Содержание
  1. Azərbaycan dağları. Bilalabad kəndi.
  2. Barmida arvadın daxması.
  3. Daxmanın artırması. Kəllədə təndirxana.
  4. Təndirxana.
  5. Bəzzeyn dağları. Sıldırımlı bir zirvədə Bəzz qalası.
  6. Bəzz qalasının divarları üstündə.
  7. Cavidan qəsri. Zərnisənin otağı. Gecə.
  8. Bəzz qalası. Böyük darvaza. Dik yoxuşlu küçə. Cavidan qəsri.
  9. Darısqal dərə. Hər iki tərəfində sıldırım qayalar.
  10. Bəzz qalası. Cavidanın qəsri.
  11. Araz qırağı. Taxıl zəmiləri.
  12. Bəzz qalası. Cavidan qəsri qarşısında meydan.
  13. Meydan. And mərasimi.
  14. Meydan. El ziyafəti.
  15. Dəclə çayı sahilində Bağdad şəhəri. Abbasi xəlifələrinin “Əbədiyyət” sarayı.
  16. İkinci salon.
  17. Məmunun hərəm dairəsi.
  18. Dəclə çayı sahili. “Sülh” qəsri
  19. Bəzz qalası. Cavidan qəsri. Babəkin qərargahı.
  20. Cavidan qəsrinin zirzəmisi.
  21. Babəkin qərargahı.
  22. Qala darvazası.
  23. Babəkin qərargahı.
  24. Zərnisənin otağı.
  25. Dağ ətəyi. Xilafət ordusunun düşərgəsi.
  26. Dağ yolu. Seyrək duman.
  27. Vizantiya. Qüstəntiniyyə şəhəri. İmperator sarayı.
  28. Bəzz qalasının gecə mənzərəsi.
  29. Bəzz qalası. Cavidan qəsrinin qarşısındakı meydan.
  30. Samirə şəhəri. Afşinin sarayı. Gecə.
  31. Samirə şəhəri. Abbasilərin 8-ci xəlifəsi Mötəsimin sarayı. Gecə.
  32. Gecə. Samirənin uzun küçələri.
  33. Gecə. Afşinin sarayı.
  34. Araz qırağı. Qalın və uca qamışlıq.
  35. Babəkin koması.
  36. Barsisin koması.
  37. Babəkin koması.
  38. Araz qırağı. Kiçik təpəciklər.
  39. Dağ ətəyi. Otlayan at ilxısı.
  40. Dağ yolu. Axşam dumanı.
  41. Dağlar qoynunda Afşinin ordugahı.
  42. Ordugahın uca hasarları.
  43. Afşinin çadırı.
  44. Qaranlıq yer altı lağım.
  45. Bəzz qalası. Cavidan qəsrinin yeraltı qatı. Gecə.
  46. Bəzz qalası.
  47. Vizantiya paytaxtı Qüstəntiniyyə şəhəri.
  48. Afşinin çadırı. Gecə.
  49. Cavidan qəsrinin yuxarı qatı. Cunayın otağı. Gecə.
  50. Cavidan qəsrinin qüllələri.
  51. Uca dağ təpəsi. Afşinin qərargahı.
  52. Bəzz qalası. Böyük darvaza üstündə meydança.
  53. Dağ təpəsi. Afşinin qərargahı.
  54. Bəzz qalası. Darvaza tağı üstündə meydança.
  55. Qaya altı. Lağım ağzı.
  56. Dağ təpəsi. Afşinin qərargahı.
  57. Bəzz qalası. Dərə boyu uzanan dilikli qala divarları.
  58. Dağ təpəsi. Afşinin qərargahı.
  59. Bəzz qalası. Böyük darvaza qarşısında.
  60. Qaya altı. Döyüş meydanı.
  61. Dağ yolu. Tozanaq.
  62. Qaya altı. Döyüş meydanı.
  63. Bəzz qalası. Böyük darvaza qarşısında.
  64. Bəzz qalası, dik yoxuşlu küçə.
  65. Gecə. Meşə yolu.
  66. Bərzənd qalası. Afşinin çadırı qarşısında.
  67. Samirə şəhəri. Uzun küçə – baş xiyaban.
  68. Xəlifə Mötəsimin sarayı.
  69. Xəlifə Mötəsimin sarayı. Böyük salon.
  70. Yeraltı zindan. Gecə.

Страница 4 из 32 · 9%

Bəzz qalasının divarları üstündə.

