında səssiz bir gərginlik yaratmışdı. Hamı kəfəni yırtıb çıxmış kimi hiss edirdi özünü. Mənə qalsa, təhlükə o qədər ciddi deyildi. Silahı çəkiləndə Qırğı onsuz da oyanacaqdı. Amma bir məqam vardı - mən avtomatı qəfil çəkdim, asta çəksəm, Qırğı bilməyə bilərdi.
Üçüncü hissə, 17. QırğıHeç nəyi vecimə almadan təzədən yatdım. Bir də komandirin səsinə ayıldım. Hava qaralmışdı və biz su şırnağı ilə Əyri yamaca qalxacaqdıq. Səfərovla Qarikin dava-dalaşı və mübahisəsini nəzərə almasaq, yaxşı istirahət eləmişdik. Dizimizə taqət, gözümüzə işıq gəlmişdi. Şırnağın ortasında təhlükəli bir keçid vardı. Ayağın sürüşsə, birbaş Qarikin bizi güllələmək istədiyi sal daşın yanınacan yomalanardın. Keçidə çatanda komandir bizi dayandırıb, Qarikin ipini Səfərovun toqqasından açdı. Dedi, özün keçəcəksən. O, Qarikin özünü qayadan atacağından şübhələnmişdi. Əgər Səfərova bağlı olsa, onu da özüylə dərənin dibinə yuvarlayar, yəqin, ikisi də o dünyalıq olardı. Səfərov belə incə şeyləri bilməzdi.Komandir keçidin tinindəcə Qarikə vəziyyəti başa saldı:
Üçüncü hissə, 18. KomandirNecə sıxmayım ürəyimi? Komandir rəhbərlik etdiyi qrupla birlikdə əlində üç girov hara getdiyini bilmir. Bilmir deyəndə, istiqamətin doğru olduğu mənə də aydındır, amma təkcə istiqamətlə deyil ki! Biz Allah ümidinə gedirik. Getdiyimiz yerdə nə var - bax, bilmədiyimiz budur!Tərs kimi, o biri uşaqlardan heç kim bu tərəfləri tanımırdı. Mazanov səhv eləsə, batardıq.
Üçüncü hissə, 19. Polkovnik NəbiyevErməni hərbçilərinin bu qədər əl-ayağa düşəcəyini gözləmirdim. Ən çox da Albert adlı o uşaqla maraqlanırdılar. Bir gün əvvəl biz onlara yalvarçı düşmüşdüksə, indi vəziyyət tamam dəyişmişdi. Uşaq deyirdilər, başqa heç nə demirdilər. Yalan olmasın, Kəlbəcəri geri istəsək, verərdilər. Uşağın kimliyi ilə maraqlandım və biləndə dəhşətə gəldim; alay komandirinin oğlu idi! Böyük Mərzəyə dayısıgilə qonaq gəlmiş, dayısı ilə birlikdə əsir düşmüşdü.Erməni hərbçilər belə bir şayiə yaymışdılar ki, guya bizimkiləri ora xüsusi hərbi vertolyot aparıb. Onlar kəşfiyyatçıların bu qədər dərinliyə gedib çıxmasına heç cür inanmır, başqalarının da inanmasını istəmirdilər. Bu, Kiçik leytenant Orucovun süngüylə göylərə yazdığı bir əfsanəydi.
Üçüncü hissə, 20. KomandirQərargaha çatan kimi qanım qaraldı. Xidmət rəisi Kapitan Rəşidovun sevinə-sevinə boynuma sarılması da kefimi açmadı. Hərbi hissənin növbətçisi mərkəzi qərargahdan məni axtardıqlarını söylədi. Getdim. Zəng edən generalın köməkçisi idi. Aramızda belə bir dialoq oldu:“Kiçik leytenant Orucov, yanınıza bir adam gələcək, onun uşağının adı sizin taqımda gedəcək. Nəzərə alarsan.”
