Əlibala Hacızadə · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Gecə keçirdi...Əqdəm yatağına uzanmışdı, əllərini başının arxasında daraqlayıb alaqaranlıqda nəsə axtaran, ora-bura çovuyan Gülmirəyə baxırdı. Gəlin şifonerin qənşərində dayandı. Şifonerin qapısı cırıltı ilə açıldı. Əqdəmin burnuna ətir iyi gəldi. Ay işığı güzgü qabağında dayanmış Gülmirənin çılpaq ağ çiyninə düşüb parıldayırdı. Aynada gəlinin tutqun kölgəsi görünürdü. İpək gecə köynəyinin xışıltısı eşidildi, Gülmirə ayna qabağından aralanıb çarpayıya sarı addımladı. Elə bil Əqdəmin yanına güllü-çiçəkli bahar, gənclik və gözəllik ilahəsi gəlirdi. Bu dəm o sehrli bir yuxu görən kimi oldu. Özünü dünyanın ən xoşbəxt adamı hesab elədi. Arvadının təması onu həmişə uçduğu göylərdən də neçə mərtəbə yuxarı qaldırdı...
Birinci hissə, üçüncü fəsilGülmirə güzgü qabağında dayanmışdı. Üst-başını səliqə-səhmana salır, saçını darayırdı. Cığasından iki-üç tel ayrılıb alnına düşmüşdü, nə qədər eləyirdisə, geri qatlaya bilmirdi. Güzgüdən ona gözəl bir gəlin tamaşa eləyirdi. Rəngi-rufu açılıb allanmışdı, yanaqları çıraq kimi yanırdı. Qıvrılıb qaşlarının üstünə düşən bu tellər onu daha da gözəlləşdirirdi.Əqdəm şirin-şirin yatmışdı. Üzündə sakit, yorğun bir ifadə var idi. Gülmirə ayna qabağından ayrılandan sonra ərinin yatışına xeyli tamaşa elədi, ehmalca əyilib onun alnından öpdü.
Birinci hissə, səkkizinci fəsilOrxan bu zaman alimlər evindəki geniş mənzilinin aynəbəndində oturub, sahildən xeyli aralı lövbər salıb dayanmış, işıqları yanan gəmiyə tamaşa edirdi. O, həmişə burada, qaranlıqda əyləşib, düşünməyi xoşlardı. İşləyib yorulanda yazı masasının arxasından durar, aynabəndə çıxıb bir papiros yandırar, tüstülədə-tüstülədə dənizin gecə mənzərəsinə baxıb həyat haqqında, tanıdığı-bildiyi adamlar haqqında, yazdığı əsər haqqında xəyala dalardı. Bu mənzili ona keçən il vermişdilər. Anası, bacıları şəhərdən kənardakı bağlı-bağatlı qəsəbədə, ata-baba mülklərində yaşayırdılar. Yol üç-dörd saat vaxtını alırdı deyə o, evlərinə gedib-gəlmirdi. Buraya köçənə qədər subay dayısından qalma otaqda gün keçirmişdi. Təzə mənzilinə yığışanda kitablarından və bircə dəst təmiz yorğan-döşəkdən savayı gözə dəyən bir şeyi yox idi. Orxanın evinə mübarəkbadlığa gələn iş yoldaşları iri otaqları bom-boş görəndə çiyinlərini çəkib, qaşlarını dartmışdılar.Qonaqları gülərüzlə qarşılayan anası Şirin arvad irəli çıxıb:
Birinci hissə, on birinci fəsilNadirə bərk narahatdı. Oğlundan ötrü həmişə səksəkə içində yaşayan ananın dərdini müəllim bir az da artırmışdı, qorxa-qorxa düşündüklərini Vera Pavlovna onun üzünə demişdi. Dünyada ən böyük nigarançılıq ana nigarançılığıdır. Bir yerdə qərar tutub dura bilməyən Nadirə gah bu, gah da o otağa girir, balkona çıxıb həyət-bacaya boylanır, nəzərləri ilə Ceyhunu axtarırdı.«Daha böyüyüb. Yekə kişi olub. Bəstəkar Baharlının qızı ilə gəzir... Tez deyilmi? Tezdir, tezdir. O, hələ oxumalıdır, oxumalıdır!..»
Birinci hissə, on ikinci fəsilİki gün idi ki, Orxanın qırışığı açılmır, fikirli-düşüncəli gəzib-dolanırdı. Professorun onun yanından saymazyana keçməsi, salamını almaması Orxana yaman yer eləmişdi. Elə hey bu barədə götür-qoy edir, Salman Qurbanzadənin xəyalı onun gözünə görünür, Orxanın həmişə sakit və rahat olmuş qəlbini incidirdi. O, indi qiymətli bir şey itirmiş və onu daha tapmayacağına əmin olan adama oxşayırdı.Orxan səssiz-səmirsiz, ürəyindəcə professorla danışırdı:
Birinci hissə, on üçüncü fəsilHava sərin idi. Yaşıl ağacların yarpaqları xəfif-xəfif pıçıldaşırdı. Böyük şairin hündür pyedestal üzərində qoyulmuş heykəli uzun yol gəlib yorulmuş və daşın üstündə oturub fikrə getmiş bir adama oxşayırdı.Ağ papaqlı, ağ paltarlı bir dəstə uşaq heykəlin o tərəfində, kölgəlikdə oynayırdı.