Yaz idi, dağ yamaclarında qar əriyirdi, axşam səmasında qartallar süzürdü...

Cavidan ilə Babək qala hasarları üstündə dayanmışdılar. Hər ikisi diqqətlə dərənin o biri tayında ucalan güney dağına baxırdı və aşağıdan yuxarıya güney dağına bir dəstə atlı qalxırdı...

Cavidanın qaşları çatıldı:

– O gün də sənə dedim ki, güney dağı tərpənməyə başlayıb... və dünən bir dəstə atlı qalxırdı ora... lənətə gəlmiş Əbu İmran... qışda ayı kimi öz kahasında yatıb pəncərəsini yalayır və elə ki, havalar istiləndi, dönür ac qurda və gecə basqınlarından gözümüz açılmır...

Babək xatırladı: Üzüm bağları arasıyla uzanan yol. Ağ karvansaradan çıxan böyük dəvə karvanı uzaqda üzü şərqə doğru hərəkət edirdi və Babək o karvana yetişmək üçün iti addımlarla yol gedirdi. Qırmızı dağın dirsəyi arxasından yola bir dəstə atlı çıxdı və atlıların önündə gələn bir süvari atının cilovunu çəkdi, dedi:

– Toxta ey Babək, sənə sözüm var. İndi ki, səfərin çox uzaqdır, lazımdır ki, son dəfə danışaq!

Babək ayaq saxladı, qarşısındakı atlını tanımışdı.

Vaxt dardır, ey Əbu İmran, tələsirəm ki, özümü karvana yetirim və yubanmağa ixtiyarım yoxdur.

Əbu-İmran yanındakı atlılardan birinə tərəf döndü:

– Düş atdan! Və gözləyin məni burda. Ey Babək, min, karvana sarı atı sürüb danışarıq...

Babək istər-istəməz atlandı və hər ikisi bir müddət yanaşı at sürüb dinmədilər. Nəhayət Əbu İmran dedi:

– Yadındadırmı Cürzan yolu? O vaxt mən də ibn Rəvvadlara qulluq edirdim və hər dəfə ibn Rəvvad məni karvanbaşı təyin edərdi, karvanlarına... və o axşam ki, dağ quldurları karvan üstünə hücum etdilər, çox adam qaçdı, yanımda tək sən qaldın və o zaman məni ölümdən sən xilas elədin...

Babək. Mən qaçsaydım, sən məhv olardın, sən qaçsaydın – mən.

– Elədir, qaçmadıq və karvan da salamat qaldı. Amma mükafatımız nə oldu? İbn Rəvvad sənin muzdunu bir dirhəm artırdımı?

Babək. Uman yerdən küsərlər.

– Haqlısan və kifayətdir ki, 9 yaşından gah ibn Mingələrə, gah ibn Rəvvadlara qulluq edirsən. Düzdür, bu gün Azərbaycanın tən yarısı ibn Rəvvadlara muzdurluq edir, amma sənin kimi nöcavan gərək öz baxtını şir ağzından qopartsın! İndi mən Mimed mahalında güney dağında oturmuşam və Ərdəbilə gedən hər karvandan insaf dairəsində bac alıram.

Bir dəfə sənə işmarış göndərdim, – gəlmədin. Amma bil ki, bu gün mənim igidlərimə qoşulsan, sabah yoxsulluğun daşın atarsan və altındakı bu dəli boz elə indidən sənindir...

Babək. Ey Əbu İmran, mənim yolum ayrı, sənin yolun ayrıdır. Və heç vaxt qılıncla çörək qazanmağı qəbul etmərəm.

– Qocalanda zahid olarsan və yaxud hindli birəhmənlərdən dərs alarsan.

Babək. Hindli zahidlər nə deyir, bilmirəm, amma mənim öz imanım, öz etiqadım var.

– Əgər öz etiqadına sadiqsənsə, – dağlara gəl! Çünki bu namərd şəhərlərdə dəyanət yoxdur, amma mərd dağlarımız hələ də İslam dininə boyun əymir.

Babək. Bəlkə qaçıb dağlarda azadlıq tapardım. Amma bundan daha böyük arzum odur ki, dağlar təbil vurub bizi vuruşmağa çağırsın.

– Qiyam? Yenə Azərbaycanda xürrəmilər, Həmədanda batinilər qırılsın? Yox! Hökumətin əli dağ başında mənə çatmırsa – bəsimdir. Və o şey ki, üç dəfə baş tutmamışdır – unutmalısan?