Üçüncü hissə, 21. Kapitan RəşidovBriqada komandirinin sözünə xilaf çıxdığını görəndə yerdən-göydən əlimi üzdüm. Bu, hərbi qulluqda rastlaşdığım ilk iriçaplı ədalətsizlik idi - içimi şumlayıb keçdi.Briqada komandiri Kiçik leytenant Orucovu yanına çağırmalı, şəxsən təşəkkürünü bildirməli, vəzifəsinin və rütbəsinin artması üçün müraciət etməli idi. Etmədi. Qərargahın həyətində qrup üzvləri ilə ümumi görüş zamanı əlini sıxmaqla kifayətləndi. Orucov bu barədə heç düşünmürdü. Mən söhbətin içində olduğum üçün vicdan əzabı çəkirdim. Axı niyə? Niyə bu qədər zəhmətin dəyəri verilməsin? Kəşfiyyat xidmətində bundan artığını etmək mümkündürmü? Özümü saxlaya bilməyib Polkovnik Nəbiyevdən bu barədə soruşdum. Cavabı gözlənilməz oldu:
Üçüncü hissə, 22. KomandirAxırıncı dəfə məzuniyyətə nə vaxt getdiyimi xatırlamıram. Deyəsən, məktəbdən göndəriş alanda atamgilə dəydiyim idi. Ondan bəri getməmişdim. Əməliyyatdan qayıdan kimi avqustun maaşını aldım. Pulum varkən üç günlük məzuniyyət götürüb Sumqayıta yola düşdüm. Uşaqlara da növbəylə məzuniyyət veriləcəkdi. Əvvəl Gizir Səfərov, dalınca Çavuş Əsədov bir sıravi əsgərlə gedəcəkdilər. Qalanlarını da növbəylə göndərəcəkdim.Bölükdə işlərim getdikcə çoxalırdı. İşdən iş çıxırdı. Murova xidmətə gələn gündən yığcam bir hamam quraşdırmaq arzusundaydım. Bit-birə əsgərləri basıb yeyirdi. Mənim kimi ailəli olmayan, əsgərlərin içində qalan zabitlər də onlardan seçilmirdi. Dərimiz qaysaq bağlamışdı. Bəzən aylarla bədənimizə su dəymirdi. Əlbəttə, mən zabit idim, istəsəm, çimməyə imkan tapardım, bəs əsgərlər? “Yol evi”ndəki kazarmada qışın ən sərt şaxtasında da bit-birə olurdu. Taxtabiti uşaqları yeyib-bitirir, gecələr yatmağa qoymurdu. Qışın şaxtasında çöldə təpik döyürdülər. Hamısının bədənində qırmızı şırımlar açılmışdı. İçəridə his verən solyarka yandırırdılar deyə sifətləri qapqara qaralmışdı. Kazarmaya girəndə elə bilirdin zəncilərin arasındasan. Görüşə gələn valideynlər səsi çıxmamış uşaqlarını tanımırdılar.
Üçüncü hissə, 23. ZabilGünorta dərsdən qaldığımız yataqxanaya qayıdırdım. Yağışlı bir payız günüydü. Binaların arasındakı ağaclar saralmış yarpaqlarını sağa-sola səpələmişdi. Yağışda islanan yarpaqların qoxusu Fərrux meşəsini yadıma salırdı. Xəyalım bu vaxtlar cır armud qoxusuyla adamı bihuş edən Fərrux meşəsindən Yeddixırmana keçdi, dağın zirvəsindəki vışkanın başına dolanıb Çulluya endi. Qohumların kəndin çıxacağına toplaşıb anamı gətirən maşını gözləməsini xatırladım. Ağlayan qadınların sifəti gözlərimin önündə canlandı. Dəsmalının ucunu ağzına tutan yaşlı qadının qoz ləpəsinə bənzəyən yanaqları elə hey titrəyirdi. Kolanı dərəsi, Xaçın çayının soyuqluğu, təngnəfəs qaçdığım üzümlük, atamın qaralmış sifəti... Çoxdandır oraları belə xatırlamırdım. Məhəlləmizə sirli bir Qarabağ havası dolmuşdu.Payızın zəhmindən saralıb-solan ağacların altında bir hərbçi dayanmışdı. Əvvəl ona fikir vermədim. Buralarda kamuflyajlı adam görmək adi hal idi. Ancaq nədənsə bu, mənə çox doğma gəldi. Diqqətlə baxanda tanıdım və özümü saxlaya bilməyib qışqırdım.