Birinci hissə, on səkkizinci fəsilSəhəri günü özünü azca nasaz hiss elədiyi üçün Salman işə çıxmadı. Hıqqıldaya-hıqqıldaya, zarıya-zarıya telefona yaxınlaşıb Aslanzadəyə zəng çaldı, icazə alıb yerinə girərək əməlli-başlı uzandı. Ərini kefsiz görən, ümumən evdə xəstə görməkdənsə, özü xəstələnməyi üstün tutan Nadirə əl-ayağa düşüb doktor çağırmaq istəyəndə Salman qoymadı: «Əşi, yüngülvarı şeydi, keçib gedər»,— deyərək onu sakitləşdirdi; buna baxmayaraq Nadirə balaca ev aptekindən aspirin tapıb isti çayla ərinə içirtdikdən sonra nigaran-nigaran idarəyə getdi. Professor darıxacağını hiss eləyib əl ataraq çarpayısının baş tərəfindəki kitab rəfindən «Şərq ədəbiyyatında realizm» əsərini götürdü və mütaliəyə başladı. Ancaq sətirlər gözünün qabağından qaçdığına görə, cümlələr, fikirlər ona dolaşıq və anlaşılmaz görünürdü, buna görə oxuduğu bir cümləni qayıdıb ikinci dəfə də nəzərdən keçirməli olurdu. Çox keçməmiş belə mütaliənin heç bir fayda verməyəcəyini kəsdirib kitabı yorğanının üstünə atdı. Çünki onun diqqəti burada deyil, dünən müvəffəqiyyətlə keçirdiyi «əməliyyatın» yanında idi. Professorun diqtəsi ilə, Gülmirənin öz əlilə yazılan məqalə onun seyfində, köhnə kağızlar yığılmış qovluğun arasındaydı.Salman ehtiyatlı tərpənib Gülmirəyə bəzi başqa məsləhətlər də vermişdi. Bütün bunlara baxmayaraq, Salman gecəni səhərəcən yerində qurcuxmuş, ilan vuran yatmışdısa da, o, çimir belə eləyə bilməmişdi. Bir tərəfdən qurduğu, o biri yandan da belə mühüm məsələnin ümumən əldən çıxması onu yamanca dilxor eləmişdi. Burda şəxsən o heç nə qazanmırdı. Arada əzab-əziyyət çəkən Cəfər, «nə yoğurub, nə yapan, hazırca kökə tapan» isə Gülmirə olurdu. Paxıl adamlar, bərk ayaqda, bununla da təsəlli tapmağı bacarırlar; Salmanın da təsəllisi bu idi. Ötən gecə yerində çalıxıb-çapalayan təkcə Salman deyildi, Gülmirə daha böyük və daha anlaşılmaz bir təlatümə düşmüşdü. Elə bir təlatümə ki, o, bu qurğunun əsil mahiyyətini tam aydınlığı və dərinliyi ilə hələ də anlaya bilmirdi. Bu, nə idi? Professor ona köməklik etmək istəyirdi. Belə köməklik olar? Bəlkə bu, Cəfərə qurulmuş bir tələdir. Elə isə bəs Gülmirə nə üçün onun «çörəyinə» mane olmalıdır? Axı onlar yoldaşdılar, eyni şöbədə işləyirlər. Kimə bu dərdi-sirri açmalı, kimdən məsləhət almalı? Orxana? Yox, axı, o heç kəsə sirr açmayacağına söz verib.
Birinci hissə, on doqquzuncu fəsilNeçə gün idi ki, Gülmirə canını qoymağa yer tapmırdı, qiymətli bir şey tapmış adam kimi ora-bura vurnuxur, nə edəcəyini bilmirdi. O qiymətli şey əlini, ürəyini yandırırdı — sahibi məlum idi — Cəfər idi, di gəl ki, onu, o ağsaçlı, nurani alimə, onsuz da, elm aləminə gec qayıtmış (özündən asılı olmayan səbəblərə görə), yaşına görə az yazıb yaratmış Cəfərə qaytarmağa imkanı yox idi, çünki, Salman Qurbanzadə belə tapşırmışdı. Gülmirə hər dəfə kişini görərkən sıxılıb yumağa dönür, şax yerişini itirir, onun gözlərinin içinə dik baxmağa utanırdı. O gün ilk kadrlarını gördüyü, hövlündən gerisinə baxmağa cürət etmədiyi «oğru» filmi Gülmirənin fikirlərini alt-üst eləmişdi, böhranlı hallara salmışdı. Uzun götür-qoydan sonra o, professorun yanına getməyi, hər şeyi açıq-aydın danışmağı, bu çirkin işdən imtina eləməyi qərara almışdı. Lakin üç gün idi ki, Salman Qurbanzadəni münasib şəraitdə tuta bilmirdi; kişi gah iclasda olurdu, gah direktorun kabinetinə girirdi, gah da universitetdə mühazirə oxumağa gedirdi. Vaxt keçdikcə Gülmirə lap təntiyir, az qalırdı dərdini institutun partkomu kimi Nadirə xanıma, yaxud da yaxın bir dost kimi Orxana açıb desin, ancaq Salmanın qəzəblənəcəyindən çəkinirdi, qınından çıxacağından — kəsib biçəcəyindən ehtiyat eləyirdi. Digər tərəfdən də, Gülmirə Salmangilin evinin adamı kimi, onun arvadı ilə elmi işlərdə çox da yaxşı münasibətdə olmadığını, bir sıra məsələlərdə tamamilə ayrı-ayrı mövqələr tutduğunu, Nadirənin həm alim kimi, həm də bir insan kimi son dərəcə prinsipiallığını, nəinki başqalarına, hətta ərinə, doğma balasına belə güzəştə getməyən adam olduğunu bildiyi üçün bu işi Nadirəyə qətiyyən demək istəmirdi. Düşünürdü ki, əgər Nadirə həmin əhvalatı bilərsə, kollektivin müzakirəsinə çıxartmasa belə, Salmana dişinin dibindən çıxanı deyəcək — kişi arvadının yanında olan-qalan hörmətini, etibarını da itirəcək və bu zaman o, şübhəsiz yenə qınından çıxacaq, «babam mənə kor dedi, hər yetənə vur dedi»— söyləyib qabağına keçəni biçib doğrayacaq. Kim bilir onda Gülmirənin özünün də halı necə olacaq?! Yox, əvvəl özü ilə danışmaq gərəkdi, məsələni isti-isti həll eləmək lazımdı. Bu fikirlə də Gülmirə, nəhayət, münasib fürsət düşən kimi Salmanın otağına girdi. Salman nahar eləyirdi — salafanın içindəki iki kotleti, iki fal çörəyi, göy-göyərtini stolunun üstünə yığıb iştahla yeyirdi. Qapı ağzında Gülmirəni görən təki ağzı dolu olduğundan əlinin işarəsi ilə onu içəri çağırdı, yer göstərdi. Gülmirə əyləşdi. Salman tikəsini udub:– Hə, nə var, nə yox?—deyə xəbər aldıqdan sonra vəzəri qıçasını narın duza batırıb ağzına qoydu. Gülmirə bir anlığa nədən başlayacağını unudub döyükdü və axır özünü toplayıb söylədi:
Birinci hissə, iyirmi birinci fəsilO, qucağındakı qalın, toz basmış kitabları ömrünü kitabxanada keçirmiş Nigar xanımın yanında ehmallıca yerə qoyub, alnında muncuqlanan tər damcılarını siləndə qadın gödək burnunun az qala lap ucunda güclə bənd alıb qalan eynəyinin üstündən bu nimdaş paltarlı, utancaq oğlana zənlə fikir verdi. Oğlan ona çox tanış gəlirdi; bayaqdan zehnində götür-qoy eləyir, onu harda gördüyünü, yaxud kimə oxşatdığını ayırd eləyə bilmirdi.Oğlan yarım saatın içində Nigar xanımın yanına iki dəfə kitab
İkinci hissə, birinci fəsilOrxan lap çoxdan — universitet skamyası arxasında oturduğu illərdən Mirzə Cəlilin böyüklüyünə, əzəmətinə, qələminin təkraredilməz şirinliyinə valeh olmuşdu. Onda bu gözəl sənətkara qarşı sönməz bir maraq oyanmışdı. Mirzə Cəlilin əsərləri Orxanın stolüstü kitabı idi. Elə bil, Orxan özü üçün yeni bir aləm, yeni bir qitə kəşf eləmişdi. Gəzdikcə, dərinlərə getdikcə onda yeni-yeni keyfiyyətlər tapır, heyrət və qibtə ilə düşünürdü: «Mirzə Cəlilin yazılarında bir gurultulu cümlə, boğazdan yuxarı deyilmiş bir söz tapa bilməzsən. Yazdıqlarının hamısı sadə, aydın həqiqətlərdi. Amma di gəl, onun kiçicik, lap yarım səhifəlik hekayəsini aç, izah elə... Gör nələr deyib, hansı nəticələrə əl atıb, bu sakitlik və sadəlik altında gör necə sönməz, yaxıcı bir atəş var!..Bəli, Mirzə Cəlilin hər əsəri haqqında kitab yazmaq olar. Neçə ildir yazırlar, cəmi üç cild əsəri haqqında onlarca kitablar yazılıb. Ancaq o dəryanın bütün inciləri hələ üzə çıxarılmayıb, kəşf edilməyib...»
İkinci hissə, ikinci fəsilSalman Qurbanzadə papirosun kötüyünü külqabıya basıb söndürmüşdü ki, telefon haray-həşir qopardı. Professor ciyərlərinə sümürdüyü tüstünü havaya üfürüb dəstəyi götürdü:– Bəli, eşidirəm... Mənəm, Salmandı...
İkinci hissə, beşinci fəsilSəhər tezdən. Ağstafa — Bakı qatarı vağzalda nəfəsini dərib dayandı, səkidə yol gözləyənlər, adam qarşılamağa gələnlər ora-bura qaçmağa, pəncərədən çıxan başlar, yellənən əllər çəkilməyə, sərnişinlər vaqonlardan tökülməyə başladılar.Onuncu vaqonda uzunboylu, beli azca donqarlaşmış, gümüşü bağlı bir kişi əlində iki çamadan səkiyə endi. Yaşı çox olsa da, gümrahdı, sağlamdı. Ağır, dolu çamadanları elə götürmüşdü ki, sanki uşaq oyuncağı idi. Əynində haçansa göy olan, indi isə bozarmış şalvar-pencək başında uzun günlüklü kepka vardı.
İkinci hissə, yeddinci fəsilNadirə atasının tamam-kamal yığışıb gəldiyini eşidəndə həm sevinmişdi, həm də kədərlənmişdi. Ona görə sevinmişdi ki, neçə ildən bəri görmədiyi atasını görəcəkdi, doyunca görəcəkdi: «Yaxşı da eləyib yığışıb gəlib. Orda tək-tənhadı, kimi var? Burda qızları, nəvələri...» Ona görə kədərlənmişdi ki, Salmanın o gecə dediyi sözlər yadına düşmüşdü. Nadirə bilirdi ki, atası onlara gəldikcə Salman daha da dilxor olacaq, onu öz şəninə yaraşdırmayıb deyinəcək, hətta bəlkə utanıb-qızarmadan qoca kişiyə öz qızı evində görünməyi qadağan edəcək. Bununla da neçə vaxtdan bəri ailədə hökm sürən soyuqluğu, anlaşılmazlığı bir az da dərinləşdirəcəkdi.Nadirə bu xoşagəlməz vəziyyətin bütün ağırlığını irəlicədən görür, dərk edir, ancaq səsini çıxara bilmirdi. Sədəfə heç nə demək lazım deyildi. Atasını isə bu məsələdən agah eləmək lap ağılsızlıq olardı. Axı o, Nadirənin taleyindən, xoşbəxtliyindən çox arxayındı. İndi onun ürəyinə xal salmaq kişini məyus edə bilərdi: «Qoy o heç nə bilməsin, rahat, arxayın yaşasın...»
İkinci hissə, onuncu fəsilSalman bu ikicə gündə, demək olar ki, qocalmışdı. O boyda kişi büzüşüb-bükülüb yumağa dönmüş, şən, gülərüz çöhrəsi solub ağarmışdı. Deyib-danışmır, həmişə fikirli-düşüncəli gəzib dolanır, başını qaldırıb adamların gözünün içinə dik baxmağa utanırdı. Nadirənin məqaləsi Salmanın ürəyində sağalmaz bir yara açmışdı. Əgər o, arvadının yazdığını çap olunmamışdan əvvəl, əlyazması şəklində stolun üstündən götürüb oxumasaydı, bəlkə də ürəyi bu qəfil zərbəyə dözməyib partlardı. Onda Salman məqaləni cırıb yandırmaq istəmişdi, ancaq sonra fikrini dəyişib «Lənət sənə kor şeytan!» — demişdi. Həm də özü ondan qabağa düşüb məqaləsini çap etdirdiyinə görə Nadirənin təzədən bu məqaləni dərc etdirəcəyinə, o cavanın da, üstəlik Salmanın özünün də yazdığını heç-puç edəcəyinə o qədər də inanmamışdı.Lakin Nadirə, görünür, heç vaxt öz elmi prinsipiallığından əl çəkmök fikrində olmayacaqdı.