Babək. O şey ki, üç dəfə baş tutmadı, dördüncü dəfə başlamaq lazımdır. Dördüncü dəfə baş tutmadı, beşinci dəfə... ta qiyamətə qədər...

– Cavanlıqda mənim də başım bir çanaq qandı və hər gecə xəyalımda yeddi iqlim bir-bir qarşımda diz çökərdi... amma indi mənim bir düşmənim var, – o da qonşu dağdır. Və nə qədər ki, Cavidan o dağdadır – bu gen dünya mənə dardır.

Babək. Məgər xürrəmilikdə Cavidan da sənə qardaş deyildimi?

– Qardaş yaxşı olsaydı, Allah özü üçün yaradardı. Və onu da bil ki, hər gün mənim igidlərimin sayı artır və sən indidən imranilərə qoşulsan, vaxt gələr, özün bir dağ sahibi olarsan... Yetişdik karvana, nə deyirsən?

Babək aşırıldı atdan yerə düşdü:

– Bir qoca vardı, deyərdi ki, lənət olsun o kiçik balıqlara ki, didirlər böyük balığın qarnında bir-birini...

Və Babək döndü, karvana doğru getdi. Arxadan Əbu İmranın səsi gəldi:

– Fikrin xətərnakdır ey Babək, istərdim ki, başın çiynin üstündə salamat qalsın, amma bu gün ki, mənə dal çevirdin, istəməzdim ki, sabah tale bizi üz-üzə gətirsin.

...Xatirələrindən ayılan Babəkin üzü sərt bir ifadə aldı və o Cavidana müraciətlə:

– Ustad, – dedi, – əgər izin versəydin, mən gedərdim o adamın yanına.

– Dəli olmusan! Üç ildir bir igidim orda əsirdir, o da elçi getmişdi güney dağına, amma Əbu İmran qoluna zəncir vurub quyuya atdı... Və hələ də igidimi namərd əlindən xilas edə bilməmişəm.

Birdən hardansa, aşağıdan, dərədəki kol topları arxasından atılan bir ox vıyıltı ilə Cavidanın ayaqları altında, qala divarlarına sancıldı...

Cavidan aşağı əyildi, dartıb onu divardan çıxartdı. Oxa kağız bağlanmışdı, Cavidan oxu Babəkə uzadaraq, oxdan açdığı məktubu oxudu:

“Mən də divan gözündə asiyəm, sən də. Amma mən kahada yaşayıram, sən qəsrdə. Ya təqsim, ya ölüm! “

Babək: – Əbu İmran? – deyə soruşdu.

Cavidan: – Əbu İmran! – dedi.

– Təqsim nə deməkdir?

– Təklif edir ki, Bəzz qalası iki yerə bölünsün. Yarısı mənə qalsın, yarısına da o hökm eləsin... Burda qala altında həmişə onun casusları və bələdçiləri olur – qala divarları üstünə qalxanda ehtiyatlı ol!..

Babək. Lənətə gəlsin Əbu İmranlar! On ildir yollardayam, hər yerdə nifaq, hər yerdə ikitirəlik gördüm. Xırdaca kəndlər gördüm ki, yuxarı başı aşağı başı ilə vuruşurdu... Böyük şəhərlər gördüm ki, aşağı məhəllə yuxarı məhəllə ilə döyüşürdü... Və hər yerdə böyük balığın udduğu kiçik balıqlar naqqa balığın qarnında bir-birini didirdi... Ustad! Bizi yalnız böyük üsyan birləşdirə bilər, bizi yalnız böyük üsyan xilas edə bilər. Elə bir üsyan ki, aşağı yuxarının üstünə qalxsın və bu dəhşətli yoxsulluq o dəhşətli zənginliyin üstünə qılınc çəksin! Taki o böyük yanğın içində içimiz də təmizlənib pak olsun!..

Və Babək əlindəki oxu qanırıb ikiqat böldü.

Cavidan bir an heyran baxışlarla Babəkə baxdı, gözləri yandı, sonra gözləri kölgələndi, köksünü ötürdü:

– Ey Babək, səni mən bura gətirmişdim ki...

Babək. Başım salamat qalsın?

Cavidan. Ey səbr daşı, çatdadı ürəyimin başı... Və çatdısa da, dözməlisən. Çünki az olan biz həmişə çox qırılmışıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə

Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*

5 ч 15 мин
Bakı gecələri

Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.

1 ч 10 мин
Ayrıldılar

Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

39 мин
Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 мин

Стихи других поэтов