Üçüncü hissə, 24. KomandirAtamın ağlaya-ağlaya çıxması məni də qəhərləndirdi. O, təkcə mənim gəlişimə sevindiyi üçün ağlamırdı. Bu göz yaşlarının içində çox şey vardı. Çox şey! Qaçıb onu qucaqlamaq, Yeddixırmanın qaşında gördüyüm, sonra Murovda - Ömər aşırımında və Yeddiqardaşda qarşıma çıxıb məni ən doğma insanlara, doğma torpaqlara bağlayan gümüşü işıqdan danışmaq istədim. Ancaq yaşadıqlarımı anlada bilməyəcəyimdən qorxdum. Bu, elə bir duyğu idi ki, haqqında yalnız susmaq olurdu.Atamı bağrıma basdım. Onun doğma qoxusu məni uşaqlığımın ən xoşbəxt anlarına apardı. Onda hər şeyimiz vardı. Bizi xoşbəxt edən heç nəyi əlimizdən almamışdılar. Atamı da heç vaxt ağlayan görməmişdim.
Üçüncü hissə, 25. ZabilHəmişə fikir vermişəm, görüşün ilk dəqiqələri çox həyəcanlı olur. Bu həyəcan, uzağı, beş dəqiqə çəkir. Sonra hamı sakitləşir və adam kimi söhbət etməyə başlayır. Mən qardaşımla oturub şirin-şirin söhbət eləməkdən ötrü bu həyəcanlı anların tez bitməsini istəyirdim. Amma bitmirdi. Yaxın-uzaqda yaşayan qohumlar onun gəldiyindən xəbər tutub özlərini yetirirdilər. Gələn-gələn özünü saxlaya bilməyib ağlayırdı. Əllərinə fürsət düşmüşdü. Qardaşımın belə qəfil gəlişiylə kəndimizlə anam təkrar yada düşmüşdü. Mən onda anladım ki, nə qədər torpağımız işğaldadır, heç bir dərdimizi unuda bilməyəcəyik. Hər dəfə bir bəhanə ilə faciəmiz təzədən başlayacaq, biz onu ilk dəfə yaşayırmış kimi təzədən ağlaşacağıq.Axırda atam özü təpindi qohumlara, uşağın üstünə ağlaşmayın dedi. Uşaq e! Məni gülmək tutdu. Yaxınlaşıb astaca qoluna toxundum:
Üçüncü hissə, 26. KomandirDoğmalarla söhbət eləmək həmişə mənə çətin gəlib. Bilmirəm hansı sözü seçəm, necə işlədəm. Mən doğmalara sevgisini ifadə edə bilməyən adamlardanam. Uca hislərin qarşısında susuram. Hərbi xidmətlə bağlı verilən suallarda da belədir. Cavab tapa bilmirəm. Ömür boyu əsgərlik xatirələrini danışan, hələ üstəlik bəzəyibdüzəyən adamlara həsəd aparmışam. Mənə qalsa, sevgidi, dostluqdu, kişilikdi - bunlar haqda danışmaq ayıbdı. Etməli olduğun işi niyə danışasan? Heç ağac deyir ki, baxın, necə meyvə gətirmişəm? Günəş deyir ki, sizə təmənnasız isti bəxş edirəm?İndi atamın qarşısında da belə tərk-silah olmuşam. Nə deyim, nə danışım? Hamısını özü bilir. Vaxtımın az olmasını da, bir az səhlənkarlığımı da, əslində, gəlmək və görmək istədiyimi də. Məndən olsa, doğmalarla üz-üzə oturub saatlarla bir-birimizə baxarıq. Mənim üçün bunun əvəzi yoxdur. Doğmalar həm də ona görə doğmadır ki, onlarla bu cür rahat ola bilirsən.