İkinci hissə, on ikinci fəsilŞəhərdə görünməmiş istilər başlanmışdı. Günəş dənizdən baş qaldırıb çıxandan ta uzaqlarda gözdən itənəcən yeri-göyü yandırıb-yaxırdı. Qır döşənmiş yollar, səkilər elə yumşalmışdı ki, yeriyəndə adamın ayağının izi qalırdı. Axşam çağları suçiləyən maşınlar küçələri dolaşıb isladanda yerdən buğ qalxırdı.Damların çardağı altında, navalçalarda, hündür ağaclarda yuva salmış boz sərçələr dalda yerə qonaraq ağızlarını taqətsiz-taqətsiz açıb yumurdular.
İkinci hissə, on səkkizinci fəsilElə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.
İkinci hissə, iyirmi ikinci fəsilVaxta az qalırdı. Bir azdan camaat geniş otağa yığışacaq, müzakirə başlanacaqdı. Gülmirə bərk həyəcan keçirirdi. İndi ona təsəlli, ürək-dirək vermək lazım idi. Orxan isə bayaqdan öz yerində oturub başını yuxarı qaldırmır, heç kəsin üzünə baxmırdı. Onun bu hərəkəti Gülmirəyə lap qəribə görünürdü. Ancaq dünənki yaxınlıq, vədələşmək yadından çıxmadığına görə o, indi nə üçünsə Orxandan utanır, ona yanaşıb bir şey soruşmurdu. Saat bir olanda professor ucadan danışa-danışa şöbəyə gəldi:– Hə, camaatı yığ, Gülalı. Başlayaq.
İkinci hissə, iyirmi üçüncü fəsilŞirin arvad həftədə bir dəfə Orxanın evinə gələrdi. İndi yolunu dəyişib, qəbir üstünə gedirdi. Qabaq bazar günləri gələrdi, indi cümə axşamları. Onda oğlu üçün yemək-içmək, cürbəcür ləzzətli xörəklər bişirib gətirərdi, oğlundan xoş xəbər eşitmək ümidi ilə gələrdi. İndi yeməli heç nə gətirmirdi. Dərdli bir ürək, iki ağlar göz... bir də, bir dəstə gül gətirirdi.Aradan neçə ay keçsə də, ana onun ölümünə inanmaq istəmirdi. İnanmaq istəmirdi bura, bu yaşıl qəbiristanlığa gələnə qədər. Ayağı bura dəyəndə, dəmir hasara alınmış qəbir — o dikəlmiş torpaq ananı inandırırdı.
Üçüncü hissə, üçüncü fəsilNadirə yataq otağında, taxta çarpayıların arasında qoyulmuş bədənnüma güzgüdə özünə baxanda onsuz da qüssəli olan ürəyində həlim, yumşaq bir nisgil baş qaldırdı. Gödək vurulmuş saçlarına daraq çəkəndə gözünə dəyən təkəm-seyrək ağ tüklər qübar olub sinəsini yandırdı. Sınıxdığını, həmişə qızartılı, təravətli olan yanaqlarının solğunlaşdığını, qara, işıqlı gözlərinin yanında qırışlar əmələ gəldiyini elə bil, birinci dəfə görürdü — bunlar yəni əvvəldən belə idi, ya bu axır vaxtlar bu cür olmuşdu? Bu suala indi o, cavab verə bilməzdi. Çünki insan birdən-birə qocalmır, hiss edilmədən qocalır. «Adam birdən-birə qocalsaydı, bu dərdin ağırlığına ürək tab edə bilməzdi», deyə ürəyindən keçirən Nadirə üzündə, gözlərində, ağ pambıq kimi yumşaq buxağında, qədd-qamətində, saçlarında yaşayan cavanlıq nişanələrini görüb ürəyində alışan ümid, təsəlli qığılcımlarının oduna isinən kimi oldu. Amma bu hiss o qədər yüngül və ötəri idi ki, tez keçib getdi. Yox, bunu Nadirə bəlkə də özü tam aydınlığı və dərinliyi ilə hiss eləmirdi, amma, həqiqətən, o, son vaxtlar qocalmışdı, daxilən, mənən qocalmış, daha doğrusu, qocalığın ilk zərbələrini dadmışdı. Son aylar ərzində baş vermiş hadisələr məgər əsər-əlamətsiz keçən, özündən sonra bir iz qoyub getməyən hadisələr idi? Sevimlisi, gözünün ağı-qarası Ceyhun qəzaya düşmüşdü,— şəkilli-şəmayilli oğlanın üzündəki çapıq ox olub Nadirənin gözünə girir, ürəyini deşib keçirdi. Elə bil, ağ, təmiz bir kağızın üstünə ləkə düşmüşdü — silinməz, pozulmaz ləkə. Nadirə canını verərdi, ömrünün illərini verərdi, təki o çapıq, o ləkə silinə biləydi, izi-tozu belə qalmayaydı. Ancaq bu mümkün idimi? Afa — Ceyhunla birlikdə qəzaya uğramış o yeniyetmə, gözəl qız da şikəst olmuşdu, yeriyəndə qıçını çəkirdi. Bu yaxınlarda Nadirə onu atasının yanında qıçını çəkə-çəkə yeridiyini görəndə heç də az əzab çəkməmişdi.Sonra Salmanla aralarında olan elmi ixtilaf, fikir ayrılığı! Kaş, Salman başa düşə biləydi ki, bu fikir ayrılığının onların ailə həyatına heç dəxli yoxdur, o öz ərini sevir, hörmət eləyir, ancaq səhvlərini də göstərməyi unutmur. Burda nə qəbahət iş var? Bəlkə də Salmanın yerinə ayrı bir alim olsaydı, bununla fəxr edər, arvadının tənqidindən, məsləhətlərindən qaralıb darılmazdı. Ya, məsələn, Salman onun, Nadirənin nöqsanlarını üzünə desəydi, mətbuatda tənqid eləsəydi, nə olardı? Nadirənin acığınamı gələrdi? O bu sualla ürəyinin dərinliklərinə baş vurur: «Yox, inciməzdim!» cavabını alıb rahatlanırdı. Amma Salman... Kaş Salman başa düşəydi. Salmanın Sədəfgildən ayaq kəsməsi, Müseyibin çəkilib yad adam kimi bir qıraqda durması da onu az incitmirdi. «Bizi bir-birimizdən ayırıb uzaqlaşdıran nədir, görəsən? Niyə yad olub gedirik?— deyə öz-özünə soruşur, qəti, aydın bir qənaətə gələ bilmirdi.— Şöhrətmi? Var-dövlətmi?» Kitablar yazıb dərin elmi məsələlər qaldıran, çətin, dolaşıq suallara cavab verən Nadirə həyatın bu sadə sualı qarşısında aciz qalmışdı.