Üçüncü hissə, 27. ZabilMəktəbdən qayıdanda onu evdə görmədim. Halbuki elə bilirdim iki-üç gecə qalacaq. Məzuniyyəti üç günlük götürmüşdü. Ya bizimlə darıxdı, ya da vacib işləri vardı. Tezdən dərsə gedirdim, o, içəri otaqda yatmışdı. Sən demə, oyaqmış. Köhnə ayaqqabıda islanmasın deyə ayaqlarıma sellofan sarıdığım yerdə yaxaladı məni. Qolumdan tutub küçəyə çıxardı:“De görüm, yaxşı ayaqqabı harda satılır?”
Üçüncü hissə, 28. Komandir“101”-dəki hərbi hissədə hamam tikmək arzumu gerçəkləşdirə bilmədim. Maaşımdan Zabilin ayaqqabısının haqqını, yolpulunu, cibxərcini çıxanda yerdə bir şey qalmırdı. Bir az da evə kömək elədim. Balaca-dar otaqda güzəranları elə də yaxşı keçmirdi. Pulu atama verməyə utandım. Bibimə verdim. Anam ölən gündən bibim bizim evdə qalır, atamın, qardaşlarımın qayğısını çəkirdi.Taqımın əsgərləri bağışlasın, bir az da kirli gəzməli olacaqlar. Ancaq mən bu hamamı əvvəl-axır tikəcəkdim. Yazıq Vəzirov hamam deyəndə hamı ona gülürdü. Elə biri mən özüm. İndi anlayıram ki, rəhmətlik necə müdrik sözlər deyirmiş.
Üçüncü hissə, 29. Kapitan RəşidovTəlim əməliyyatının ideyasını gözlənilmədən tapdım. Demək, ailəmlə birlikdə Toğanada qalırdım və hər gün səhər tezdən bölüyə piyada qalxırdım. Maddi-texniki təchizat bölüyünün qarajı yolumun üstündəydi. Orda çoxlu it vardı. Hər səhər hürə-hürə mənə tərəf qaçır, rahat getməyimə imkan vermirdilər. Qarovulda duran əsgərlərin itlərə təpinməməsi mənə pis təsir edirdi. Biriki dəfə iradımı bildirsəm də, xeyri olmamışdı.Bir gün Orucovu çağırdım, dedim, gecə təlimi keçəcəyik, bu da koordinatlar. Burda qarovul var, burda itlər, qarovulçunu əsir almalı, itləri tutub gətirməlisiniz. Tapşırığı verdim və axşam evə gəldim. Səhər qalxanda gördüm, hər tərəf sakitlikdir. Maddi-texniki təchizat bölüyünün komandiri bizim bölüyün həyətində gileylənə-gileylənə vurnuxurdu:
Üçüncü hissə, 30. Komandirİnanmayacaqsınız, gecə təlimində Əsgər Rəfiyev ağlagəlməz qəhrəmanlıq göstərdi. Sən demə, itlərdən qorxmurmuş və onları ovsunlamağın yolunu bilirmiş. Beş-altı itin hamısını o tutdu. Qarovuldakı əsgərləri isə Qırğı ilə Səfərov götürdülər. Heç cınqırlarını çıxarmağa imkan vermədilər.Gecə təlimindən sonra Gizir Səfərovun Əsgər Rəfiyevlə amansız zarafatları yenidən alovlandı. O, məni yanlayıb fınxıra-fınxıra deyirdi:
Üçüncü hissə, 31. Gizir SəfərovDoğrudan da yorulmuşdum. Gör neçə il idi, səngərlərdəydim. Taa 91-ci ildən. Beş ildən artıq eləyirdi. Bəs idi. Evə qayıdıb bir iş tapmaq, ailə qurmaq, oğul-uşaq sahibi olub, sadə insanlara qarışmaq istəyirdim.Canavar yalının üstündə burnuma, qulağıma su dolduğu üçün hələ də “tın-tın” danışırdım. Komandirin təşkil elədiyi yolasalma məclisində çıxış eləyəndə dedim, “tın-tın” adamdan kəşfiyyatçı olmaz! Mən artıq burnunda danışan qoca bir kişiyəm! Haqqınızı halal edin. Bir balaca gözlərim də doldu! Çıxışımı bu pafoslu sözlərlə bitirdim:
Üçüncü hissə, 32. Komandirİçib keflənən kimi kəşfiyyat taqımının son əməliyyatını müzakirə etməyə başladılar. Mən də bir küncə çəkilib sakitcə qulaq asırdım. Ağız deyəni qulaq eşitmirdi. Kimin nə söylədiyini çətinliklə müəyyən etmək olurdu. Elə sözlərə şaqqanaq çəkib gülürdülər ki, məəttəl qalırdım. Kefliliyin sirri səbəb olmadan sevinə bilməkdir.İçki Əsgər Rəfiyevin dilini açmışdı:
Üçüncü hissə, 33. Kapitan RəşidovTərxis olunan əsgərlərin yerini doldurmaq haqda düşünürdüm. Gizir Səfərov da, Əsgər Mazanov da əvəzsiz kəşfiyyatçılar idi. Düzdür, “ustav” bilmirdilər, ancaq onlarda olan cəsarət, qorxmazlıq, qoçaqlıq təzələrdə yox idi. Gözüm hər yerdə kəşfiyyatçı axtarırdı. Orucov da bu işin ustasıydı. Əsgəri yerişindən, duruşundan, baxışından tanıyırdı. Bəzən elə adama etimad göstərirdi, heç cür inanmaq olmurdu, lakin az keçməmiş qənaəti doğru çıxırdı. Kəşfiyyat bölüyünə əsgər axtarmağı ona da tapşırmışdım. Yeni gələnlər bizi qane etmirdi. Qərargahı, hərbi yığıncaqları, yeni çağırışçılar yığışan məntəqəni, poliqonu itiyi itən adamlar kimi hərlənirdik.Kəşfiyyatçı bədəncə qıvraq, səliqə-sahmanlı, ürəkli, səbirli, ağıllı olmalı, çox az zamanda qərar verməyi bacarmalıdır. Üstəlik, aclığa, yorğunluğa davam gətirməli, otla, meyvəylə qidalanmağın çəmini tapmalıdır. Bəzən Kiçik leytenant Orucov bölüyün yeni gələn əsgərlərinə əmr edirdi: “Bu gün yemək yoxdur! Dağılışın meşəyə, özünüzə yemək tapın!” Və ən maraqlısı, özü də əsgərlərlə gedirdi. Daha bəzi zabitlər kimi, yeməkxanaya qayıtmırdı.
Üçüncü hissə, 34. KomandirSeyfəli poliqonunda çadırların qarşısında dayanıb zabitlərlə söhbət edirdim. Deyəsən, Gizir Səfərov haqlı idi. Böyük Mərzə əməliyyatından sonra adım-sanım hər yana yayılmışdı. Qardaşım Zabilin Sumqayıtda haqqımda danışdığı əfsanə uşağın öz təxəyyülü deyilmiş. Peşəkar hərbçilər də çox şeyi şişirdib danışırdılar. Lakin zəhmətimizi kiçildənlər də vardı. Guya atəşkəs olduğu üçün belə əməliyyatlar eşidənlərə maraqlı gəlirdi, halbuki əvvəllər çox olmuşdu. Mən bir söz demirdim. Kiminsə səhvini tutmaq ağlımın ucundan da keçmirdi. Olan olmuşdu və keçib getmişdi. Bugünümüz və sabahımız daha maraqlıydı.Zabitlərlə danışa-danışa gözüm adam axtarırdı. Kəşfiyyat bölüyünə əsgər tapmalıydım. Elə bil, çadırların arasında köhnə tanışım vardı, görən kimi üzdən tanıyacaqdım. Əslində, elə bu cür idi. Kəşfiyyatçılıq bacarığı olan əsgəri yüz addımdan tanıyırdım və özümə çox yaxın hesab edirdim. Söhbətimiz də o saat tuturdu.