Üçüncü hissə, dördüncü fəsilNeçə gün idi ki, Gülmirənin ürəyi gizildəyirdi: bu müddət ərzində bütün olub-keçənlər, tələsik fırlanan lent yazısı kimi gözlərinin önündən keçir, anlar, dəqiqələr ötdükcə son nöqtənin — hər şeyə xitam verən nöqtənin yaxınlaşdığını duyur və dəli olmaq dərəcəsinə gəlir, inləyirdi. Təəssüf ki, onu heç kəs eşitmirdi, hətta divarın o tayında yaşayan Maşa xala da, bir küçə o yanda olan Xatın arvad da onun ürəyindən xəbərsiz idi. Gülmirə həmişə Əqdəmin təyyarəsində uçmuşdu. İndi isə o həmin yüksəklikdən böyük sürətlə başıaşağı gəlirdi. Onu Əqdəm öz yanından, öz təyyarəsinin kabinəsindən itələmiş, rəhmsizcəsinə itələmişdi və nəhayət, onun məhvinə qərar vermişdi. Niyə? O, vəfasız idi! Əqdəmin təmiz, uçduğu göylər kimi saf olan məhəbbətinə özgə nəfəsinin toxunmasına icazə vermişdi. Əqdəmin o böhranlı dəqiqələrdə yazdığı sözlər Gülmirənin qətlinə fərman kimi səslənirdi. «Hər şey bitdi», deyə gecələr səhərəcən yerində çalıxıbçapalayan, fikir-düşüncə əlində əsir-yesir olan Gülmirə bu dəqiqə qələm-kağızdan, elmi işdən elə qorxurdu ki, bir də miz arxasında oturacağını, zəif də olsa, bir şey qaralayacağını ağlına belə gətirə bilmirdi. Yox, daha bəsdi, daha kifayətdi! Özünü də aldatdı, başqalarını da! Hələ Cəfərii halalca kəşfini vicdan ağrısı çəkmədən öz adına çap etdirdiyini yadına saldıqca tükləri ürpəşirdi: «Salman Qurbanzadə, görəsən, niyə belə etdi?»Həmin məşum günün səhəri Gülmirə özünü əzgin hesab etdiyi üçün işə getmədi, katibəyə zəng vurub, xəstə olduğunu xəbər verdi. İndi dördüncü gün idi ki, işə çıxmırdı. Xatın arvad yamanca əl-ayağa düşmüşdü. Qızının ürəyindən, başına gələnlərdən xəbəri olmasa da, özünü oda-közə vurub ona gah dərman verir, gah da dəsmalı isladıb alnına qoyurdu. Təbib çağırmağa qızı icazə vermirdi: «heç bir şey yoxdur,— deyirdi,— yorğunam».
Üçüncü hissə, beşinci fəsilMakinaçılar otağının qapısı açıldı, Gülalı arıq, uzun gövdəsilə makinaçının qarşısında zahir olub dişlərini ağartdı:—Əssəlamün-ələyküm, Elvira xanım — deyə o, sağ çiynini aşağı dartan iri qovluğunu boş stolun üstünə qoyub əllərini övkələdi.— Hə, necəsən?
Üçüncü hissə, altıncı fəsil«15 dekabr 196...-cı il.Güllər, həqiqətən, qəşəng güllərdi. Gözəlliyinə, cazibədarlığına söz ola bilməzdi. Pəncərənin ağzındakı xırda dibçəklərdəki bu güllər küçədən keçənlərin, evimizə gəlib-gedənlərin diqqətini cəlb eləyirdi. Təbiəti az-çox sevən, onun azad və ətirli qoynunda böyümüş hər kəs qeyri-ixtiyari olaraq dibçəklərə yaxın gəlmək, qəddini əyib o güllərin qan daman ləçəklərini qoxulamaq, onların göz oxşayan gözəlliklərindən məst olmaq istəyirdi.
Üçüncü hissə, doqquzuncu fəsilNeçə ay bundan əvvəl Müseyib kişinin Gəncədən üzülüşüb Bakıya gəlməsi Sədəfin sakit, səssiz-küysüz hücrəsində yeni, mənalı bir canlanmaya səbəb olmuşdu. Sükut bu evdə yoxa çıxmışdı. Bunu hamıdan çox Rəhim hiss eləyirdi. O, babasının gəlişiylə sanki canlanmış, gümrahlaşmışdı. Anası ilə danışmağa söz tapmayan, fikrini-zikrini ancaq kitablara verən Rəhimin indi dili açılmışdı. Babası ilə hər barədə söhbətə girişir, daha doğrusu, çoxlu suallar verir, bu və ya digər məsələ haqqında onun fikrini soruşurdu. İlk günlər o fikirləşirdi ki, Müseyib kişi adi bir hambaldı, onunla nə barədə danışmaq olar?! Yanıldığını, mülahizəsinin yanlış olduğunu tezliklə başa düşdü. Müseyib kişi yaşının ötməsinə baxmayaraq, gümrah qalmışdı, sözündə və hərəkətlərində yük altında əyilib düzəlmiş adamdan çox, müdrik adama oxşayırdı. Söhbətləri elə şirin, elə məntiqli olurdu ki, Rəhim bəzən saatlarla qulaq assa da, yoruldum demirdi. Xasiyyətindəki tündlük Rəhimin o qədər xoşuna gəlmirdi. Məsələn, xalasına dediyi sözlər, Rəhimin fikrincə, lazım olduğundan sərt idi. Elə şeylər var ki, onları açıb-ağartmaq, üzə vurmaq lazım deyil. Bir soyuq münasibət sənin bu fikrini dediyin acı və sərt sözlərdən daha yaxşı çatdırmırmı sahibinə? Rəhim belə düşünürdü. Amma Müseyib Rəhim deyildi, o, dünya görmüşdü; o, isti-soyuq dadmışdı. Sərt və ağır günlər yaşamışdı. Bəlkə xasiyyətindəki sərtlik də elə bundandı? Ömrü boyu ürəyindəki dilində olmuşdu. Heç nədən, heç kəsdən qorxmamışdı. Bu dəfə Rəhimlə qabaq-qənşər oturub söhbət eləyəndə Müseyib kişi danışdı:– Mən sözü adamın düz gözünün içinə deməyi xoşlayıram. Kimdən, kimsədən qorxum yoxdur, balası. Stol, vəzifə, bir də arvad-uşaq adamı qorxaq eləyir. Bu üç şeyi düşünən adam qorxaqlıqdan əlavə, bəzən yaltaqlığı da boynuna götürür, sözün düzün demir, həqiqəti ört-basdır eləyir, arada isə sənin-mənim halalca haqqım tapdanır. Qorxur ki, stolu, vəzifəsi əlindən çıxar, arvad-uşağını ürəyi istəyən kimi dolandıra bilməz. Mənim belə adamlarnan salam-əleykümüm olmayıb. Bir də, — o susub əlavə eləmişdi, — mən nədən qorxacam ey! Palanımı alacaqdılar əlimdən? Amma sənə deyim ki, elə adamlar olub ki, mənim palanımı da əlimdən almaq istəyib. Elə bilirsən, özü üçün? Yox sözün düzünü dediyimə görə mənim palanımı alıb çaya, qatarın altına atmaq, mənim bir tikə çörəyimə bais olmaq istəyib. Ancaq mən yenə qorxmamışam. Mənim qorxduğum yeganə şey varsa, o da vicdan əzabıdı, bala. Mən belə qocalmazdım, mən ağır gün, ağır yük altında qocalmazdım, əgər vicdan əzabı olmasaydı.
Üçüncü hissə, onuncu fəsil...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Üçüncü hissə, on beşinci fəsilSalman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə
Birinci hissə, üçüncü fəsilŞəfi, həbsxanadan çıxandan sonra, xeyli müddət özünə gələ bilməsə də, dostlarının ürək-dirək verməsi, Məleykə xanımın fədakar qulluğu sayəsində, nəhayət, dirçəlmişdi, kökəlmişdi. Dişlərini düzəltdirmiş, zarafatla hərdən dediyi kimi, daha adam içinə çıxan olmuşdu. Onu tanıyanlar görürdülər ki, Şəfi zahirən əvvəlki Şəfi idi: ancaq tək o özü bilirdi ki, batində, içərisində nə isə qırılmışdı, onu sındırmışdılar — təkcə dişlərini yox, mənliyini də, şəxsiyyətini də sındırmışdılar. Qəlbində yıxmağa, uçurtmağa, məhv etməyə çalışdığı bu mənfur dünyaya qarşı bəslədiyi nifrət, qəzəb daha da çoxalırdı — yaşamaq, mübarizə aparmaq üçün bu nifrət bütün ömrü boyu bəsi idi. İndi, o, başa düşürdü ki, dünyada təkcə məhəbbətlə yaşamaq mümkün deyil — yaşamaq və qalib gəlmək üçün nifrət etməyi də bacarmaq gərəkdir. Məhəbbət kimi, nifrət də insanı güclü və qüdrətli eləyə bilər. Qəzetini yenə nəşr edirdi. Cəmiyyətdə, həyatda gördüyü qüsurları, yaramazlıqları qorxmadan, çəkinmədən qələmə alır, sözünü deyir, hezbin məramını oxucularına çatdırırdı. Doğrudur, o, indi bu işləri, qabaqlarda olan kimi, birbaşa, açıq-saçıq yazmırdı, düşünüb-daşınıb yeni formalar tapır, böyük mətləbləri az sözlə, kiçik işarələrlə bəyan eləyirdi. Bəbir, Ziyaülhəqq, Elməddin bu işdə onun ən yaxın köməkçiləri, məsləhətçiləri idi. Onlar bütün qüvvələrini qəzetin vaxtlı-vaxtında və sanballı çıxmasına sərf edir, gecə-gündüz işləyir, yoruldum demirdilər. Bəbir gizli iclaslarda, görüşlərində dönə-dönə tapşırırdı ki, son dərəcə ehtiyatlı olmaq lazımdır, nəyin bahasına olursa-olsun, ruznaməni yaşatmaq gərəkdir, çünki hələlik bizim yeganə silahımız odur. Onu itirmək, hər şeyi itirmək deməkdir, kütlələrlə əlaqəni kəsmək deməkdir. Bu isə bizim üçün ölümə bərabərdir.Buna görə də Şəfi bütün imkanlarını, bacarığını ancaq və ancaq qəzetin yaşamasına sərf edirdi və bundan xüsusi bir zövq alırdı. Yorğunluq, yuxusuzluq, işin çoxluğu onu əsla qorxuzmurdu. O, təkcə Elməddindən nigaran idi — çünki son vaxtlar Elməddin gözünə birtəhər görünürdü—fikirli, qayğılı, qanıqara. Evdə Məleykə ilə bu barədə dəfələrlə söhbət olmuşdu. Məleykə qadın həssaslığı ilə Elməddinin qanıqaralığını evlə, ailə ilə bağlamışdı.