Üçüncü hissə, 35. Əsgər ŞabanovSeyfəli poliqonunda zabitlər yığışan çadırın yanından keçirdim. Arxadan kimsə çiynimə toxundu. Geri dönəndə qarşımda mavi gözlü, sarışın bir zabit dayanmışdı. Filmlərdə gördüyüm alman zabitlərinə oxşayırdı. Ona hərbi salam verməkdən özümü saxlaya bilmədim. Salamımı aldı və dolğun, qətiyyətli səslə söylədi:“Murovda xidmət etmək istəyərsən?”
Üçüncü hissə, 36. KomandirƏslində, əməliyyat sadə idi: Kəlbəcərin qızıl yataqlarını, Zod aşırımını müşahidə edib qayıdacaqdıq. Qızıl yataqları strateji əhəmiyyətli yer sayıldığı üçün biz ayda bir neçə dəfə bu əməliyyatı keçirirdik. Özüm əlavə tapşırıq götürdüm. Kəşfiyyat dəftərimdəki bütün qeydlərdə düşmən əsgərlərinin qızıl yataqlarına gəlmə vaxtı təxminən eyni idi. Onlar hər gün səhər saat 6-7 arası gəlirdilər. Müşahidəçilərin çoxu “Alabaş” avtobusları qarışıq salır, onları da qızıl mədənlərində işləyən fəhlələr hesab edirdilər. Mən avtobusu partlatmaq istəyirdim. Buna görə Kapitan Rəşidovdan briqadanın razılığını almasını xahiş etdim. Və təbii ki, özümüzlə götürməyə iki ədəd tank əleyhinə mina verəcəkdi.Razılıq əldə olundu və “dozor” nəfərlərindən biri kimi Ləzgini - bizim Əsgər Şabanovu seçdim. O, mənimlə kəşfiyyat qrupunun önündə gedəcəkdi.
Üçüncü hissə, 37. Kapitan RəşidovQızıl dağlarındakı əməliyyatın belə tez və bu qədər uğurlu alınacağını gözləmirdim. Kiçik leytenant Orucov yenə xarüqə yaratmışdı.Ermənilər hərbçilərin deyil, fəhlələri gətirən maşının minaya düşdüyü haqqında xəbər yaydılar. Özü də hadisə Kəlbəcər ərazisində deyil, Zod tərəfdə olubmuş. Yəni bizimkilər dövlət sərhədini pozaraq müharibədə guya iştirak etməyən Ermənistanın ərazisinə müdaxilə edib, dinc sakinləri öldürübmüşlər. Lakin biz kəşfiyyat məlumatlarına əsasən dəqiq bilirdik ki, fəhlələr ora saat 8-dən tez gəlmirlər. Hərbçilər onlardan əvvəl gəlib, yolu və qızıl mədənlərini qoruyan gözətçi məntəqələrini gecə növbəsindən təhvil alırlar.
Dördüncü hissə, 2. Komandir“Cabir postu” haqqında Murovda kədərli bir əhvalat dolaşırdı. Deyilənə görə, Cabir adında komandir əsgərləriylə postdaymış. Əsgərlər çimmək üçün icazə istəyirlər, o da səhvən hamısını birdən yola salır. Komandirin tək qaldığını görən düşmən hücuma keçir. Cabir təkbaşına postu axıracan qoruyur, ağır yaralansa da, mövqeyini tərk etmir. Bizimkilər özlərini çatdırıb düşməni geri oturdanda Cabirin səngərdə həlak olduğunu görürlər.Hər dəfə o posta qalxanda Cabirin düşdüyü vəziyyəti düşünür, düşmənin hardan, necə gəldiyini xəyalımda canlandırır, özümü, əsgərlərimi qəhrəman komandirin yerinə qoymağa çalışırdım. Oxşar vəziyyətə düşsək, biz də axıracan vuruşardıqmı? Vuruşardıq. Buna əminəm.
Dördüncü hissə, 3. QırğıSəhər saat 5 radələrində ön xətti təmizləmək üçün çıxan iki sapyor təxminən bir saatdan sonra geri qayıtdı. Onlar minaaxtaran nizələr əllərində Kapitan Rəşidovun qarşısında fağır-fağır dayandılar:“Ön xətt açıqdır, gedə bilərsiniz!”
Dördüncü hissə, 4. KomandirÖmər və Güzgü zirvələrinin sağındakı yüksəklik düşmənin əlindəydi. Ondan arxaya bizim nəzarətimizdə olmayan daha bir zirvə vardı. “Cabir postu” ilə üz-üzə olan bu yüksəkliyə şərti olaraq Qamış yüksəkliyi deyirdik. Biz səhərə yaxın təmas xəttini “Cabir postu” ilə Qamış yüksəkliyinin arasından keçəcəkdik. Düşmənin ən zəif postu bura idi. Uzun-uzadı müşahidə aparıb vəziyyəti öyrənmişdik. Gecələr rahatca yatır, bəzən qarovul da qoymurdular.Əməliyyat zamanı hər hansı hadisə baş versə Kapitan Rəşidovun rəhbərlik etdiyi qrup Qamış yüksəkliyini götürəcək, düşmən əsgərlərini əsir alacaqdı. O, bizə yalnız bu cür kömək edə bilərdi.
Dördüncü hissə, 5. QırğıTəmas xəttini bu nöqtədən ilk dəfə keçirdim. Canımda üşütmə vardı. Buz üstünə çıxan buzov kimi titrəyirdim. Əvvəla, nəinki düşmən, heç biz tərəfdə basdırılan minaların da yerini bilmirdik. 701-in vaxtından nə basdırılmışdı, hara basdırılmışdı, məlumat yox idi. İkincisi, düşmən öz tərəfində istehkamı möhkəmləndirmişdi. Aldığımız məlumata görə, onlar müasir və həssas piyada minaları əldə etmişdilər. Üçüncüsü və ən vacibi, bizim sapyorlara inanmırdım. Ayağımı hər atanda on dəfə dua, hər çəkəndə on dəfə şükür edirdim. Canlı hədəf idim. “Mişen”.Sapyorların açdığı cığır tərtəmiz idi. Ön xətti sağsalamat keçib dərə boyu Qonurdağa üz tutduq. Ağ çınqılı yenib dağa dikləşəndə yağış başladı, zirvəyə çatanda daha da gücləndi. Ağ yağış deyirdilər buna. Damcısı iri yağışlar adətən uzun-uzadı yağmır. Ağ yağış iri damcılarla gün ərzində fasilələrlə yağır, bəzən saatlarla şıdırğı tökür. Adamı vahimə basır. Elə bilirsən, dağları sel yuyub aparacaq. Hələ ildırım! Qulağının dibində çaxır. Biz çıxan zirvələrin başı buludu dəlib keçir. Demək, ildırım başımızın üstündə yox, qulağımızın dibindədir. İldırımı çəkməsin deyə rabitə qurğusunun daşını çıxartdıq.
Dördüncü hissə, 6. KomandirKamera məndə, snayper Qırğıda, durbin Ləzgidə... Biz Kəlbəcər tərəfki dağın yaxasından düşmən postları yerləşən Ömər aşırımına baxırdıq. Aramızdan axan Lev çayının səsi Xaçını xatırladırdı. Görəsən, Xaçınla hardasa qovuşurdular? Suları bir-birinə qarışırdı?Dağlara qəribə mənzərə açılmışdı. Kəlbəcər üzdən Murov fərqli görünürdü. Zirvələr daha hamar, yamaclar daha tumarlı. Hər yerə təzə yollar çəkmişdilər. Bu yolları tələsmədən kameraya aldım. İrəli çıxanda artıq Cəmilli qərargahı görünürdü. Hərbi hissə köhnə ferma yerində salınmışdı. Aramız üç yüz-dörd yüz metr olardı. Bir az qabağa gedib kameranı işə saldım. Əsgərlər səhər düzülüşünə çıxmışdılar. Kamera uzaqdan yaxşı götürmürdü deyə bir az da yaxınlaşmaq lazım gəlirdi. Uşaqlara dayanıb maskalanmaq işarəsi verib özüm, təxminən, 80-90 addım irəli çıxdım, çəkiliş üçün yaxşı mövqe seçib kameranı işə saldım. Üstündə işıq yanırdı. Diqqət çəkə bilərdi. Ancaq daha bundan keçmişdi.