Birinci hissə, dördüncü fəsilOğlu ilə barışandan sonra sanki qıvraqlaşıb cavanlaşmış Əziz xan «Pərçəm» qəzetinin darmadağın edildiyi, Rəhgüzərin, Elməddinin həbs olunduğu o ağır günlərdə, həftələrdə, aylarda Bəbirin necə sarsıldığını, canını qoymağa yer tapmadığını, gecəli-gündüzlü ora-bura qaçdığını, yeməyini-içməyini, hətta şirin yuxusunu belə özünə haram etdiyini görüb bir ata kimi çox nigaran olmuşdu. Əvvəllər guşənişin olub oturan, keçmiş illərin xatirələrini qələmə almaqla, günlərini keçirən və bazneşəstə olandan sonra həyatında yaranmış boşluğu bununla doldurmağa çalışan qoca general, son aylarda özü də hiss etmədən məmləkətin siyasi hadisələrinə maraq göstərməyə, şəhərdə çıxan və bir-biri ilə ideya mübarizəsi aparan qəzetləri mütaliə etməyə, asudə vaxtlarında Bəbirlə bnr çox siyasiitcimai məsələlər barəsində fikir mübadiləsi eləməyə başlamışdı. Bu söhbətlərdə məmləkətin ümumi iqtisadi-ictimai həyatının bir çox dumanlı, pərdəli məsələləri qoca generala aydın olmuş və mövcud quruluşu saxlayan möhkəm zəncirin hansı həlqələrinin sürtülüb incəldiyini, qırılmaq üzrə olduğunu anlamışdı. Qoca general bunu da başa düşmüşdü ki, onun gözünün ağı-qarası olan tək balası necə də həssas bir təbib məharəti ilə bu xəstə bədənin dərdini düzgün müəyyən edir, onun kəsilib atılması üçün heç nəyini əsirgəmirdi. Şəhərdə nəşr olunan qəzetləri hər gün böyük diqqətlə oxuyan Əziz xan görürdü ki, «Pərçəm» məsələlərə tam başqa nəzərlə—ayıq və kəskin bir mövqedən yanaşır və camaatı düşündürən nöqtələri işıqlandırmağa çalışır. Məhz buna görə idi ki, «Pərçəm»in tərəfdarları getdikcə artırdı və məhz buna görə idi ki, hökumət, baş nazirin göstərişi ilə, ilk növbədə «Pərçəm»i yaxalamış, onun baş mühərriri Məhəmməd Şəfi Rəhgüzəri və rəssamı Elməddini həbs etmiş, neçə ay davam edən sorğu-sualdan sonra, xalqın tüğyana gəlmiş qəzəbindən çəkinərək, nəhayət, azad eləmişdi. Əziz xan oğlu Bəbirin gücünü, nüfuzunu və onun başçılıq etdiyi təşkilatın qüdrətini ancaq bu zaman layiqincə anlayıb qiymətləndirmişdi. Şəfi və Elməddin həbs olunan günlərdə, Bəbir qolu-qanadı sınmış qartala dönmüşdü elə bil. Fikirli gəzib-dolanmış, üzü gülməmişdi. Rahatlıq nə olduğunu unutmuşdu. Çox vaxt gecələr də evə dönməmiş, vaxtını iclasda, gizli yığıncaqlarda keçirmiş, dara düşmüş yoldaşlarını xilas etmək üçün, azadlıqda qalan həmkarları ilə birlikdə əlindən gələni əsirgəməmişdi. Bu fədakarlıqlarını görəndə Əziz xan həm sevinmişdi, həm də nədənsə qəlbinin dərinliklərində bir gizli qorxu hiss eləmişdi. Ona görə sevinmişdi ki, Bəbirdə öz xasiyyətlərini, ürəyinin bir parçasını görmüşdü — dost, yoldaşcanlı idi Bəbir də onun kimi. Dostunu, yoldaşını darda qoymurdu, onların dadına çatmaq üçün canından belə keçməyə hazır idi. Əziz xanın fikrincə, bu, indiki zamanda böyük kişilik idi, mərdanəlik idi və həmin sifətə malik adamlar hər cür şərəfə, təhsinə layiq idi. Ona görə qorxurdu ki, yuxarıdan üzüaşağıkükrəyib gələn bu siyasi tufan Məhəmməd Şəfi Rəhgüzər kimi şöhrətli, adı-sanı dillərdə gəzən bir şairi qabağına qatıb həbsxana güncünə ata bilmişdisə, Bəbir kimi cavan və hələ sən deyən bərkiyib bişməmiş bir adamı da öz qoynuna alıb daşa-qayaya çırparaq məhv edə bilər: burada zirək olmaq, çeviklik lazımdır ki, ələ keçməyəsən və dostlarını xilas eləmək üçün çarpışa biləsən. Bu qorxu son vaxtlar Əziz xanın qəlbində lap güclənmiş, kişinin rahatlığını pozmuşdu. Oğlu ilə görüşəndə, dərdləşməyə imkan tapanda qoca general tez-tez bu sözləri təkrar etməyi unutmurdu:
Birinci hissə, altıncı fəsilƏhədulla son günlər Elməddinin gözünə fikirli dəyirdi. Kişinin elə bil, rəngi də qaralmışdı, beli də donqarlaşmışdı. Demək olar ki, «salamdan», «əleyküssalamdan» başqa sözünü eşitmirdi. Elməddin özü də pərişan olduğundan, başı öz dərdinə qarışdığından onun əhvalının niyə belə pozulduğunu ətraflı soruşa bilməmişdi. Hərdən ona elə gəlirdi ki, Əhədulla amirinin o təmtəraqlı, firavan həyatının belə asanlıqla və kökündən dağıldığını anlayıb xiffət eləyir, təəssüflənir. Əhvalatı lap elə ilk günlər Əhədullaya qızı danışmışdı. Zərrintac xanımın evə ac-susuz, ancaq kefikök gəlmiş Elməddinin üzünə qapını necə rəhmsizcəsinə açmamasını, onu o şaxtalı-ayazlı havada «çöldə qoymasını» qız, böyük bir müsibət üz vermiş kimi, az qala ağlaya-ağlaya atasına söyləyəndə kişi əvvəlcə qulaqlarına inanmamışdı, Siminbərə «özündən şey toqquşdurma, qız» — deyib üstünə çımxırmaq da istəmişdi. Lakin Siminbər balaca, ailədə indi hamının müqəddəs and yeri olan Vətənyarın canına and içəndə o, Zərrintaca qarşı ürəyində qəribə bir qəzəb duymuşdu. O gözəl, cavan, ipək paltarlar içində itib-batan, brilyant, qızıl-gümüş içində bərq vurub parıldayan Zərrintac xanımın nə qədər rəzil, alçaq nifrətə layiq adam olduğunu ürəyində etiraf eləmişdi. Onun aləmində, Elməddin kimi mələk xislətli təmiz, mehriban bir adamın ürəyinə dəymək, könlünü sındırmaq dunyada ən ağır cinayət idi, günah idi. «Bunu Allah sənə heç vaxt, yüz il dərgahında qolubağlı, dizin-dizin sürünə-sürünə ibadət eləsən də bağışlamaz!» — deyə düşünmüşdü. Həqiqətən bu pis xəbərlər Əhədullanın kefinə soğan doğramışdı, qanını möhkəm qaraltmışdı, Ancaq kişi baxıb görmüşdü ki, Siminbər ondan da yaman hala düşüb. «Mən burda daha qalmaq istəmirəm, qibləgahım, — deyib dururdu. — Apar məni evimizə, apar, qibləgahım!» —deyib yalvarırdı.– Yox, hələ qal, qızım! Qayıdıb gələrsən, bundan sarı xiffət eləmə. Ər-arvaddırlar, savaşıblar, yəqin barışarlar da. Yaxşı deyil, hər necə olsa, ağamız Nəcməddinin qızıdı,— deyirdi Əhədulla ona.
Birinci hissə, yeddinci fəsilMəhəmməd Şəfi Rəhgüzar Elməddinin Zərrintacdan ayrıldıqdan sonra, onlarda yaşadığı günlərdə oğlanın sarsıldığını, ümidsizləşdiyini görüb onu təzədən, kim bilir neçənci dəfə danlamış, təsəlli vermişdi. Əhədulla isə Siminbər haqda söhbət etdiyi gün axşam Şəfi yenə Elməddini danlamışdı:– Darıxma, qardaş, Bu, həyatdır. Onun tərəqqisi də var, tənəzzülü də. Bəzən o, sənin başına gül-çiçək çələngi qoyur, bəzən ayaqlar altına salıb tapdalayır, qədir-qiymətsiz edir. İnsan gərək dözümlü olsun, iradəli olsun, nazik çubuq kimi tez .sınmasın. Amma görürəm ki, sən belə hallarda tez pərt olursan, darıxırsan; eybi yoxdur, hələ cavansan, nə görübsən ki, sən həyatda?... ...
Birinci hissə, doqquzuncu fəsil– Ustad, anam yuxuma girib, qəryəmiz yuxuma girib. Görürəm arvad gileyli-gileyli deyir ki, əcəb etibarsız oğul imişsən, bala. Elə biryolluq getdin, gör neçə ildi gedibsən, bircə kərə də dəyməyibsən ki, anamı tək, dörd divar arasında qoyub gəlmişəm, baş çəkim görüm ölüb, qalıb? Getmək istəyirəm, ustad. İstəyirəm gedəm anamın qəbrini ziyarət eləyəm, o doğma yerləri görəm. Baba demişkən, burnumun ucu göynəyir, ürəyim titrəyir, ustad, o yerlərdən sarı. — Elməddin bu sözləri böyük həyəcanla söylədi, elə həyəcanla ki, daha Məhəmməd Şəfi etiraz eləyə bilmədi və ürəyindən keçirdi ki, Elməddini indi danışdıran hisslər müqəddəs hisslərdi, onların qarşısında durmaq, susdurmaq, öldürmək özü günahdı. Nə qədər ki insan ürəyi belə döyünür, anaya, doğulduğu, boya-başa çatdığı, pərvazlanıb uçduğu torpağa qarşı ilıq, isti məhəbbət duyğuları ilə çırpınır, demək, o ürək sahibi əsl insani keyfiyyətlərə malikdi, o, həyatın, yaşamağın mənasını anlayır, qədrini bilir. Şəfinin şəxsən tanıdığı bir çox cavanlar vardı ki, onlar belə təmiz, ülvi hisslərdən məhrum idilər: günləri harda xoş keçsəydi, ora vətən idi, hansı ağbirçək qadın üzlərinə mehriban baxsaydı, o, ana idi onlar üçün! Belələri üçün müqəddəs heç nə ola bilməzdi dünyada. Ancaq, nə yaxşı ki, Elməddin belə deyildi. Elməddin indiyənəcən Şəfinin nəzərində ağıllı idi, bacarıqlı idi, dözümlü, təmkinli idi, qabiliyyətli idi. İndi isə başa düşürdü ki, o, üstəlik, nəcib bir insan imiş. Onun nəcibliyini Şəfi çoxdan hiss eləmişdi — o, həbsxanada olarkən ailəsinə pul verməsi ilə (bəlkə bu borc idi? O qədər borclu olduğunu bilə-bilə belə işlərə biganəlik göstərən görmüşdü ki, Şəfi!), adi bir sürücü olan Əhədullaya bəslədiyi ehtiram ilə bu nəcibliyini sübut eləmişdi. Əslində Şəfi düşünmüşdü ki, burda sən deyən elə fövqəladə nəciblik də yoxdur, bu, adi insanın borcudur, vəzifəsidir. Lakin indiki zamanədə—biganəliyin, laqeydliyin, öldürücü «eh, mənə nə dəxli» fəlsəfəsinin hökmran olduğu, insanların çoxunun, böyük əksəriyyətinin bu mərəzə tutulduğu zəmanədə bunlar, bu keyfiyyətlər qeyri-adiləşir, təəccüb, heyrət və çox vaxt sevinc doğururdu.Şəfi razılıq hissilə başını tərpətdi: